Azərbaycan
xalqının tarixini vərəqlədikcə örnək hadisələrlə qarşılaşırsan. Onlardan biri də
hər xalqa mənsub olmayan xeyriyyəçilikdir. Belə xeyriyyəçilik ənənəsinə sadiq qalan,
xalqımızın XX əsr ictimai-siyasi və mədəni həyatında silinməz izləri görünən, ömrünün
sonunadək təmənnasız xidmət göstərən, millətin inkişafı yolunda var-dövlətini əsirgəməyən
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, müstəmləkə altında yaşayan, hər
cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin sabahı
üçün dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı.
Yaxşı bilirdi
ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, düşdüyü zülmət və zillət quyusundan
qurtuluşu üçün mədəniyyət, mətbuat, təhsil lazımdır. Beləliklə, həmin işıq H.Z.Tağıyevin
Bakıda min bir əzab-əziyyətlə açdırdığı müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən
şəfəq saçdı. Hələ o zaman kimsə deyə bilməzdi ki, bu bina həm də yaxın gələcəkdə
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarlarından birinə çevriləcək.
Hacının İmperator III Aleksandra məktubu
Bakıda qızlar
məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan
icazə istəsə də, cavab müsbət olmur. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna
cəhd edir: 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını
təmsil edən Hacı Zeynalabdin Tağıyev bu dəfə fürsəti əldən vermir. O, çarın xanımı
Aleksandra Fyodorovnaya çox bahalı bir hədiyyə bağışlayır. Eyni zamanda Bakıda onun
adına qızlar məktəbinin açılmasını xahiş edir. Hacı nə etdiyini gözəl bilirdi. Bunun
üçün özgə bir yol görünmürdü. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq
alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına
diqqət yetirdi. Qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün o, Məkkə, Mədinə,
Kərbəla, Xorasan, Təbriz, Tehran kimi dini mərkəzlərə, qardaş Türkiyəyə (İstanbula)
nümayəndələr göndərdi. Onlar həmin şəhərlərin rəsmi din xadimlərindən aşağıdakı
məzmunda imzalanmış və möhürlənmiş sənəd gətirdilər: "Qurani-Kərimdə qız uşaqlarının
təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil
ala bilərlər”.
1897-ci ildən
Hacı bu istiqamətdə fəallığını artırsa da, Rusiya imperator idarələrinin süründürməçiliyi
ilə məsələnin həlli süni surətdə yubadılırdı. Hətta icazəyə - məktəbin binasının
yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olundu. Müsəlman qızlar
məktəbi üçün bina Bakıda "İsmailiyyə” binasının yanında (indiki İstiqlaliyyət küçəsi)
tikildi.
Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanımın məktəb
binasının tikintisinə dəstəyi
Hacı bu işi
memar İ.V.Qoslavskiyə həvalə edir. Məktəbin tikilib başa gəlməsinə 200 min rubla
yaxın vəsait xərclənir. Binanın ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak
edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü daha çox bəyənir
və Hacıya yardımçı olur.
Nəhayət, tarixi
gün gəlir: 1901-ci ilin bir payız səhərində bütün Bakı əhalisi məktəbin açılışına
toplaşır. "Kaspi” qəzeti həmin hadisəni belə təsvir edir: "Nikolayevski küçəsindəki
gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat
12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi
barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi
bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik
teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı.
Orada deyilirdi: "Çox yaşa, Hacı!”
Tariximizin
və cümhuriyyətin yadigarlarından sayılan Qızlar məktəbi müsəlman ənənələrini Avropa
modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını
qoydu. Maarifçilik tariximizdə, Azərbaycan qadınının təhsil almasında Tağıyevin
Qızlar gimnaziyasının böyük rolu danılmazdır. Bu məktəbi bitirən onlarla azərbaycanlı
qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edib. Məhz bu məktəbin yetirmələrindən
olan Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə,
Məryəm Qembitskaya, Qadın Xeyriyyə Cəmiyyətini yaradan Liza Muxtarova, həmçinin
Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova və onlarla başqaları cümhuriyyətin
fəallarından oldular.
Zaman-zaman
cəhalət qaranlığında istedadları boğulan nə qədər Azərbaycan qızı məhz həmin məktəbdə
təhsil alıb, inkişaf edib, cəmiyyətin fəal üzvlərinə çevrilib. Bir sözlə, həmin
məktəbin Azərbaycan cəmiyyəti üçün faydasını heç nə ilə müqayisə etmək mümkün deyil.
Məktəbin açılması prosesi belə olub: Bakı quberniyası və Dağıstan vilayəti Xalq
məktəblərinin müdiri A.S.Txoryevski H.Z.Tağıyevə 22 mart 1896-cı il tarixində məktub
yazaraq xahiş edir ki, məktəb açmaqla bağlı mərkəzə müraciət etsin. Həmin məktubdan
sonra H.Z.Tağıyev 24 aprel 1896-cı il tarixində Qafqaz Tədris Dairəsinin hamisi
K.P.Yanovskiyə məktub yazaraq niyyətini bildirir. Hacının məktubuna bir gün sonra
Qafqaz Tədris Dairəsinin müfəttişi M.K.Zavadskinin cavabı gəlir.
