"Əkinçi" qəzetinin 150 yaşının tamamlandığı 2025-ci il milli mətbuat tariximiz üçün başqa bir mühüm faktla da əlamətdardır. Bu il "Həyat" qəzetinin də 120 yaşı tamam olur. Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı haqqında məşhur fikrini "Həyat" qəzetinə aid etsək, əslində, bu qəzeti də zəmanə, dövr özü yaratmışdı. Qəzetin nəşrə başladığı il 1905-ci il idi. Elə bir zaman ki onda bütün Rusiya imperiyasında, o cümlədən Zaqafqaziya bölgəsində qızğın ictimai-siyasi dəyişikliklər gedir, bu təbəddülatların təsiri ilə Azərbaycanın ictimai fikir mühitində də milli özünüdərkin güclənməsi, maarifçilik meyillərinin artması və informasiya vasitələrinin aktuallaşması prosesi getdikcə intensiv xarakter alırdı. Belə bir kontekstdə "Həyat" qəzetinin yaranması təsadüfi deyil, tarixi zərurətin diktəsi idi.
Milli dirçəlişin tribunası
1905-ci ilin əvvəllərindən etibarən Bakıda və ətraf bölgələrdə dərin sosial gərginlik müşahidə olunurdu. Bu dövrdə Rusiya çar idarəetməsinin zəifləməsi bölgədəki etnik və siyasi qüvvələr üçün boşluq yaratmışdı. Həmin boşluqdan istifadə edən "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası Zaqafqaziyada, o cümlədən Bakı, Naxçıvan, Qarabağ kimi strateji ərazilərimizdə azərbaycanlılara qarşı planlı şəkildə zorakılıq və terror aktları həyata keçirirdi. Fevralda baş verən qanlı hadisələr zamanı ermənilər Bakıda genişmiqyaslı qırğınlar törətmiş, dinc azərbaycanlı əhali misli görünməmiş faciələrlə üzləşmişdi.
Bölgədəki ictimai və etnik qarşıdurmaların kəskinləşdiyi belə bir dövrdə informasiya və ideoloji sahədə milli maraqları müdafiə edəcək güclü vasitələrə çox ciddi ehtiyac vardı. Bu ehtiyac Azərbaycan ziyalılarını yeni təşəbbüslər ətrafında fəallaşdırırdı. 1905-ci ilin mart ayında Azərbaycanın maarifçi-mesenat simalarından olan Hacı Zeynalabdin Tağıyevin mənzilində keçirilmiş görüşdə gündəlik qəzet nəşrinin təşkili müzakirə olundu. Qəzetin yaradılması ideyası yalnız informasiya vasitəsi olaraq deyil, həm də milli dirçəlişin əsas tribunasına çevrilməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Xeyirxahlığı ilə milli mətbuat və ümumən ictimai fikir tariximizdə əməyi böyük olan Hacı Zeynalabdin belə bir qəzetin nəşrinə dəstəyi öz üzərinə götürdü.
1905-ci il aprelin 16-da bütün türk dünyasında öz zəmanəsinin görkəmli ziyalıları kimi tanınmış Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq Baş Mətbuat İdarəsinə ərizə ilə müraciət edib "Həyat" adlı bir qəzet nəşr etdirmək istədiklərini bildirdilər. Hacı Zeynalabdin Tağıyevin dövlət idarələrindəki yüksək nüfuzu və məsələyə müdaxiləsi də sözünü dedi. 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazə verdi. Beləliklə, 1905-ci il iyunun 7-də "Həyat" qəzetinin ilk nömrəsi işıq üzü gördü.
Məsləkinə sadiq qəzet
Qəzetin ilk sayında dərc olunmuş "Qəzetimizin məsləki" adlı baş məqalə "Həyat"ın ideoloji xəttini və ictimai missiyasını aydın şəkildə bəyan edirdi. Burada vurğulanırdı ki, Qərb ölkələrində, əhalisi 4-5 milyon olan dövlətlərdə belə 300-400 qəzet nəşr olunur və mədəni xalqlar qəzetləri "bəşəri ehtiyacların ən zərurilərindən" hesab edirlər. Mətbuat sadəcə informasiya vasitəsi deyil, həm də "insan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir", eyni zamanda "zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".
