02 Avqust 2024 08:10
676
SİYASƏT
A- A+
Milli  Məclisə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər

Milli  Məclisə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər

 

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş fikir və söz azadlığı seçki prosesində konstitusion norma kimi tətbiq olunaraq namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara, həmçinin siyasi partiya bloklarına, təşəbbüs qruplarına və digər seçki subyektlərinə öz seçkiqabağı platformalarını bəyan etmək imkanı yaradır. Seçki Məcəlləsində bu imkan seçkiqabağı təşviqat hüququ olaraq müəyyən edilmişdir.

Qanunvericilik seçki prosesində ən mühüm mərhələlərdən biri kimi seçkiqabağı təşviqat mərhələsini müəyyən etməklə aktiv və passiv seçki hüququ subyektlərinin birbaşa təmasını nəzərdə tutan çox geniş normaları təsbit edir. Nəzərə alsaq ki, ümumiyyətlə seçki texnologiyalarının tətbiqi baxımından seçkiqabağı təşviqat passiv seçki hüququ subyektlərinin öz seçki hüquqlarını reallaşdırması üçün ən mühüm vasitələrdən biridir, onda qanunvericiliyin bu yanaşması tam başa düşüləndir.
Seçkiqabağı təşviqat elə bir mərhələdir ki, yuxarıda da toxunduğumuz kimi, seçkili orqanda təmsil olunmaq istəyən hər bir şəxs qanunla müəyyənləşdirilmiş qaydada öz məqsəd və məramını seçicilər qarşısında məhz bu dövrdə bildirmək imkanı əldə edir. Buna görə də tam məsuliyyəti ilə qeyd etmək olar ki, bu mərhələ seçkinin nəticəsinin müəyyən olunmasında əsaslı rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq seçki praktikasında seçkiqabağı kampaniya seçkinin ümumi mənzərəsini müəyyən edən əsas elementlərdən biri kimi özünü göstərir.
Seçkiqabağı təşviqat hüququnun reallaşdırılmasının ən vacib amili müvafiq təminatların olmasıdır. Bu cür təminatlar təbii ki, dövlət tərəfindən verilə bilər. Belə ki, Seçki Məcəlləsi vətəndaşlar, siyasi partiyalar və təşviqat hüququna malik digər subyektlər tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün geniş imkanlar yaradılmasını təmin edir. Həmçinin seçki qanunvericiliyinə əsasən qeydə alınmış namizədin, habelə namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqat aparılması üçün mediadan bərabər istifadə hüququ tanınır.  
Seçki Məcəlləsinin on üçüncü fəsli bütünlüklə seçkiqabağı təşviqata həsr olunub. Məlumdur ki, hər bir prosesdə olduğu kimi, seçkiqabağı təşviqat prosesində də bu hüququn reallaşdırılması aidiyyəti subyektlər tərəfindən həyata keçirilməlidir. Milli Məclisə seçkilərlə əlaqədar bu subyektlərin dairəsinə qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları daxildir.
Bu məqamda haqlı olaraq belə bir sual yaranır: seçkiqabağı təşviqat aparmaq hüququna malik subyektlərin dairəsi müəyyən edildiyi halda, bəs kimlər bu prosesdə iştirak edə bilməzlər?
Seçki Məcəlləsinin 74.4-cü maddəsinə əsasən aşağıdakılara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında xarici dövlətlərin və xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
- aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
Seçkiqabağı təşviqatda ən vacib məsələ bu prosesin necə və hansı qaydada həyata keçirilməsidir. Müasir seçki texnologiyaları baxımından yanaşsaq, demək olar ki, təşviqatın üsul və qaydaları ayrı-ayrı ölkələrin qanunvericilik sistemində fərqli normalaşdırılsa da, prinsip etibarı ilə oxşardırlar. Azərbaycanın seçki qanunvericiliyi bu üsulları belə müəyyən edir:
- Media vasitəsilə;
- Kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;
- Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
- Qanunla qadağan edilməyən digər üsullarla.
Media vasitəsilə seçkiqabağı təşviqat açıq müzakirələr, "dəyirmi masa"lar, mətbuat konfransları, müsahibələr, çıxışlar, televiziya və radio proqramları, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. 
