26 Sentyabr 2026 08:10
202
SİYASƏT
A- A+
Anım Günü - Zəfər tariximizin yaddaşı

Anım Günü - Zəfər tariximizin yaddaşı


Azərbaycan tarixinin müxtəlif mərhələlərində ağır sınaqlarla üzləşmiş, torpaqlarına göz dikən yadelli qüvvələrə qarşı mübarizə aparmış və bütün bu çətinliklərdən şərəflə çıxmağı bacarmışdır.

Müasir Azərbaycan tarixinin ən mürəkkəb və faciəli səhifələrindən biri, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları zəminində yaranan Qarabağ münaqişəsi olmuşdur. Müxtəlif xarici qüvvələrin dəstəyinə arxalanan Ermənistan təkcə Qarabağ bölgəsini deyil, onun ətrafındakı rayonları da işğal etmiş, nəticədə Azərbaycan ərazisinin 20 faizindən çoxu nəzarətdən çıxmışdır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.

Uzun illər davam edən danışıqların nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin olunmaması, işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlərin həyata keçirilməsi dövlətimizi öz ərazi bütövlüyünü bərpa etmək üçün qətiyyətli addımlar atmağa sövq etdi. 2020-ci il sentyabrın 27-də ermənilərin təxribatına cavab olaraq cəbhə xətti boyunca genişmiqyaslı hərbi əməliyyat başladıldı. Bu, 44 günlük Vətən müharibəsi kimi tarixə düşdü. Azərbaycan Ordusunun şücaəti, xalqımızın həmrəyliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi.

Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, qazilərimizin fədakarlığı və Vətən uğrunda canlarından keçən şəhidlərimizin misilsiz xidmətləri xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, sentyabrın 27-si - Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu əlamətdar gün Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını fəda edən şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin kökləri daha qədim dövrlərə gedib çıxır. Müxtəlif tarixi mərhələlərdə Azərbaycan ərazilərində məskunlaşan ermənilər sonradan ərazi iddiaları irəli sürmüş, yaşayış məntəqələrinin tarixi adlarının dəyişdirilməsi, azərbaycanlı əhalinin sıxışdırılması və müxtəlif bölgələrdə məskunlaşma siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmişlər.

Erməni millətçi dairələrinin fəaliyyəti, xüsusilə Daşnaksütyun partiyasının ideologiyası bu siyasətin formalaşmasında mühüm rol oynamışdır. 1905-1907-ci illərdə, eləcə də 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, çoxsaylı soydaşımız həyatını itirmişdir. 1918-1920-ci illərdə Bakı, Quba, Şamaxı, Qarabağ, Gəncə, Lənkəran, Muğan, Göyçay, Naxçıvan, İrəvan və Zəngəzur kimi ərazilərdə dinc əhali ciddi itkilərlə üzləşmiş, minlərlə azərbaycanlı öz tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.

Erməni millətçi ideologiyasında yer alan və geniş ərazi iddialarını nəzərdə tutan "dənizdən dənizə Ermənistan" konsepsiyası da uzun müddət bölgədə gərginliyin əsas amillərindən biri olmuşdur. 1948-1956-cı illərdə həyata keçirilən deportasiya siyasəti nəticəsində Azərbaycanda yaşayan təxminən 150 min azərbaycanlı öz doğma yurdlarından köçürülərək Kür-Araz ovalığında məskunlaşdırılmışdır. 1987-ci ildən başlayaraq isə yüz minlərlə azərbaycanlının Ermənistan ərazisindəki tarixi yaşayış yerlərindən zorla çıxarılması baş vermişdir. Beləliklə, 1988-ci ildən etibarən baş verən hadisələr daha genişmiqyaslı münaqişənin yaranmasına və çoxsaylı insan itkilərinə gətirib çıxarmışdır.

Azərbaycan ərazilərinin işğal altında olduğu təxminən 30 il ərzində ölkəmiz münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün mümkün siyasi və diplomatik vasitələrdən istifadə etmişdir. Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, münaqişənin danışıqlar yolu ilə həllinə uzun müddət üstünlük vermişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla qəbul edilmiş beynəlxalq sənədlərin icrası təmin edilməmişdir.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da münaqişəni həll etməmişdir. İşğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin, tarixi və dini abidələrin dağıdılması, mədəni irsin məhv edilməsi və digər qanunsuz fəaliyyətlərlə bağlı məsələlər uzun müddət beynəlxalq ictimaiyyətin diqqətində olsa da, işğalın aradan qaldırılması istiqamətində konkret nəticə əldə olunmamışdır.

Azərbaycan xalqına qarşı törədilmiş faciələrə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinə siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi sənəddir.

İşğal dövründə xalqımızın tarixi-mədəni irsi də böyük dağıntılara məruz qalmışdır. Məscidlər, muzeylər, tarixi tikililər və digər mədəni irs nümunələri dağıdılmış və ya ciddi şəkildə zədələnmişdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan araşdırmalar zamanı bu dağıntıların miqyası və mədəni irsə vurulan zərərin genişliyi bir daha üzə çıxmışdır.

