09 İyul 2025 08:55
693
Mədəniyyət
A- A+
“Molla Nəsrəddin”in ürəyinə dəyən güllə...

“Molla Nəsrəddin”in ürəyinə dəyən güllə...


Mətbuatımızın “molla nəsrəddinçilər”i sırasında adı xüsusi yerlərdən birini tutur. “Molla Nəsrəddin” jurnalının fəaliyyətində, apardığı mübarizədə maarifpərvər, şair, yazıçı, jurnalist Əliqulu Qəmküsarın rolu böyükdür. Ancaq bu jurnal onun yazılarının dərc etdirildiyi ilk və yeganə mətbu orqan deyildi. Əliqulu Qəmküsar mətbuat meydanına XX yüzilliyin ilk anadilli mətbu orqanı olan “Şərqi-Rus” qəzeti ilə qədəm qoydu. Bu qəzetin 1904-cü il 28 dekabr tarixli 260-cı sayında şeiri işıq üzü gördü: 

Dinəndə yandı dilim,

Dinməyəndə dil yandı.

Nə dərdi gizlədə bildim,

Nə aşikar eylədim.

Bu şeir gənc Əliqulunun şairlik istedadının mətbuat aləmində ilk təcəssümü oldu.

Jurnalistlik yolu "Şərqi-Rus”la başlasa da, onu Azərbaycan mətbuatında, ədəbiyyatında tanıdan, məşhurlaşdıran “Molla Nəsrəddin” jurnalı oldu...

Əliqulu Nəcəfov 1880-ci il mayın 24-də Naxçıvanda dünyaya gəlib. Ailədə  dörd qardaş, iki bacı idilər. Atası Məşədi Ələkbər Hacınəcəf oğlu əvvəl papaqçılıq edirdi, sonra ticarətlə məşğul olmağa başlamışdı. Ömrünün son illərində o, Culfa gömrükxanasında komisyonçu işlədi. Culfada yaşamaq üçün ev və evin həyət divarının dalında karvansara tikdirdi.

Əliqulunun anası Bilqeyis xanım yazmağı bilməsə də, oxumağı bacarırdı. Mütaliə edir, çoxlu şeirlər bilirdi. Əliqulunun atası Məşədi Ələkbər Nəcəfov "Səba”, əmisi Məmmədhüseyn "Fani”, ana babası Məşədi Əsəd "Məddah” təxəllüsü ilə şeirlər yazırdılar. Belə mühitdə böyüyən Əliqulu da kiçik yaşlarından şeir yazmağa başladı.

Dövrünə uyğun olaraq, təhsil almağa mollaxanada başladı. Ərəb və fars dillərini orada mükəmməl öyrəndi. O vaxtlar şeirlər yazırdı. 1892-ci ildə Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı “Məktəbi tərbiyə” adı ilə məşhur olan məktəbində təhsilini davam etdirdi. Rus dilini həmin məktəbdə öyrəndi...

Əliqulu Qəmküsarın otuz səkkiz illik ömrünün ən yaxşı tərcümanı əsərləridir. Hansı mövzuda qələmə alınmasından asılı olmayaraq müəllifinin həyata baxışını, fikirlərini, düşüncələrini, arzularını ifadə edirdi. Bir də onunla bağlı yazıya köçürülmüş xatirələr var. Cavan yaşda qətlə yetirilən, faciəsi doğmalarının, dostlarının qəlbinə dağ çəkən Əliqulu Qəmküsarı bu günün və gələcəyin oxucularına tanıdır. Sui-qəsdlə həyatına son qoyulan böyük vətənpərvər, istedadlı qələm adamı barədə ən gözəl mənbələrdən biri isə yeganə övladı, Azərbaycanın ilk qadın kino-rejissoru Qəmər Salamzadənin atasının əziz xatirəsinə həsr etdiyi “Kiçik pəncərədən görünən dünya” kitabıdır. Qızı Əliqulu Qəmküsarın ömrünün ilk çağlarından həyata vida etdiyi günədək başına gələnləri qələmə alıb. O, özünün gördüklərinə atası haqqında eşitdiklərini də əlavə edib. Əliqulu Qəmküsarın erməni dilini də mükəmməl bildiyini yazanda Qəmər xanım ata nənəsi Bilqeyis xanımın dediklərinə əsaslanıb. Bildirib ki, Əliqulu İrəvan seminariyasında da oxumuşdu, yəqin ki, erməni dilini orada öyrənibmiş.

