XX yüzilliyin son səksən ili bütün dünyada olduğu kimi, Güney Azərbaycanda da bir sıra taleyüklü hadisələrin baş verməsi ilə xarakterizə olunur. XIX əsrin ilk çərəyində İran və Rusiya imperialistlərinin qanlı çəkişmə meydanına çevrilmiş Azərbaycanın 1828-ci ildə iki yerə parçalanması ilə ölkədə gedən bütöv ədəbi proses də bir-birindən təcrid olunaraq hər biri öz məcrası ilə davam etməyə başladı. Bütövlükdə o qədər də zəngin bədii nəsr ənənələrinə malik olmayan Azərbaycan ədəbiyyatında nəsrin inkişafı şimalda Avropa və rus nəsri ilə bağlı oldusa, cənubda daha çox farsdilli İran nəsrinin ənənələrinə meyil etdi.
Fars dilində qələmə alınmış və bütövlükdə İran cəmiyyətinin problemlərinin bədii inikasına yönəlmiş Marağalı Zeynalabidin və Mirzə Əbdürrəhim Talıbov kimi böyük yazıçıların nəsri özündən sonrakı Azərbaycan ədəbiyyatını məzmun və məna siqləti baxımından zənginləşdirsə də, bu, hələ sırf Azərbaycan nəsri hesab edilə bilməzdi. Həqiqi mənada Cənubi Azərbaycan nəsrinin meydana çıxması yalnız XX yüzilliyin ortalarına, daha dəqiq desək, İkinci Dünya müharibəsi illərinə təsadüf edir.
İranın orta əsrlər sxolastikasından xilas edilməsi prosesinin başlanğıcı XX yüzilliyin əvvəllərində məhz Azərbaycanda yetişən proqressiv qüvvələr tərəfindən qoyulmuşdur. 1906-1911-cu illərdə Səttar xanın başçılığı ilə bütün İranı lərzəyə gətirmiş milli azadlıq və məşrutə hərəkatı, 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi və qısa müddətli uğur qazanmış milli azadlıq hərəkatı və bir çox başqa xalq hərəkatları bunun əyani sübutudur. Bu hərəkat və üsyanların xəyanət yolu ilə qan içində boğulması uzun müddət qorxu və psixoz toxumları səpsə də, xalqın iradəsini qıra bilməmiş, yaddaşlarda yaşamış, sonrakı illərdə bir çox bədii əsərlərin, o sıradan nəsr əsərlərinin sevimli mövzusuna çevrilmişdir.
XX əsrin 40-cı illərində Cənubi Azərbaycanda müstəqil demokratik hökumətin qurulması isə, təbii ki, ədəbi-mədəni həyatın bir çox sahələri kimi nəsrin də inkişafına rəvac verdi. Mövzusu çağdaş həyatdan götürülmüş nəsr örnəkləri i1ə yanaşı, qırxıncı illərdə yaxın keçmişə, milli azadlıq hərəkatının tarixinə və qəhrəmanlarına müraciət edən nümunələrə də rast gəlmək mümkündür. Əlbəttə, başlanğıcda bu, təbii ki, bədii memuar janrında qələmə alınmış yazılarda müşahidə olunurdu. Belə əsərlərdən biri - Səttar xan hərəkatında yaxından iştirak etmiş, bu xalq qəhrəmanının silahdaşı olmuş Qulaməli Səmsamın "Sərdari-milli haqqında xatirələr" adlı yazısıdır. Müəllifin öz şəxsi müşahidələri və görüşləri əsasında qələmə alınmış bu əsər xalq hərəkatının, Məşrutə inqilabının daha bir rakursdan açılması baxımından maraq doğurmuşdur. Əsərin əsas qəhrəmanı Səttar xanla yanaşı, onun silahdaşı - Salari-milli Bağır xan obrazının açıqlanmasına da geniş yer verilmiş, inqilabi hərəkatın qarşısını almaq üçün canfəşanlıq göstərən bir sıra mənfi tarixi obrazlar realizm prizmasından təsvir edilmişdir. Bunların sırasında Məhəmmədəli şahı, Eynüddövləni, Rəhim xanı, Mir Haşimini, Şüca Nizamıni, Səməd xanı, rus konsulunu, Ərdəbil xanlarını və b. göstərmək olar. Mübarizəni doğru-düzgün əks etdirmək baxımından əsərin böyük tarixi-bədii əhəmiyyəti vardır.