Münaqişənin davam etdiyi illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərində baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə birtərəfli və təhrif olunmuş məlumatların çatdırılmasına yönəlmiş təbliğat siyasəti də həyata keçirilmişdir. Buna baxmayaraq, Azərbaycan öz mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etmiş və ölkənin ərazi bütövlüyünün bərpasını əsas məqsəd kimi qarşıya qoymuşdur.

Xalqımız işğal faktını heç vaxt qəbul etməmiş, dövlət və xalq olaraq ərazi bütövlüyünün bərpasına daim sadiq qalmışdır. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycan Ordusunun döyüş qabiliyyətini və ölkəmizin ərazilərini müdafiə etmək əzmini bir daha nümayiş etdirmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hücumları nəticəsində vəziyyət daha da gərginləşmişdir. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri də daxil olmaqla müxtəlif istiqamətlərdə artilleriya atəşinə tutulması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olmuşdur.

Azərbaycan Ordusu qarşı tərəfin hücumlarının qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamışdır. Beləliklə, 27 sentyabrda başlayan hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsinə çevrilmişdir.

Azərbaycan Ordusu 44 gün ərzində mühüm hərbi uğurlar əldə etmiş, bir sıra şəhər, qəsəbə və kəndlər işğaldan azad edilmişdir. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması Vətən müharibəsinin ən mühüm hərbi nəticələrindən biri olmuşdur. Şuşanın azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərmiş və Azərbaycanın üstün mövqeyini daha da möhkəmləndirmişdir.

Vətən müharibəsi nəticəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, minlərlə hərbi qulluqçu yaralanmışdır. Şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan üçtərəfli Bəyanat imzalanmışdır. Həmin sənədə əsasən, Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarılmışdır.

Müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də çoxsaylı yaşayış məntəqələri işğaldan azad edilmişdir. Azərbaycan Ordusu həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilan rayonunda və digər ərazilərdə mühüm strateji yüksəkliklərə nəzarəti təmin etmişdir.

44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyini, milli iradəsini və dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirdi. Ərazi bütövlüyünün bərpası Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın uzun illər ərzində gözlədiyi Zəfərin reallaşması ilə nəticələndi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz üzərinə düşən tarixi missiyanı yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silah və hərbi texnika ilə təmin olunması, mütəmadi hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesinin inkişaf etdirilməsi uzun illər ərzində həyata keçirilən ordu quruculuğu siyasətinin əsas istiqamətlərindən olmuşdur.

2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbiri nəticəsində bölgədə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təslim olması və tərk-silah edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində mühüm mərhələ başa çatmışdır. 23 saat davam edən tədbir nəticəsində qanunsuz silahlı birləşmələr silahı yerə qoymuş, hərbi mövqelərdən çıxmış və ağır texnika ilə silah-sursatın təhvil verilməsi prosesinə başlanılmışdır.

Dövlətimiz tərəfindən Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə hərbi qulluqçular müxtəlif orden və medallarla təltif edilmiş, o cümlədən "Zəfər" və "Qarabağ" ordenləri, "Vətən Müharibəsi Qəhrəmanı" və digər fəxri ad və medallar təsis olunmuşdur.

Müharibə zamanı xəsarət alaraq əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların müasir protezlərlə təmin olunması, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə yaradılmış "YAŞAT" Fondu tərəfindən minlərlə şəhid ailəsinə və müharibə iştirakçısına dəstək göstərilmişdir.

Şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması məqsədilə Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi kimi mühüm layihələr həyata keçirilmişdir. Bu məkanlar xalqımızın keçdiyi ağır tarixi yolu, Vətən müharibəsində əldə edilmiş Zəfəri və şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Xalqımız üçün 27 Sentyabr - Anım Günü yalnız keçmişin ağrı-acılarını xatırlamaq deyil, eyni zamanda Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram göstərmək, onların qəhrəmanlığını yaşatmaq və gələcək nəsillərə ötürmək günüdür. Bu mühüm gün Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin və Vətənə bağlılığının mühüm ifadəsidir.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

Vətən müharibəsinin qalibiyyət formulu: siyasi qətiyyət, güclü ordu və milli həmrəylik

08:40
26 Sentyabr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən “dəyirmi masa”

08:30
26 Sentyabr

Daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin Emniyet Genel Müdiri ilə görüşüb

08:20
26 Sentyabr

Anım Günü - Zəfər tariximizin yaddaşı

08:10
26 Sentyabr

MÖCÜZƏNİN BAŞLANĞICI 

08:00
26 Sentyabr

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

03:03
26 Sentyabr

A.İ.İsmayılova "general-leytenant" ali hərbi rütbəsinin verilməsi haqqında

03:01
26 Sentyabr

Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

03:00
26 Sentyabr

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

02:59
26 Sentyabr

“Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:59
26 Sentyabr

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:58
26 Sentyabr

Ceyhun Bayramov kambocalı həmkarı ilə ikitərəfli və regional əməkdaşlığı nəzərdən keçirib

23:43
25 Sentyabr

Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

23:25
25 Sentyabr

Kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu nəzərdən keçirilib

23:18
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb 

23:10
25 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan Şimal-Cənub dialoqunun təşviqinə sadiqdir

23:00
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!