Media vasitəsi ilə seçkiqabağı təşviqat ödənişsiz və ödənişli əsaslarla aparılır. Seçki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, ictimai televiziya və radio yayımçıları və ya redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan, həmçinin dövlət büdcəsindən maliyyələşən dövri nəşrlər qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar.
Televiziya və radioda pulsuz efir vaxtı almaq hüququna ölkənin bütün ərazisinə yayımlanan televiziya və radio yayımçılarının kanallarında yalnız birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiya blokları, respublika ərazisinin yarısından az hissəsində proqramları yayımlanan televiziya və radio yayımçılarının bölmələrində isə müvafiq deputatlığa qeydə alınmış namizədlər malikdirlər.
Ödənişli əsaslarla seçkiqabağı təşviqat müvafiq seçki subyektləri tərəfindən həm ödənişsiz efir vaxtı vermək vəzifəsi müəyyən edilmiş televiziya və radio yayımçıları, həm də özəl audiovizual media subyektləri vasitəsi ilə aparıla bilər. Ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaq niyyətində olan müvafiq media subyektləri tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə seçki komissiyasına müraciət olunur, həmin müraciətlər ictimailəşdirilərək təşviqat subyektlərinin diqqətinə çatdırılır. Sözügedən media subyektləri tərəfindən bütün namizədlər üçün eyni əsaslarla bərabər şəraitin yaradılması prinsipinə əməl olunmalıdır.
Ödənişli efir vaxtı tərəflər arasında bağlanan müqaviləyə əsasən verilir. Müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:
1. seçkiqabağı təşviqatın forması;
2. efirə çıxma vaxtı və tarixi;
3. verilən efir vaxtının müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi.
Aparıcı jurnalistin televiziya və radio proqramları prosesində iştirakı forması və şərhləri qeyd olunmaqla müqavilə şərtləri yerinə yetirildikdən sonra həmin proqramların cədvəli, proqramın adı və efirəçıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır. Daha sonra ödəmə tapşırığına əsasən efir vaxtının dəyəri qanunla müəyyən olunmuş qaydada və vaxtda ödənilir. Qanunda efir vaxtı dəyərinin ödənişi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulduğundan, bu tələbə də müvafiq subyektlər tərəfindən əməl olunmalıdır. Seçki Məcəlləsinə əsasən, tərəflər bağlanmış müqavilənin şərtlərini pozduqda, həmçinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl etmədikdə efir vaxtının verilməsi haqqında müqavilənin ləğv edilməsi üçün əsas yaranır. Lakin qanun qərərsizlik prinsipini əsas tutaraq göstərilən müqavilənin yalnız məhkəmə qaydasında ləğvini müəyyən edir. 
Məhkəmənin müqavilənin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək aidiyyəti subyektlərə qadağan edilir.
Seçki Məcəlləsi televiziya və radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair bir sıra tələblər müəyyən etmişdir. Bu da passiv seçki hüququ subyektlərinin seçkiqabağı təşviqat hüququndan istifadəsinin maneəsiz həyata keçirilməsini nəzərdə tutur.
Məcəllənin 82.1-ci maddəsində göstərilir ki, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun təşviqat materiallarının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq qadağandır.
Seçkiqabağı təşviqat hüququnun daha etibarlı təminatı baxımından televiziya və radioda seçkiqabağı təşviqat materialları verilərkən müddətlər elə optimal seçilməlidir ki, auditoriyanın həmin məlumatları əldə etmək imkanları daha asan olsun. Bu baxımdan, Seçki Məcəlləsi konkret göstərilən hala dair norma müəyyən edir. Belə ki, Məcəllənin 82.3-cü maddəsinə əsasən, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının tədbirlərinin keçirilməsi haqqında məlumatlar bir qayda olaraq televiziya və radio proqramlarında məlumatların şərhsiz göstərildiyi proqramların başlanğıcında verilməlidir. Belə məlumatlara sərf edilən efir vaxtının dəyərini aidiyyəti subyektlər ödəmirlər.