Məktub yetişdi və bəhanələr ötüşdü
Bakı quberniyası
və Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A.S.Txoryevskinin Hacı Zeynalabdin
Tağıyevə ünvanladığı məktubunda deyilir: "Zati-aliləri cənab Qafqaz Tədris Dairəsinin
hamisi mənə təklif etdi ki, xalq təhsilinə biganə qalmayan şəxslərdən imperator
həzrətlərinin müqəddəs tacqoyma mərasimi ilə əlaqədar pul və ya torpaq ianələri
şəklində yeni məktəblər yaratmağı, yaxud da mövcud məktəbləri genişləndirməyi xahiş
edim.
Bunu nəzərə
alaraq böyük xeyriyyəçiliyi və xalq təhsilinin yayılmasında təəssübkeşliyi hamıya
məlum olan bir şəxs kimi Sizə aşağıdakı xahişdə müraciət edirəm: 1) bütün Rusiya
üçün qarşıdan gələn sevincli hadisənin şərəfinə Bakıda müsəlman qızlar üçun məktəb
təsis edəsiniz. Həmin məktəb Xalq Maarifi Nazirliyinin bir və ya ikisinifli məktəblərinin
kursuna müvafiq olmalı, bürada müsəlman ailəsinin ehtiyaclarına uyğun əl işi və
evdarlıq tədris olunmalıdır. 2) imperiyada hələlik yeganə olacaq Bakı müsəlman qız
məktəbinin təsisinə razılığınız alındığı təqdirdə o, imperatorun qızı, əlahəzrət
Böyük Knyaginya Olqa Nikolayevnanın şərəfinə "Olqinski” adlandırılsın”.
Daha maraqlı
bir məqam isə Birinci gildiya Bakı taciri Hazı Zeynalabdin Tağıyevin Qafqaz Tədris
Dairəsinin hamisi K.P.Yanovskiyə 24 aprel 1896-cı il tarixində göndərdiyi məktubdur.
Məktubun bəzi incə məqamları var ki, onlar da o zaman Hacının həmin məktəbi açdırmaq
üçün çəkdiyi əziyyət və milli mənafe xatirinə milyonlarından belə keçməsidir. Məktubda
yazılıb: "Əlahəzrət imperatora dərin sədaqət hisslərindən irəli gələrək, mən istəkli
monarxlarını ruhən və cismən sevən əsl rus adamlarının həmişə etdiyi və etməli olduqları
kimi, imperator həzrətlərinin gələcək müqəddəs tacqoyma mərasimini xeyriyyə işi
ilə qeyd edərək, öz vəsaitim hesabına Bakıda rus-müsəlman qız məktəbini yaratmaq
qərarına gəldim. Mən nəzdində lazımi xidmətləri və şəraiti olan məktəb binasının
tikintisinə 25 min rubl və ayrıca olaraq 125 min rubl ianə ayırıram ki, sonuncu
məbləğdən əldə olunan 5 min rublluq faiz məktəbin saxlanılmasını təmin edəcəkdir.
Özümə belə bir ümid verirəm ki, müvafiq rəhbər qurumlar həmin məktəbə imperatriçə
Aleksandra Fyodorovnanın adının verilməsi barədə lazımi qaydada ali icazənizi ala
biləcəklər”.
Bu məktublaşmalar
Şərqdə ilk müsəlman qızlar məktəbinin təməl daşı demək olacaqmış. Digər xeyriyyəçilik
missiyası kimi Hacı bu əvəzsiz xidməti ilə də xalqının elm və təhsil tarixinə adını
şərəflə, qızıl hərflərlə yazdırdı. Qafqaz Tədris Dairəsinin müfəttişi M.K.Zavadskinin
Hacıya ünvanladığı məktubda da bu, özünü göstərir: "Zati-aliləri Hacı Zeynal Abdin!
Sizin 24 aprel tarixli məktubunuza cavab olaraq bildirirəm ki, cənab dairə hamisi
məktubunuzda irəli sürülən fikirləri tam bölüşərək və məktəbin açılması üçün təklif
edilən planın tatar (həmin dövrdə Çar Rusiyası Azərbaycan türklərini tatar adlandırırdı)
qadınlarının təhsili üçün xeyirli olduğunu nəzərə alaraq, məni zati-alinizə bildirməyi
müvəkkil etmişdi ki, hami Sizin tərəfinizdən məktəbin saxlanılmasına 150000 rublun
köçürülməsi haqqında məlumat aldıqdan dərhal sonra xahiş etdiyiniz vəsatəti qaldıracaq.
İşin təxirəsalınmaz
olduğunu və imperator həzrətlərinin müqəddəs tacqoyma gününün yaxınlaşdığını nəzərə
alaraq cavabı tezləşdirməyi xahiş edirəm”.
Bəli, beləliklə,
Hacının vəsaiti və vəsatəti ilə çarizm dövründə fədakarlıqla açdırdığı Qızlar məktəbi
xalqımızın zərif təbəqəsinin qara çadradan xilasına, elm, təhsilə yol açılmasına,
iqtedad və qabiliyyətlərinin üzə çıxarılmasına əsas vəsilə oldu...
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”