Əliqulu Qəmküsarın ömrü keşməkeşlər içində keçdi. Həyat onu ağır sınaqlarla üz-üzə qoydu. Atası Məşədi Ələkbərin xəstələnməsi üzləşdiyi ilk kədər idi. 1896-cı ildə on altı yaşlı Əliqulu təhsilini yarımçıq qoyub atası ilə Təbrizə yollananda ümidli idi. Ancaq Təbriz həkimlərinin müalicəsi də Məşədi Ələkbərin dərdinə çarə olmadı. Dörd aydan sonra dünyadan köçdü. Əliqulu atasını Təbrizdə dəfn edəndən sonra Naxçıvana döndü. Bu, onun həyatında ilk itki idi. Qarşıda isə hələ taleyinin daha sərt imtahanları gözləyirdi...

Uşaqlıqdan zəkalı, iti hafizəyə, dərin müşahidə qabiliyyətinə malik idi. Təbrizdə əhalinin cəhalət, fanatizm, mollaların fırıldaqları səbəbindən acınacaqlı vəziyyətdə yaşaması Əliquluya ağır təsir göstərdi. Təbrizdə gördüklərini şeirlə belə təsvir etdi:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?

Hər gündə münacat olunur məscidimizdə.

Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,

Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

Atasının vəfatından sonra hələ yeniyetmə olduğu üçün Əliqulunu rəsmi olaraq dayısı Kərbəlayı Nəsrulla Şeyxov himayəsinə götürdü. Ailənin böyük uşağı olması onun məsuliyyətini artırırdı, boynuna yaşından böyük yük götürməli oldu. Naxçıvanda yaşayan ailəyə başçılıq edir, bir yandan da dayısının himayəsi altında Culfada gömrükxana işləri ilə məşğul olurdu.

Sonralar satirik şeirlərində, felyetonlarında kəskin tənqid hədəfinə çevirdiyi, ifşa etdiyi cəhalətin ağır zərbəsini o vaxtlar gördü. Hələ könlü ata dərdinin ağrıları ilə yanıb qovrulduğu günlərin birində Culfadan Naxçıvana gedən Əliqulu anasını evdə görmədi. Çox əzazil adam olan böyük qaynının təkidi ilə Bilqeyis xanımı zorla kiçik qaynına ərə vermişdilər. Bilqeyis xanımın nə narazılığını dinləyən, nə də göz yaşlarına əhəmiyyət verən olmuşdu.

Eşitdiyi xəbərdən sarsılan Əliqulu xəstələndi, bədbinliyə qapıldı. Özündən kiçik qardaş-bacılarına Əliqulu baxırdı. Anasını nə özü görmək istəyirdi, nə də bacı-qardaşlarına onunla görüşmələrinə icazə verirdi. Uzun illər sonra Bilqeyis xanım dərdli-dərdli deyirdi: “Məgər o zamanlar qadınla hesablaşardılar?! Bir mal kimi, əşya kimi onunla istədikləri kimi rəftar edirdilər. Əliqulu da hələ kiçik idi. Bu halı dərk edə bilmirdi. Odur ki, məni cəzalandırmaq üçün uşaqları yanıma gəlməyə qoymurdu. Özü də hədsiz-hesabsız əzablar çəkirdi. Mənim də günüm qara olmuşdu”.

Qohumları Əliqulunu xilas etməyin yolunu onu evləndirməkdə gördülər. Naxçıvanda dövlətli olduğu qədər xəsisliyi ilə tanınan Hacı Pirinin qızı Xəndan xanımla onu tanış etdilər. Xasiyyətcə çox mehriban və mərhəmətli olan Xəndan xanım Əliqulunun vəziyyətini öyrəndi. O, bu evliliyə razılıq verdi. Əliqulu ilə Xəndan xanım ailə qurdular. 

Çox keçmədi ki, Əliqulunun böyük əmisi dünyasını dəyişdi. Bir sözü iki edilməyən, hamının çəkindiyi qaynının vəfatından sonra Bilqeyis xanım öz uşaqlarının yanına qayıtdı. Əliqulu Xəndanla Culfaya köçdü...

