Ötən il avqustun 8-i Azərbaycan–Ermənistan münasibətlərində və Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtəsi olub. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Birgə Bəyannamə imzalaması, xarici işlər nazirlərinin Sülh sazişinin razılaşdırılmış mətnini paraflaması regionda yeni siyasi mərhələnin əsasını qoyub. Rusiya–Ukrayna müharibəsi, Qəzzada humanitar problemlər və ABŞ–İran münasibətlərində gərginlik fonunda Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında münasibətlər tədricən sərhədlərin müəyyənləşdirilməsi, tranzit, ticarət və regional kommunikasiyalar müstəvisinə keçir.
Bunu AZƏRTAC-a açıqlamasında hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev deyib. Onun sözlərinə görə, Vaşinqton prosesinin əsas fərqi münaqişənin dayandırılması ilə məhdudlaşmaması, yerində yeni siyasi və iqtisadi münasibətlər sisteminin formalaşdırılmasını nəzərdə tutmasıdır. Prosesin təməli 2020-ci il Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müəyyən etdiyi postmünaqişə strategiyası ilə qoyulub. Bu strategiyanı üç mərhələdə ifadə etmək olar: ərazi bütövlüyü və suverenliyin təmin edilməsi, yeni regional reallığın beynəlxalq səviyyədə qəbul etdirilməsi və həmin reallığın davamlı sülh və iqtisadi əməkdaşlıq sisteminə çevrilməsi.
“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər bu strategiyanın diplomatik nəticələr mərhələsinə keçməsini göstərdi. Azərbaycan və Ermənistan sülh sazişinin mətnini parafladı, ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət etdi və regional kommunikasiyaların açılması istiqamətində siyasi çərçivə müəyyənləşdirdi. Noyabrın sonunda bağlanma prosesinin tamamlanması ilə təxminən üç onillik ərzində nəticə verməmiş beynəlxalq mexanizm tarixə çevrildi. Sonrakı mərhələdə sülh prosesi iqtisadi məzmun qazanmağa başladı. 2026-cı ilin fevralında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Əbu-Dabi görüşündən sonra Azərbaycan neft məhsullarının Ermənistana ixracı, yüklərin tranziti və ikitərəfli ticarətin başlanması müsbət qiymətləndirildi. Sərhədlərin delimitasiyası da paralel şəkildə davam edir. Beləliklə, dayanıqlı sülh tərəflər arasında qarşılıqlı iqtisadi maraqların formalaşması ilə möhkəmlənir”, - deyə P.Mehdiyev əlavə edib.
Hüquqşünas qeyd edib ki, digər strateji istiqamət kommunikasiyaların açılması və TRIPP layihəsidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını təmin etməklə yanaşı, Orta Dəhlizin mühüm elementlərindən birinə çevrilə bilər. Vaşinqton modelinin işləməsinin əsas səbəbi onun formalaşmış siyasi reallıq üzərində qurulmasıdır. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması münasibətlərin hüquqi bazasına çevrilir, tranzit, enerji, ticarət və nəqliyyat əlaqələri isə sülhü möhkəmləndirir.
“Prezident İlham Əliyevin postmünaqişə siyasətinin mühüm xüsusiyyəti yeni münasibətlər sisteminin qurulmasına yönəlmiş xəttin müəyyən edilməsidir. Beş baza prinsipi, sülh müqaviləsi təşəbbüsü, Minsk prosesinin bağlanması, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq bu strategiyanın elementləridir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi prosesə beynəlxalq siyasi çərçivə verib, regional reallığın əsasını isə Azərbaycanın həyata keçirdiyi siyasət yaradıb. Bununla belə, sülh prosesinin yekunlaşması üçün qarşıda mühüm məsələlər qalır. Sülh sazişinin mətni paraflanıb, növbəti mərhələ onun imzalanması və ratifikasiyasıdır. Sərhədlərin delimitasiyası, TRIPP-in reallaşdırılması və kommunikasiyaların açılması istiqamətində işlər var. Bu səbəbdən hazırkı mərhələni sülhün institusionallaşdırılması mərhələsi kimi xarakterizə etmək olar”, - deyə o vurğulayıb.
P.Mehdiyevin fikrincə, ötən bir ilin nəticələri konkret proseslərdə görünür: “Minsk prosesi tarixə çevrilib, sərhəd danışıqları davam edir, Azərbaycan ərazisindən tranzit və enerji eksportu həyata keçirilir. Münasibətlər tədricən münaqişə məntiqindən qarşılıqlı maraqlar məntiqinə keçir. Cənubi Qafqaz təcrübəsi göstərir ki, dayanıqlı sülhün əsas təminatı müharibəyə qayıdışı mənasız edən yeni reallığın yaradılmasıdır. Vaşinqton Bəyannaməsi hərbi qələbə nəticələrinin siyasi, diplomatik və iqtisadi müstəviyə daşınması strategiyasının mühüm mərhələsidir”.