Prezident
İlham ƏLİYEV: "Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir
mənbəyi yaratmaqdır”
Xəbər verildiyi
kimi, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda bir sıra işgüzar görüşlər
keçirib. Bu görüşlərdə diqqəti çəkən məqam isə dövlət başçısının dünyanın nəhəng
transmilli şirkət rəhbərləri ilə təmasda olmasıdır.
Təqdirəlayiq
haldır ki, həmin görüşlərin təşəbbüsçüləri elə həmin şirkət rəhbərləridir. Bu fakt
onu göstərir ki, aparılan uğurlu iqtisadi və struktur islahatlar sayəsində Azərbaycan
dünyanın biznes elitası üçün cəlbedici ölkəyə çevrilib.
Həmin görüşlərin
bir özəlliyi də sözügedən şirkətlərin Azərbaycan iqtisadiyyatının infrastruktur
layihələrinə investisiya qoymaq marağının olmasıdır. Həmin maraqlar Bakının işıqlandırılmasından tutmuş dövlət
strukturlarını son texnologiyalarla təchiz edərək elektron hökumətin yaradılması,
eləcə dünyanın gələcək inkişafının təminatçısı olacaq süni intellektin ölkəmizə
də tətbiqi sahələrini əhatə edir. Dövlət başçısı görüşlərində Azərbaycanda mükəmməl
nəqliyyat və digər sahələr üzrə infrastrukturun yaradılması sayəsində ölkəmizin
dünya üçün coğrafiyasından daha böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Həqiqətən,
nəqliyyat infrastrukturu layihələrinin uğurla icra edilməsi nəticəsində bu gün Azərbaycan-Avropa,
eləcə də Avropa-Asiya arasında çatışmayan körpü yaranıb. Belə hal ölkəmizin dünyada
həm də siyasi nüfuzunu artırıb.
Prezident
İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına
verdiyi müsahibəsində ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəfləri açıqlayaraq
demişdir: "Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq
və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin,
əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq
istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana
biləcək şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının
yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını
verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on
il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və
gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə
alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”.
Ölkəmizin
Asiya ilə Avropa arasında körpü rolunun oynamasında Bakı-Tbilisi-Qars dəmiryolunun
istifadəyə verilməsi xüsusi önəm daşıyır. Bu dəmiryolu Şərqdən Qərbə və əks istiqamətə
malların daşınmasını xeyli asanlaşdırıb. Həmin yolun əhəmiyyəti ondan ibarətdir
ki, bu, həm iqtisadi cəhətdən sərfəlidir, həm də vaxt itkisinin qarşısını alır.
Marşrutun qısa olmağı maya dəyərini aşağı salır, yüklər alıcıya vaxtında çatdırılır.
Belə hal həm mal göndərənə, həm də mal qəbul edənə sərfəlidir.
Onu da qeyd
edək ki, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün Orta Asiya ölkələri
ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə Türkmənistan, Əfqanıstan və Tacikistanla
səmərəli əməkdaşlıq edilir. Həmin ölkələrdən Azərbaycan üzərindən Avropaya və əks
istiqamətə mal göndərilir. Hazırda Qırğızıstanla da bu məqsədlə danışıqlar aparılır.
Yaxın gələcəkdə həmin ölkənin də "Şərq-Qərb nəqliyyat dəhlizi”ndən istifadə edəcəyi
şübhəsizdir. Qazaxıstan isə bu sahədə ənənəvi tərəfdaşımızdır.
Məlum olduğu
kimi, Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də nəqliyyat qovşağıdır. Şərqdən
Qərbə gedən marşrutla yanaşı, Şimal-Cənub marşrutunda da ölkəmiz əsas rol oynayır.
Ötən il bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Daha çox
yükün daşınması üçün ölkə daxilindəki dəmiryollarının yenidən qurulması prosesinə
başlanılıb. Yenidənqurma başa çatdıqdan sonra Şimal-Cənub dəhlizindən daha çox yükün
daşınması mümkün olacaq.
Dövlət başçısının
da qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri ölkəmizi bir çox dövlətlərlə sıx bağlayacaq. Bu qarşılıqlı
fayda əsasında əməkdaşlıq ölkəmizin siyasi nüfuzunu daha da qaldıracaq. Dünya praktikasında
son illər cərəyan edən siyasi proseslərə nəzər yetirdikdə görürük ki, dövlətlərarası
münasibətlərdə iqtisadi amillər əsas rol oynayır. Hər bir ölkə hətta mübahisəli
məsələləri belə, danışıqlar yolu ilə həll etməyə çalışır. Bu, bir daha onu göstərir
ki, müasir dünyada iqtisadi maraq siyasi ambisiyadan üstündür.
Rüstəm KAMAL,
"Azərbaycan”