Belə bir niyyətlə yola çıxmış "Həyat" qəzetinin nəşrə başlaması Azərbaycan mətbuatı tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun fəaliyyət göstərdiyi ilk iki ay ərzində Bakının sənaye müəssisələrini tətillər bürümüşdü. Tətil hərəkatları, siyasi fəaliyyətə maraq qəzetin fəaliyyətinə ictimai diqqəti artırdı. "Həyat" yalnız informasiya daşıyıcısı deyil, həm də milli həmrəyliyin, mədəni oyanışın və maarifçiliyin rəmzinə çevrilmişdi. Tarixin axarı da 1905-ci ilin ağır və gərgin ictimai-siyasi şəraitində "Həyat" qəzetinin yaranmasının Azərbaycan ziyalılarının uzaqgörən təşəbbüsünün, milli oyanışın mühüm təzahürlərindən olduğunu göstərdi. Qəzet həm dövrün təbliğat vasitəsi, həm də milli identikliyin ifadə platforması kimi çıxış edərək, xalqın informasiya ehtiyaclarını qarşılayır, ictimai şüurun formalaşmasında və düzgün istiqamətə yönəlməsində xüsusi rol oynayırdı.
Qəzetin məzmunu və ideya istiqamətlərini milli mövqedə dayanmış ziyalılar - qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, baş redaktor Əli bəy Hüseynzadə və 1905-ci ilin axırlarınadək qəzetə baş redaktorluq etmiş Əhməd bəy Ağaoğlu həyata keçirirdilər ("Həyat"ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxmışdı. Bu tarixdən etibarən Əhməd bəy Ağaoğlu "İrşad" qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşmaq məcburiyyətində qalmış, Əli bəy Hüseynzadə isə qəzetdəki fəaliyyətini davam etdirmişdi).
Maarifpərvərlərin söz meydanı
"Həyat"ın qısa müddətdə böyük uğur qazanmasının əsas səbəblərindən biri də qəzetin öz dövrünün tanınmış maarifpərvər və mütəfəkkir ziyalılarını öz ətrafında toplamasında idi. Qəzetin 36 nəfərlik daimi müəllif heyəti vardı. Bu müəlliflərin adlarını bir-bir sadalasaq, bu nəşrin adi qəzetdən, mətbuat orqanından çox Azərbaycanın klassik fikir tarixində iz qoymuş şəxsiyyətlərin söz meydanı olduğunu aydın şəkildə təsəvür edə bilərik. Bu müəlliflər heyətinə qəzetin rəhbərləri, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşovla yanaşı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, Abbas Səhhət, Məhəmməd Hadi, Həsən Səbri Ayvazov, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Məmmədhəsən Hacınski, M.Ə.Şeyxzadə, Sultan Məcid Qənizadə, Axund Əbuturaboğlu və başqa tanınmış düşüncə adamları daxil idi.
M.Ə.Sabirin iki şeiri məhz bu qəzetdə dərc edilmişdi. Onlar "Müsəlman və erməni vətəndaşlarımıza" şeiri və məşhur "Bir məclisdə on iki kişinin söhbəti" satirası idi. Şair bu əsərləri "Həyat" qəzetinin əməkdaşı Məhəmməd Həsən Tahirovun "Hər birimiz bu qəzetəni oxuyub, istiqbalımız üçün iş görməliyik" çağırışından ilhamlanaraq qələmə almış və bunu qəzetə göndərdiyi məktubunda da xüsusi qeyd etmişdi.
Azərbaycan romantizminin banilərindən Məhəmməd Hadi də ədəbi fəaliyyətinə məhz bu qəzetdə başlamışdı. Onun "Bəyani-həqiqət" adlı ilk məqaləsi 1905-ci il iyulun 24-də "Həyat"da işıq üzü görmüşdü. Daha sonralar Hadi Kürdəmir və Həştərxandan da "Həyat"a göndərdiyi məqalələrində, şeirlərində maarifin vacibliyindən, "elmi-əbda"nın inkişafından, bölgələrin ictimai-mədəni durumundan bəhs edirdi. Onun qəzetdə dərc edilmiş "Tələbəlik xatiratımdan" adlı yazısı isə laübalı bir ömür sürmüş Hadinin erkən həyat mərhələləri haqqında çox qiymətli məlumatlar təqdim edir.
