Böyük qayıdış təkcə Qarabağ və Şərqi Zəngəzura yox, xalqın özünə qayıdışıdır
Qarabağ və Şərqi Zəngəzurun bərpası xalqımız və ölkəmiz üçün sadəcə 30 il işğalda qalmış ərazilərimizin dirçəlişi deyil, həm də qürur, ruh və nəhayət, nəyə qadir olduğumuzu göstərən prinsip məsələsidir - bu torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya nümayiş etdirən prinsip məsələsi...
Bu gün Qarabağ və Şərqi Zəngəzurda sıfırdan ən müasir infrastruktur yaradılır - yeni yollar, hava limanları, elektrik stansiyaları, şəhərlər, kəndlər tikilir, sənaye zonaları yaradılır, iş yerləri açılır. İndiyə kimi 215 min hektar ərazi minalardan təmizlənib. 2026-cı ilin sonunadək isə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bu, əkinçilik fəaliyyətinin bərpası və əhalinin məşğulluğunun artırılması baxımından çox vacibdir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi də durmadan davam edir. Ötən 4 ildən çox bir müddətdə 14 yaşayış məntəqəsi bərpa olunub. 30 il ərzində daşı daş üstə qalmayan, uçurulub dağıdılan, yerlə yeksan olunan şəhərlər yenidən tikilir.
Təbii ki, bütün bu tikinti-quruculuq işləri Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərə gedir, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, uşaq bağçası, digər mühüm obyektlərin təməlqoyma mərasimlərində, açılışlarında iştirak edir. Bu mənada bir neçə gün əvvəl - mayın 10-da dövlət başçısının Ağdama səfəri regionda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı çox mühüm bir hadisə olmaqla yanaşı, Böyük qayıdış prosesinin sürətlə davam etdiyini göstərən növbəti tarixi hadisə idi. Bunu dövlət başçısı Ağdamın Sarıcalı kəndindən sonra bərpa edilən ikinci yaşayış məskəni Kəngərliyə köç etmiş sakinlərlə görüşündə belə səciyyələndirdi: "Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb".
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri üçün 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Büdcə zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Həmçinin 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılıb.
Bu faktlar ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən 30 minə yaxın insan yaşayır.
Dövlət başçısının səfər çərçivəsində Ağdam Muğam Mərkəzinin açılışında dediyi kimi, bu gün Qarabağ sürətlə dirçəlir, bərpa edilir: "İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox halda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür".
Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkən hadisəyə çevrilib. Çünki bu, hər hansı ərazinin sadəcə bərpası deyil, həm də ölkəmizin iqtisadi gücünün nümayişidir. Demək olar ki, hər həftə, hər ay, hər gün yeni binanın, infrastrukturun tikintisinin başa çatması sadəcə fakt deyil, xalqın, dövlətin nəyə qadir olduğunun göstəricisidir.
Prezident İlham Əliyev səfər zamanı Ağdam Dəmir Yolu Vağzalının və Avtovağzal Kompleksinin açılışını da etdi. Hazırda Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlanılıb, eləcə də qarşıdakı iki il ərzində Xankəndi şəhərində avtovağzal kompleksinin tukintisinin başa çatacağı gözlənilir. Bu avtovağzal Xankəndi və Şuşa arasındakı məsafənin daha da qısaldılmasında mühüm rol oynayacaq: "O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".
Vətənimizin bir parçası olan Qarabağ və Şərqi Zəngəzur 30 ilin işğal izlərini daşıyan, amma yeni doğulan yurd yerimizdir. Bu yerlərin hər daşı, hər ağacı bir zamanlar itirilən ümidlərin bələdçisidir. İndi o torpaqlar təkcə bərpa olunmur, həmçinin ruhən yenidən doğulur. Böyük qayıdış yalnız Qarabağ və Şərqi Zəngəzura deyil, bütöv bir xalqın özünə, inamına qayıdışıdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası xalqın ümidlərinin və arzularının bərpasıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"