 1906-cı ilin aprelində Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”  nəşrə başladı. Qısa müddətdə tanınan, məşhurlaşan bu mətbu orqan Azərbaycan xalqının həyatında mühüm bir hadisəyə çevrildi. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in ətrafına istedadlı şair, yazıçı və jurnalistləri topladı. Yeni mətbu orqanın satira və yumor hədəfi bəlli idi. Soydaşlarının tərəqqisində maneəyə çevrilmiş bütün mənfiliklərin yox olması, nöqsanların, problemlərin həllini tapması “Molla Nəsrəddin”in arzusu, amalı idi. Jurnal fəaliyyətə başladığı ilk günlərdən Azərbaycan mətbuatında və ədəbiyyatında böyük bir canlanma yaratdı. Ancaq xalqın geriliyi, nadanlarının, cahillərinin çoxluğu “Molla Nəsrəddin”i müşkülə salırdı, səsini ətalət yuxusundan oyanmaq, öz səfil, acınacaqlı vəziyyətini görmək, ondan qurtularaq inkişaf etməkdə olan xalqların sırasına qoşulmaq istəməyən soydaşlarına çatdırması asan deyildi. “Molla Nəsrəddin”çilər cəhalətlə, mövhumatla, fanatizmlə mübarizəyə atıldılar. Əliqulu Qəmküsar da onların sırasında yer aldı. 

1906-cı ildən “Molla Nəsrəddin”ə yazmağa başlayan Əliqulu getdikcə fəal bir jurnalist kimi tanındı. O, şeirlərində, felyetonlarında dövrünün aktual mövzularını qələmə alırdı. Məişətdə, siyasətdə baş verən hadisələri tənqid süzgəcindən keçirən müəllif zamanın nəbzini tutmağı bacarırdı. Xalqın nurlu sabahlarının qarşısına qara pərdə çəkməyə çalışan ruhanilərin, bəy və mülkədarların doğma xalqına ögey münasibəti, təhsilin, səhiyyənin aşağı səviyyədə olması, qadınların hüquqsuzluğu və digər problemlər Əliqulu Qəmküsarın yazılarında açıq şəkildə tənqid atəşinə tutulurdu. Bu yazılar ona saysız-hesabsız düşmənlər qazandırırdı. Qızı Qəmər Salamzadə atası haqqında xatirələrində yazırdı ki, onun adına cürbəcür sözlər deyir, onu hədələyir, təhqir edirdilər: “Nənəm deyərdi: Naxçıvanda molla qalmamışdı ki, onların anaları, arvadları mənim yanıma gəlib hədələməsinlər ki, oğluna deginən dinə, mollalara sataşmasın, yoxsa bu işin axırı pis qurtarar. Bir dəfə də məhərrəmlikdə mənim yanıma qonşu arvadlar gəlmişdi. Məndən təvəqqe elədilər ki, “Quran” oxuyum. Mən oxuyarkən arvadların bəzisi ağlamağa başladı. Əliqulu içəri girdi. Eynəyinin üstündən bir qədər bizə tamaşa elədi. Sonra ”Quran”ı mənim əlimdən alaraq soruşdu: - Ana, bu oxuduqlarını başa düşürsən? - Yox, bala, başa düşmürəm. Dedi indi ki, başa düşmürsən, qoy sənin oxuduqlarını mən tərcümə eləyim. Burada ağlayası heç bir şey yazılmayıb. Burada ancaq doğruluq, təmizlik haqqında müsəlmanlara bir nəsihət verilir”.

Əliqulu Qəmküsarın mübarizə hədəfində yalnız Arazın bu tayı yox idi. O, Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə də böyük diqqətlə, canıyananlıqla yanaşırdı. Əliqulu və kiçik qardaşı Rzaqulu Səttarxan hərəkatının  fədailərindən idilər. O zaman onlar Culfada, anaları, kiçik qardaşları və bacıları isə Naxçıvanda yaşayırdılar.

Əliqulu, Rzaqulu və dayıları Nəsrulla Şeyxov 1907-1909-cu illərdə baş verən İran inqilabına böyük ümid bəsləyirdilər. Qəmər Salamzadənin yazdığına görə, Əliqulu Səttarxanın ən yaxın köməkçisi Heydər Əmoğlu, inqilabın başçılarından biri olan Səid Səlmasi və başqaları ilə tez-tez görüşür və məktublaşırdı.