Azərbaycan ədəbiyyatının daha bir görkəmli siması Əbdürrəhim bəy Haqverdiyevin "Ayın şahidliyi", "Ata və oğul" kimi hekayələri də ilk dəfə "Həyat"ın səhifələrində həyat qazanmışdı. Bu baxımdan qəzet ədəbiyyatın inkişafına da ciddi şəkildə təsir göstərirdi. Milli akademik musiqimizin banisi olmaqla yanaşı, parlaq publisist qələmi ilə milli mətbuat tariximizdə də nəcib izlər qoyan Üzeyir bəy Hacıbəyli qəzetin fəal müəlliflərindən idi. Onun "Həyat"da dərc edilmiş "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccahi" adlı məqaləsi xüsusilə məşhurdur. Bu yazı Maqda Neyman adlı bir qadın jurnalistin rus mətbuatında Azərbaycan türklərinə qarşı yönəlmiş təhqiramiz fikirlərinə cavab idi. Həmin cavab məqaləsini yazanda Üzeyir bəyin cəmi 20 yaşı vardı. Amma yazının məzmunu, sanbalı, "türk-islam" birliyindən qorxan qüvvələrin məqsədli təxribatlarına qarşı ortaya qoyduğu məntiqli və təsirli arqumentlər Üzeyir bəyin hələ o yaşlardan nə qədər yetkinliyini, kamilliyini, xalqın hüquqlarını qorumağa, cəmiyyətimizin inkişafı üçün çalışmağa necə hazırlığını göstərir.
Azərbaycan maarifçiliyinin aparıcı simalarından olan Sultan Məcid Qənizadə də "Həyat"da mütəmadi çıxış edirdi. "Lüğəti-rusi türki", "Rus dilinin dilmancı", "Əlifbayi-mütəhərriki" kimi dərslik və lüğətlərin müəllifi olan S.M.Qənizadə qəzetdə daha çox dil mübahisələri ilə bağlı məqalələr yazırdı.
Milli məfkurə carçısı
"Həyat" qəzeti təkcə Bakı və Qafqazda deyil, Volqaboyunda, İranda və Osmanlı Türkiyəsində də geniş yayılır, qəzetin təsiri ilə milli ideyalar Azərbaycan sərhədlərindən kənara keçirdi. Qəzetin naşirlərindən olan Əli bəy Hüseynzadə "Həyat" və sonrakı mərhələdə "Füyuzat" jurnalı vasitəsilə Azərbaycanda türkçülük ideologiyasının əsas ilhamverici simalarından birinə çevrilmişdi. Onun publisistik fəaliyyəti "Həyat" qəzetinin milli məfkurənin yayılmasındakı rolunu daha da gücləndirdi.
"Həyat" qəzeti ilk saylarından etibarən yalnız ictimai-siyasi deyil, həm də dil məsələləri ilə bağlı müzakirələrin mərkəzinə çevrilmişdi və bu da təsadüfi deyildi. O zaman Azərbaycan milli kimliyinin formalaşması üçün həlledici bir mərhələ idi və dilin rolu hər zaman olduğu kimi, onda da bu xüsusda mühüm əhəmiyyət daşıyırdı. Bu məsələdə Əli bəy Hüseynzadə özünəməxsus yanaşması ilə seçilirdi.
Əli bəy Hüseynzadə "Həyat"da dil siyasətini təkcə redaksiya üslubunda deyil, həm də nəzəri və praktiki səviyyədə quraraq, ümumtürk ədəbi dili konsepsiyasını mətbuat müstəvisinə daşıyırdı. O hesab edirdi ki, türk xalqlarının milli-mənəvi birliyinə gedən yol ortaq ədəbi dildən keçir. Görkəmli ziyalı bu dilin işlək və təsiredici olması üçün ilk növbədə ortaq qrammatik və leksik qaydaların formalaşdırılmasını, həmin dilin məktəblərdə və mətbuatda tədrisini vacib sayırdı.
Əli bəy Hüseynzadənin mövqeyinə görə, ədəbi dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli varlığın daşıyıcısı və qoruyucusudur. O yazırdı ki, millətlərin mövcudluğunu təmin edən ən mühüm amil onların dilidir. Əgər dil yoxdursa, millət də yoxdur. Ona görə ədəbi dilin formalaşması və ortaq məcraya yönəlməsi milli strategiyanın əsas istiqaməti olmalıdır. Bu yanaşma "Həyat" qəzetinin dil-üslub xüsusiyyətlərində qabarıq şəkildə özünü göstərirdi. Əli bəy Hüseynzadənin yazı dilindəki leksik seçimlər, qrammatik konstruksiyalar və terminoloji yanaşmalar sadəcə Azərbaycan türkcəsi çərçivəsində deyil, ümumtürk dil birliyinə uyğunlaşdırılmış nümunələr idi.
