13 Dekabr 2022 01:31
1350
SİYASƏT
A- A+
Müasir Azərbaycanın qurucusu

Müasir Azərbaycanın qurucusu

 

Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkəmizi tarixinin ən qüdrətli dövrünə çatdırıb

 

Zaman ötdükcə Ulu Öndər  Heydər Əliyevin yaratdığı irsin, onun ideyalarının dəyərini, bəhrəsini daha yaxından görürük. 
1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən  respublikanın və xalqın inkişafı naminə bütün sahələrdə neqativ hallara son qoyulması, ölkənin iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edərək Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Ulu Öndərin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlanmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verdi.
Bu mənada 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər Azərbaycanın inkişaf və quruculuq salnaməsinin ən  şərəfli səhifələrini təşkil etməklə ölkəmizin gələcək dövlət müstəqilliyinə zəmin formalaşdırdı.
Lakin xalqımız öz tarixi müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətə gələn iqtidar nümayəndələri bu potensialdan səmərəli istifadə etmək əvəzinə Azərbaycanı parçalanmaq təhlükəsi qarşısında qoydular. Onların bir-birilə apardıqları hakimiyyət uğrunda mübarizə hətta ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşını da arxa plana keçirdi. Bunun nəticəsində Ermənistan öz işğalçılıq planlarını gücləndirdi, ərazilərimiz işğala məruz qaldı.
1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. Həmin böhranlı günlərdə xalqımız düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün zəngin dövləti idarəetmə təcrübəsinə malik olan Heydər Əliyevə müraciət etdi. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ötən günlərə nəzər salanda bu reallıqla razılaşmalı olursan ki, Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını,  milli müstəqilliyinin  qorunub saxlanılmasını təmin edən dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev olmuşdur.

 

Azərbaycan o dövrdə ən geridə qalmış sıradan ən qabaqcıl yerlərə çıxmışdır

 

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi uğurlu daxili və xarici siyasət dayanır. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Odur ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olub. Bunun əsas səbəblərindən biri də odur ki, Ulu Öndər Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına nail olub. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan o dövrdə ən geridə qalmış yerdən 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdı. 

 

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

 

Hamıya yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. 
Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Xatırladaq ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı. Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya, Azərbaycan təcavüzkar dövlətdir. Halbuki bizim torpaqlarımız işğal altına düşmüşdü.
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra isə dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də  Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratmaqla yanaşı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması zərurətə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin siyasi-hüquqi sistemində əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi.
Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi önəm kəsb etdi.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan soydaşlarımızı yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, inkişaf etdirmiş, müstəqilliyimizi daimi və dönməz etmişdir. 

 

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

 

100 illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşdığımız Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.
Çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Ən əsası isə iki il bundan öncə Azərbaycan öz tarixi dədə-baba torpaqlarını erməni işğalından azad edib. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Respublikamızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Yəni ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli, çoxtərəfli münasibətlərin ruhuna - mahiyyətinə əsaslanır. Azərbaycanın dinamik inkişafı təmin edilmişdir.  
Görünən budur ki, ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir və Azərbaycan dünya dövlətləri düzənində güclü ölkə hesab edilir. Odur ki, xalqımız Heydər Əliyevi daim yüksək ehtiramla xatırlayır, Ulu  Öndər qəlblərdə yaşayır və yaşayacaqdır.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!