Səid Səlmasinin döyüşdə öldürülməsindən sarsılan Əliqulu Qəmküsar hüznünü “Şəhidi hürriyyət” şeirində belə ifadə etdi:

Ah, ey növcavan ki qəlbində

Daima bəslədin havayi-vətən.

Vətən uğrunda, millət eşqində

Laləgün oldu qanlarınla kəfən.

Şeir 1911-ci il yanvarın 11-də “Yeni Füyuzat” jurnalında dərc olundu.

Əliqulu Qəmküsar həm də teatr vurğunu və istedadlı aktyor idi. Uşaqlıq illərindən səhnəyə marağı sonsuz idi. Onun fikirincə: “Əgər məktəb bilik verirsə, teatr da xalqın məişətində olan eybəcərlikləri göstərir, ona yaxşı ilə pisi seçməkdə kömək edir”. Odur ki, bu sənətin inkişafı yolunda sonadək mübarizə apardı.  

1909-cu ildə qardaşı Rzaqulu Nəcəfovla Culfada həvəskar teatr təşkil etdi, özü də aktyor kimi tamaşalarda çıxış etdi. Culfada klub binasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq” faciələri və başqa əsərləri tamaşaya qoydular. Hərdən Naxçıvana və Culfaya Bakıdan qastrola aktyorlar gəlirdilər. O klubda çıxış edirdilər. Bakıdan gələn aktyorların, musiqiçilərin, bəstəkarların düşərgə yerləri Əliqulu Qəmküsarın evi olurdu.

Hazırcavab, baməzə, sözü üzə deyən adam idi. Ünsiyyətcil idi, dost-tanış arasında olmağı sevirdi. Evinə onun və qardaşının dostları tez-tez gəlirdilər. Qəmər xanım yada salır: “Çox vaxt Naxçıvan ziyalılarının hörmətli yazıçımız Məmməd Səid Ordubadinin Culfada açdığı çayxanada görüşləri olardı. Kənardan çayxana kimi görünən bu yer, əslində, Naxçıvan və Culfanın tərəqqipərvər ziyalılarının, necə deyərlər, bir növ qərargahı idi. Burada azadlıq, hürriyyət, istiqlaliyyət sözləri tez-tez eşidilirdi, xalqın mədəniyyəti və müqəddəratı haqqında qızğın söhbətlər gedərdi. Şərqin, Azərbaycanın ölməz şairləri ilə bərabər, Puşkinin alovlu sətirləri də oxunardı. Buranın daimi qonağı olan hər kəs polis tərəfindən şübhə altına alınardı”.

Elə Əliqulu Qəmküsarın Culfada yaşadığı mənzildə də dönə-dönə polislər axtarış aparmışdılar. Bunun bir səbəbi də Cənubi Azərbaycanda gedən inqilabi hərəkatla bağlı idi. Əliqulu, qardaşı Rzaqulu və dayısı Nəsrulla Şeyxov İranda davam edən inqilaba həm maddi, həm də mənəvi kömək göstərirdilər. Anası Bilqeyis xanım Əliqulunun atasının mal-dövlətini əvvəl İran inqilabına, sonralar isə “Molla Nəsrəddin” jurnalına sərf etdiyini söyləyər, deyərmiş ki, iş o yerə gəldi, iki dəfə evin xalı-xalçasını satmalı oldu.

“Molla Nəsrəddin” jurnalında birgə əməkdaşlıq etdiyi yaxın dostu, şair və jurnalist Əli Nəzmi “Xatirələrimdən bir yarpaq” şeirində söylənənləri təsdiq edirdi:

Qəmküsar hürrüyyətpərvər bir zatdı,

Əski hərəkəti buna isbatdı.

Təbriz inqilabında oynatmışdı at,

Ona sərf etmişdi neçə min manat.

Onların İran inqilabına rəğbəti, bu yolda fəaliyyəti çar hökumətinin diqqətindən yayına bilməzdi. Qeyd etdiyimiz kimi, buna görə o günlərdə Culfadakı evi dəfələrlə polis tərəfindən alt-üst edildi. Əliqulu və qardaşı Rzaqulu Cənubi Azərbaycan inqilab mücahidləri ilə əlaqələrinə görə polis idarəsində sorğu-suala çəkildilər. Hətta Rzaqulu bir dəfə həbs edildi.

