18 Mart 2024 19:43
291
SİYASƏT
A- A+

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub saxlayıb. Xalqımız ən sərt dönəmlərdə belə Novruzun gəlişini özünəməxsus coşqu, sevinc, yüksək əhvali-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu odlar yurdu Azərbaycanda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.

Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi. Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində də bir daha dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə xidmətinizdə uğurlar arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video