XX əsrin əvvəllərində ümumtürk dili ilə bağlı polemikaların intensivləşməsi məhz Əli bəy Hüseynzadənin bu cəsarətli konsepsiyası ilə birbaşa bağlı idi. Onun bu sahədəki fəaliyyəti təkcə mətbuatla məhdudlaşmayıb, sonrakı illərdə dil islahatları və milli özünüdərk proseslərinə də təsir göstərmişdi.
Beləliklə, "Həyat" qəzetində aparılan dil siyasəti xüsusilə Əli bəy Hüseynzadənin ideya rəhbərliyi ilə Azərbaycanda təkcə milli deyil, ümumtürkçü bir ədəbi dil platformasının əsasını qoydu. Bu ideyalar sonralar "Füyuzat" məktəbinin də təməl prinsipləri oldu və regionun dil və fikir tarixində yeni mərhələ açdı.
Milli mətbuat tariximizdə yeni bir mərhələ
Amma belə bir gərgin milli ideya mübarizəsi "Həyat" qəzetinə və onun yaradıcı heyətinə o qədər də asan başa gəlmirdi. Bu baxımdan qəzet çar senzurası ilə ideoloji qarşıdurma meydanına da çevrilmişdi. Qəzetin tirajı artdıqca, oxucu kütləsi genişləndikcə, xüsusən onun milliləşmə və maarifçilik ruhlu məzmunu daha çox diqqət çəkdikcə, rəsmi dairələrin narahatlığı da artırdı.
Qəzetin işıq üzü gördüyü ilk ayyarım ərzində senzor orqanlarının qərəzli yanaşması artıq hiss olunmağa başlamışdı. Ermənipərəst çevrələrin təhriki ilə Senzura Komitəsinin rəhbəri Qallel qəzetin fəaliyyətinin dayandırılması üçün birbaşa Qafqaz Canişinliyinə müraciət etmişdi. Müraciətdə qəzetin baş redaktoru Əhməd bəy Ağaoğlu "panislamist ideyaların carçısı", "müsəlman fanatizminin təbliğatçısı" kimi təqdim olunmuş, qəzetin ümumən "Türk sultanının nüfuzunu artırmaq məqsədilə fəaliyyət göstərdiyi" iddiası irəli sürülmüşdü.
Senzura orqanlarının bu iddiaları sadəcə ideoloji deyil, eyni zamanda etnik qarşıdurma riski üzərində qurulurdu. "Həyat"ın yaradıcı heyəti - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər ziyalılar "qatı islam tərəfdarları" kimi damğalanır, guya qəzet vasitəsilə antierməni ovqatın gücləndirildiyi və bunun nəticəsində Qafqazda müsəlman fanatizminin alovlana biləcəyi iddia olunurdu.
Senzura Komitəsinin Qafqaz Canişinliyinə ünvanladığı hesabatda daha bir məqam xüsusilə diqqət çəkirdi: Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun guya "islamın ilkinliyini və təmizliyini qorumaq naminə rus idarəçiliyinə qarşı barışmaz mövqe" nümayiş etdirdikləri vurğulanırdı. Bu isə çar hökuməti üçün təhlükə siqnalı idi. Eyni zamanda erməni siyasi dairələri də bu iki maarifçi liderin tədricən siyasi nüfuz qazanmasından və real qüvvəyə çevrilməsindən ciddi şəkildə narahat idilər. Ona görə də qəzetdə dərc olunacaq mühüm əhəmiyyətli yazılar rəsmi qurumların tələbi ilə əvvəlcədən rus dilinə tərcümə edilərək Tiflis Senzura Komitəsinə göndərilirdi. Bu təhdidlər qarşısında "Həyat" qəzetinin uzun müddət ömür sürməsi mümkün olmadı. İlk nömrəsi 1905-ci il iyunun 7-də işıq üzü görmüş qəzet 1906-cı il sentyabrın 3-dək duruş gətirə bildi, son nömrəsi həmin tarixdə çıxdı. Bu müddətdə qəzetin ümumən 325 nömrəsi buraxılmışdı. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cı ilə aiddir.
Qısa ömür sürməsinə rəğmən "Həyat" qəzeti özündən sonrakı yeni mətbuat orqanlarına və onlar vasitəsilə formalaşan ictimai fikir, maarifçilik, milli düşüncə axınına yeni bir həyat verdi. Nəticə etibarilə "Həyat" qəzeti XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi tarixində parlaq bir mərhələ yaratdı. Onun ətrafında toplanmış intellektual güc və fikir zənginliyi milli özünüdərk prosesində, maarifçilik və milli ədəbi dilin inkişafında müstəsna rol oynadı.
İradə ƏLİYEVA,
"Azərbaycan"