1911-ci ildə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş “Yahu keçər” şeirində:

Millətinin halı pərişan ola,

Hor bir işi nifrətə şayan ola,

Cahil ola, vəhşi və nadan ola,

Qəm yemə, səbr et, bu da, yahu, keçər.

- yazırdı Əliqulu Qəmküsar. Amma ağır günləri keçmir, nə xalqının tərəqqisini görüb ürəyi dağa dönür, nə də şəxsi həyatında tale üzünə gülürdü. Üstəlik, çox sevdiyi “Molla Nəsrəddin” jurnalının da vəziyyəti ağır idi. 1911-ci ilin axırlarında jurnalın maddi böhran içərisində olduğunu, bağlanmaq həddinə çatdığını öyrəndi. Əlbəttə, “Molla Nəsrəddin”in yenə də yeganə problemi bu deyildi. Təhdidlər və təzyiqlərə hər zaman məruz qalan jurnala senzor hücumları yenidən kəskinləşmişdi. 1912-ci ilin martından Cəlil Məmmədquluzadə jurnalın nəşrini uzun müddətə dayandırmaq məcburiyyətində qaldı. 

Hələ 1911-ci ilin axırlarında Əliqulu Qəmküsar qardaşı Rzaqulunu Tiflisə göndərib köməyini təklif etsə də, Mirzə Cəlil tərəddüd etdi və jurnal bağlandı. Həmin günlərdə Əliqulu Qəmküsarın həyatında faciələr baş verdi. Bir-birinin ardınca iki qızı dünyadan köçdü. Həkimlər həyat yoldaşının da ağır dərdə mübtəla olduğunu söylədilər. Xəndan xanım vərəm xəstəliyinə yoluxmuşdu.

1912-ci idə Culfadan Naxçıvana köçsə də, orda çox qalmadı. Həyat yoldaşı və qızını kurort şəhəri Pyatiqorskiyə apardı. Mirzə Cəlil onu Tiflisə dəvət etmişdi. Əliqulu qabaqcadan planlaşdırdığı kimi, Pyatiqorskidən ailəsi ilə birgə Tiflisə getdi. Mirzə Cəlil onları mehribanlıqla qarşıladı. Və Əliqulu Qəmküsarla “Molla Nəsrəddin” jurnalının yenidən nəşrə başlaması məsələsini müzakirə etdi. "Molla Nəsrəddin"in fəaliyyəti 1913-cü il yanvarın 13-dən sonra bərpa olundu. Əliqulu Qəmküsar redaktor köməkçisi təsdiq edildi. Cəlil Məmmədquluzadənin Davidovski küçəsindəki mənzilində yaşamağa başladılar.

“Molla Nəsrəddin” jurnalının nəşri fədakarlıq tələb edirdi. “Molla Nəsrəddin”çilər bir tərəfdən çar üsuli-idarəsi, bir tərəfdən də tərəqqisinə çalışdığı xalqın cahilləri ilə mübarizə aparırdı. Bəylər, mülkədarlar, mollalar xalqın malını talayaraq səfil gündə yaşamasına səbəb olurdular. Onlar da əsl simalarını açıb göstərdiyinə görə “Molla Nəsrəddin”ə düşmənlik edirdilər. Mübarizədən yorulan, səhhətindən şikayətlənən Mirzə Cəlil Kəhrizliyə həyat yoldaşı Həmidə xanımın yanına gedib bir qədər dincəlmək istəyirdi.

1912-ci ilin oktyabrından köçüb Tiflisdə yaşayan Əliqulu Qəmküsarın həyatının bundan sonrakı illəri bu şəhərlə bağlı oldu. O, "Molla Nəsrəddin" jurnalında böyük ümidlə, yorulmadan çalışırdı. “Molla Nəsrəddin” bir çoxu kimi, ona da böyük şöhrət qazandırdı. Doğrudur,  "Həyat”, "İrşad”, "Yeni füyuzat", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və başqa mətbu orqanlarla əməkdaşlığı da uğurlu oldu. Amma Əliqulu Qəmküsar yaradıcılığında "Molla Nəsrəddin”in  yeri fərqli idi.

O, mətbuatda "Xadimi-millət”, "O taylı”, "Cüvəllağı”, "Cüvəllağı bəy”, “Simurğ”, "Sarsaqqulu bəy”, “Qəmbərqulu”, “Ləndahur”, "Qəmküsar" və başqa imzalarla çıxış edirdi. Ancaq hansı imza ilə yazırsa, yazsın, özünəməxsus üslubu, dəst-xəti müəllifi dərhal tanıdırdı.

