Müasir Azərbaycan ədəbiyyatında folklorşünaslıq sahəsində elmi yenilikləri ilə seçilən alimlərimizdən biri də milli-mənəvi dəyərlər sevdalısı - Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin kafedra müdiri, akademik Muxtar (Kazımoğlu) İmanovdur.
Folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual problemlərinə həsr olunub. O, "Müasir Azərbaycan nəsrində psixologizm", "Gülüşün arxaik kökləri", "Xalq gülüşünün poetikası", "Folklorda obrazın ikiləşməsi", "Folklor həm keçmiş, həm də bu gündür" kimi monoqrafiya və kitabların, çoxsaylı elmi əsər və məqalənin müəllifidir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alan alim 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Bütün bunlar elmi yaradıcılıqda klassik halallıq normalarına zərgər dəqiqliyi ilə əməl etmək mədəniyyətindən yoğrulmuş 40 illik gərgin fəaliyyətin nəticəsidir.
Muxtar İmanov 28 may 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. Həmin kənddə orta məktəbi başa vurduqdan sonra ali təhsil almaq arzusu ilə Bakıya gəlib və 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti bitirib və həmin il təyinatla (göndərişlə) Şərur rayonunun Həmzəli kənd orta məktəbində ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Pedaqoji-metodoloji fəaliyyətini zənginləşdirən Muxtar müəllim ədəbiyyatşünaslıq sahəsində daha böyük uğurlara nail olmaq məqsədilə 1980-1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə aspiranturasında təhsilini davam etdirib. Konseptual tədqiqatları ilə seçilən gənc tədqiqatçı o zaman Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan akademik Məmmədcəfər Cəfərovun diqqətini çəkib və böyük alimin dəstəyi ilə araşdırmalarının fəaliyyət istiqamətini daha da genişləndirib. Onun ilk tədqiqatlarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilib, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.
M.İmanov böyük zəhmət və həvəslə 1984-cü ildə "Müasir Azərbaycan nəsrində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışarkən tədqiqatları opponentlərində məmnunluq doğurub. Ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, tədqiqi və təbliği, habelə ümumtürk ədəbi əlaqələrinin öyrənilməsi istiqamətində akademik Yaşar Qarayevin moderatorluğu ilə ərsəyə gələn " Folklor Sarayı" Elmi-Mədəni Mərkəzində böyük elmi işçı kimi çalışıb. Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra isə türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərib. 2011-2024-cü illərdə AMEA Folklor İnstitutunun direktoru vəzifəsində çalışan alim habelə həmin dövrdə "Folklorşünaslıq" ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədri olub.
M.İmanov 2011-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) Ədəbiyyat fənni üzrə Elmi-metodiki seminarın rəhbəri və Ekspert Şurasının sədri kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü seçilən alim 2017-ci ildən 2023-cü ilədək həmin şuranın sədri kimi çalışmışdır. 2024-cü ilin iyun ayından etibarən onun əmək fəaliyyəti Azərbaycan Dillər Universiteti ilə bağlı olmuşdur. Hazırda həmin universitetdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.
Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı əsərin müəllifidir. O, Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklor və yazılı ədəbiyyat əlaqələri ilə bağlı mübahisəli məsələlərin araşdırılmasına, şifahi və yazılı söz sistemlərindəki özünəməxsus qanunauyğunluqların üzə çıxarılmasına, eposun qeyri-səlis məntiq nəzəriyyəsi baxımından öyrənilməsinə, habelə folklorşünaslığın bir sıra digər aktual problemlərinə həsr edilən 12 kitabın müəllifidir.
300-dən artıq elmi məqalənin, çoxsaylı publisistik yazının müəllifi olan M.İmanovun elmi araşdırmaları arasında psixologizm problemi və xalq gülüş mədəniyyəti ilə bağlı monoqrafiyaları konseptuallığı baxımından humanitar-filoloji elmimizdə xüsusi rezonans doğurmuşdur. Qeyri-səlis məntiqin eposa tətbiqi sahəsindəki araşdırmaları multidissiplinar tədqiqatların nümunəsi kimi diqqət mərkəzində olmuşdur.
Folklorun toplanması, tərtib və nəşr edilməsi ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabın, o cümlədən "Bu yurd bayquşa qalmaz" , "Zəngəzur folkloru" (Azərbaycan folkloru antologiyası. VII kitab), "Şərur folklor örnəkləri" (I kitab), "Gədəbəy folklor örnəkləri" (I kitab), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir", 16 cildlik "Güney Azərbaycan folkloru" , 4 cildlik "Qərbi Azərbaycan folkloru" , "Şifahi sənət və yazılı ədəbiyyat" toplularının layihə rəhbəri və tərtibçilərindən biridir. Müasir texniki vasitələrlə, dünya standartlarına uyğun toplanan və nəşr edilən materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində bu gün də əvəzsiz qaynaq rolu oynayır. Qarabağdan toplanmış 30-a yaxın nağıl süjetinin beynəlxalq Aarne-Tompson kataloqunda qarşılığının olmaması onu deməyə əsas verir ki, Muxtar İmanovun rəhbərliyi ilə 2011-ci ildən AMEA Folklor İnstitutunda başlanan toplama, tərtib, nəşr və tədqiq işləri dünya folklorşünaslığında janrlar üzrə elmi təsnifatların aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bir çox əsəri xarici ölkələrdə çap edilən alim Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Kipr və digər ölkələrdə keçirilən çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqresdə məruzə ilə çıxış etmişdir. Muxtar İmanov həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci "Şuşa qrantı" birgə müsabiqəsinin (2013) qaliblərindən olmuşdur. Onun rəhbəri olduğu "Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi" layihəsi AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olunmuşdur.
70 illik yubileyini bu günlərdə böyük təntənə ilə qeyd edəcəyimiz milli-mənəvi dəyərlər sevdalısı, alim, dəyərli pedaqoq Muxtar İmanovun ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumları, eləcə də elmi və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Muxtar İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna və AMEA Rəyasət Heyətinin fəxri fərmanına, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun "Bilim Onur Ödülü"nə (2021), həmçinin Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Mahmud Kaşğari", Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medallarına, Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun "Fəxri professor"u adına layiq görülmüşdür.
Azərbaycan humanitar elminin inkişafında xidmətləri olan akademik Muxtar İmanovun rəhbərliyi altında 15 fəlsəfə doktoru və 4 elmlər doktoru yetişmişdir. Bu missiyanı həyat kredosuna çevirmiş görkəmli alim bu gün də böyük həvəslə fəaliyyətini davam etdirməkdədir.
Rəhman SALMANLI,
"Azərbaycan"