Biz seçkiqabağı təşviqatın media vasitəsi ilə aparılması mövzusuna toxunarkən dövri nəşrlərin də bu prosesdə iştirakını qeyd etmişdik. Dövri nəşrlərdə də televiziya və radioda olduğu kimi seçkiqabağı təşviqat ödənişli və ödənişsiz əsaslarla aparılır. Seçki Məcəlləsinin 83-cü maddəsi dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın pulsuz əsaslarla aparılması şərtlərini müəyyən edir. Milli Məclisə seçkilərdə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşən, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüquqları vardır. Digər tərəfdən, namizədlərin seçkiqabağı təşviqat hüquqlarının daha etibarlı təminatı üçün Seçki Məcəlləsi həmçinin regional qaydada fəaliyyət göstərən, qanunun müvafiq tələbinə cavab verən dövri nəşrlərdə də pulsuz seçkiqabağı təşviqat  imkanını təsbit edir.    
Dövri nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması şərtləri Seçki Məcəlləsinin 84-cü maddəsi ilə tənzimlənir. Televiziya və radioda olduğu kimi, dövri nəşrlərdə də ödənişli əsaslarla seçkiqabağı təşviqat qanunda həm ödənişsiz əsaslarla seçkiqabağı təşviqata yer ayırmaq vəzifəsi müəyyən edilmiş media subyektlərində, həm də digər dövri nəşrlərdə aparılır. Lakin Seçki Məcəlləsinin 84.1-ci maddəsinə əsasən qanunla ödənişsiz əsaslarla seçkiqabağı təşviqata yer ayrılması müvafiq media subyektlərinə münasibətdə vəzifə kimi müəyyən edilir.
Digər əsaslarla fəaliyyət göstərən dövri nəşrlərdə seçkiqabağı təşviqat tərəflər arasında qanunla müəyyən olunmuş qaydalarla bağlanan müqavilə əsasında həyata keçirilir.
Yuxarıda seçkiqabağı təşviqatın üsullarından bəhs edərkən kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılmasını qeyd etmişdik. Ayrı-ayrı seçki sistemlərində bu üsul da öz populyarlığı ilə seçilir. Seçki Məcəlləsinin 86-cı maddəsi belə üsulla seçkiqabağı təşviqatın aparılmasına dair hüquq münasibətlərini tənzimləyir. Seçki komissiyaları aidiyyəti subyektlərə seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.     
Kütləvi tədbirlər keçirmək üçün müvafiq subyektlərə qanunla müəyyən olunmuş yerlərin ayrılması ilə yanaşı, tərəflər arasında bağlanmış müqavilə əsasında da yerlər əldə etmək Seçki Məcəlləsində nəzərdə tutulmuşdur.
Seçki qanunvericiliyi, həmçinin başqa bir üsul olaraq çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayımlanmasını da müəyyən edir. 
Ölkəmizdə keçirilən seçkilərdə bu üsula da seçki subyektləri tərəfindən önəm verilir. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyalarının təklifi ilə səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirirlər. Bu üsulu da müvafiq ödənişli əsaslarla həyata keçirmək mümkündür.   
Seçkiqabağı təşviqata dair ümumi tələblərdən danışarkən hüquqlarla yanaşı, vəzifələri də  qeyd etmək yerinə düşərdi. Belə ki, Seçki Məcəlləsinin 88-ci maddəsinə əsasən seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməsi qadağandır. Qanunla bu cür hallara yol verilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət yaradır.
Seçkiqabağı təşviqat apararkən mediadan sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan, seçiciləri qeyri-qanuni üsullarla ələ alan təşviqat aparılması qadağan edilmişdir. 
Sonda qeyd etmək lazımdır ki, mövzunun əvvəlində də vurğulandığı kimi, seçkiqabağı təşviqat prosesi həm tərəflərin təması, həm də seçki hüququnun azad və ədalətli təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Qabil ORUCOV,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvü

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!