“Molla Nəsrəddin” gərgin şəraitdə nəşr olunurdu. Əliqulu Qəmküsar da Tiflisdə daim polis nəzarəti altında çalışır, təqib olunurdu. Qısa müddətdə o, iki dəfə həbs edildi. Birinci dəfə iki həftə saxlanıldı. İkinci dəfə həbs olunanda isə Metex həbsxanasında aylarla qalmalı oldu. 

Həmin vaxtlar bir yandan da ailə qayğıları Əliquluya dinclik vermirdi. Tiflisdə həkimlərin məsləhəti ilə xəstə həyat yoldaşının müalicəsi məşhur Abastuman xəstəxanasında davam edirdi. Arada Naxçıvana gedən Əliqulu orada başqa bir fəlakətlə üzləşmişdi. Moskvada tibb institutunu bitirib həkimlik diplomunu yeni almış, cibində vətənə dönmək üçün bileti olan kiçik qardaşı Məmmədqulu orada çayda boğulmuşdu... 

Bir neçə ay sonra Əliqulunu həbsdən azad etdilər. Çox çəkmədi ki, Xəndan xanım Naxçıvana qayıtdı. Rəngi avazımış, gözləri çuxura düşmüşdü. O, bir daha yataqdan qalxmadı.

Batmanla gələn dərd Əliqulunun əlini işdən soyuda bilmədi. Bütün varlığı ilə “Molla Nəsrəddin” jurnalının işləri ilə məş-ğul olurdu. Əliqulu Qəmküsarın o vaxtkı illəri barədə qızının xatirələri dəyərli mənbədir: “1915-1917-ci illər bizim ailəmiz, yəni atam, nənəm, Rzaqulu əmim, Musa və mən Tiflisdə 19-küçəsində yaşayırdıq. Mirzə Cəlil Tiflisdə deyildi. Bu mənzilin küçəyə tərəf olan otağında redaksiya yerləşirdi. Həyət tərəfdə olan otaqda biz yaşayırdıq. Atamın günləri çox narahat keçirdi. Onu işdən ayırıb gah polis idarəsinə çağırırdılar, gah da senzura məsələsi üçün narahat edirdilər. Polisin əlindən o, çox vaxt günlərlə gizlənməli olurdu”.

Onu dövrdaşları həm də fədakar teatr xadimi kimi tanıyırdılar. Naxçıvanda teatrın yaranmasında, inkişafında böyük xidmətlər göstərdi. Əliqulu Qəmküsar Cəlil Məmmədquluzadənin "Ölülər” əsərinin baş qəhrəmanlarından birinin - Şeyx Nəsrullahın ən yaxşı ifaçılarından oldu. 1916-cı ilin mayında jurnalın nəşri müvəqqəti olaraq dayandırıldı. Əliqulu Qəmküsar Cəlil Məmmədquluzadə ilə "Ölülər" komediyasını Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində nümayiş etdirdilər. Əliqulu Qəmküsarla Naxçıvanda "Ölülər”in tamaşaya qoyulmasında iştirak edən, İsgəndər rolunun ifaçısı, teatrşünas və rejissor Rza Təhmasib sonralar yazırdı: “Şeyx Nəsrullah rolunun mən bir çox ifaçısını görmüşəm. Lakin açıq deməliyəm ki, heç kəs islamiyyəti dərindən bilən, mollaların həyat və psixologiyasına yaxşı bələd olan bu xırda cüssəli adamdan üstün tutula bilməz”. Şeyx Nəsrullah rolunun ifası elə əks-səda yaratdı ki, ruhanilərin fitvası ilə Əliqulu Qəmküsarı küçədə möhkəm döyüb, Bazarçayına atdılar. Amma onun gözünün odunu ala bilmədilər. Sonradan başına gələnləri zarafata salırdı: "Mən elə bilirdim ki, məni döymürlər, başımı tumarlayırlar”.

1917-ci ilin əvvəllərində Rusiyada, Zaqafqaziyada baş verən siyasi hadisələrə dair bir sıra yazılar qələmə alındı. 1919-cu ildə “İngiltərə” şeirində Əliqulu Qəmküsar yazırdı:

Qoymayaq olsun ki, sahib-ixtiyar İngiltərə,

Yoxsa bizlərdən çəkər axir damar İngiltərə.


Əsrlərdəndir bu miliət Asiyada kök salıb,

Hər yeri, hər ölkəni min fend-fel ilə alıb.

Aləmi bərbad edibdir, bircə Gurcüstan qalıb.

İstəyir etsin onu da tar-mar İngiltərə.

Məsləkdaşı, silahdaşı Mirzə Cəlilin həyatının təhlükədə olmasından narahat idi. Ölüm isə qarabaqara onu izləyirdi. Və 1919-cu il martın 14-də kürəyindən vurulan xain güllə Əliqulu Qəmküsarın həyatına son qoydu. Qatili tapılmadı. Qətli barədə fərqli söz-söhbətlər dolaşdı. Həmin vaxt Tiflis şəhərində yaşayan Əziz Şərif "Borba” qəzetində dərc olunan "Qəmküsar” adlı yazısında onun gecə evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəldiyi, qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirildiyi bildirildi: “Gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir və... onu qətlə yetirirlər”.

Ən çox söylənilən Əliqulu Qəmküsarın Gürcüstan menşevikləri tərəfindən güllələnməsi oldu. Bu fikirlə razılaşmayanlar 1919-cu ildə Zaqafqaziyada menşeviklərin mövqeyinin çox güclü olmamasını, həm də onun menşeviklərlə ciddi münaqişəsinin olmadığını əsas gətirdilər. Araşdırıcıları 1917-ci ildə yazdığı "Qarğalar” adlı felyetonunda ölkədəki kadetlər, müsavatçılar, federalistlər və menşeviklərlə bərabər, bolşevikləri də günahkar saydığını nəzərə alaraq, onların hər birinin Əliqulu Qəmküsarın həyatına sui-qəsd edə biləcəyini qeyd etdilər.

Qızı “Kiçik pəncərədən görünən dünya”sında atasının qətlindən də yazdı. O zamanlar Əliqulu Qəmküsarın ailəsi Tiflisdəki Moskovski küçəsində 16 saylı evin ikinci mərtəbəsində yaşayırdı. Əliqulu Qəmküsar gecə evə qayıdarkən qətlə yetirildi. Qızı yazırdı: “İkinci mərtəbədə pilləkənin başında iki qapı var idi. Bu qapılardan biri balaca dəhlizdən sonra qonaq otağına, ikinci qapı isə yenə də dəhliz vasitəsilə atamın kabinetinə açılırdı. Atam açarını öz otağının qapısına salır, bir dəfə burur, cani açarı ikinci dəfə burmağa fürsət vermədən arxadan - kürəyindən onu güllə ilə vurur. Xainin gülləsi atamın ürəyini parçalayır. Amansız ölüm atamın gözlərini əbədi yumur. Atamın cənazəsi Tiflisin ən səfalı yerində, bahar çiçəkləri ilə bəzənmiş “Nəbatat bağı”nın yaxınlığında, vaxtilə özünün arzu etdiyi gözəl bir guşədə bir çox nitqdən sonra, olduqca təntənə ilə dəfn edildi”.

Azərbaycan ədəbiyyatının, mətbuatının, teatrının inkişafında misilsiz xidmətləri olan Əliqulu Qəmküsarın qatili və qətl səbəbi barədə qızının yazdığı daha çox həqiqət kimi görünür: “Kapitalist İngiltərəsinin Qafqazdakı casusları öz fəaliyyəti ilə onları narahat edən bu adamı aradan götürnək fikrinə düşürlər və bu işin daşnakların əli ilə edilməsini daha əlverişli hesab edirlər”.

Görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev isə təəssüf hissini belə ifadə etdi: "Əliqulu Nəcəfzadəyə atılan güllə "Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm”.

Cəlil Məmmədquluzadə məsləkdaşının ölümünün beşilliyinə həsr etdiyi “Əliqulu Nəcəfov” adlı məqaləsində kədərlə yazırdı: “Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəmizi öz köməyindən məhrum qoydu”. O, dostunun unudulmayacağına əmin idi: "Nə qədər ki məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın - Cüvəllağı bəyin adı həmişə zindəbad alqışları ilə zikr olunacaqdır”.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!