Bu dövrdə yaranmış memuar ədəbiyyatının qiymətli örnəklərindən biri də milli demokratik hərəkatın rəhbəri Mir Cəfər Pişəvərinin fars dilində qələmə aldığı "Zindan xatirələri dəftərindən" adlı əsəridir. Əsərin dili - ondakı azərbaycanlı təfəkkürünün, baş verən hadisələrə azərbaycanlı mövqeyindən yanaşmanın üzə çıxmasına mane ola bilməmişdir.
Əsər İranın 1920-1940-cı illərdəki ictimai quruluşunda hökm sürən özbaşınalığın ifşası ilə yadda qalır. Mir Cəfər Pişəvərinin ədəbi yaradıcılığında həbsdə olduğu vaxt qələmə aldığı "Zindan xatirələri dəftərindən" əsəri mühüm yer tutur. Əsər müəllifin gördüyü, şahidi olduğu, şəxsən iştirak etdiyi hadisələr haqqında xatirələrdən ibarətdir: "Mir Cəfər zindanda həm siyasi, həm də ədəbi fəaliyyətini davam etdirirdi. İranın "Qəsr" zindanında Pişəvəri ilə bir yerdə olmuş ədib və siyasi xadim Ehsan Təbəri və başqalarının iştirakı ilə ədəbi-bədii dərnək təşkil edilmişdi".
M.C. Pişəvərinin sonralar "Ajir" qəzetində "Zindan xatirələri dəftərindən" başlığı altında çap olunmuş yazısı xatirə-povestin bir hissəsidir. Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən 1984-cü ildə Mir Cəfər Pişəvərinin "Seçilmiş əsərləri"nə həmin povest "Zindan xatirələri dəftərindən" adı ilə salınmışdır.
1925-ci ildə ingilis işğalçılarının köməyinə arxalanan Rza şah İran taxtını qəsb edərək son dərəcə mürtəce bir rejim yaratdıqdan sonra Cənubi Azərbaycanda ana dilinin və ədəbiyyatın inkişafına ağır zərbə vuruldu. Yalnız 1941-ci ildə başda sovet ordusu olmaqla müttəfiq qoşunların İran ərazisinə girməsindən sonra GüneyAzərbaycanda və xüsusən onun paytaxtı Təbriz şəhərində də ana dilində ədəbiyyat örnəkləri yaranmağa və çap edilməyə başladı.
Yaranma məkanına görə XX yüzilliyin Güney Azərbaycan nəsrini iki böyük qrupa ayırmaq olar: Güney Azərbaycan ərazisində və ədəbi mühitində yaranan nəsr və mühacirət nəsri. Dil baxımından hər iki qrup ikidilli olub, həm Azərbaycan, həm da fars dillərindən istifadə etmişdilər. Bununla yanaşı, Şimali Azərbaycanda cənub mövzusunda yaranmış nəsr örnəklərini də fərqləndirmək lazımdır.
Güney Azərbaycan ərazisində əsasən ana dilində formalaşan nəsrin ilk örnəkləri 1941-ci ildən Təbrizdə nəşrə başlayan "Azərbaycan" qəzetində çap olunmağa başlamışdır. Uzun əsrlər boyu boğulan, ədəbiyyat səhnəsindən sıxışdırılan və yalnız doğma ocaq, kənd-kəsək, ailə mühitində, şifahi xalq ədəbiyyatı örnəklərində sevilə-sevilə qorunub saxlanan ana dilinə marağın bu dövrdə kəskin şəkildə artması çox təbii və qanunauyğundur. Bu illərdə yazılan və nəşr olunan nəsr örnəklərində xalq dilinin təkraredilməz şirinliyi ilə yanaşı, şimalda artıq xeyli inkişaf edərək formalaşmış və öz milli simasını qazanmış nəsr dilindən və ədəbi-bədii üslubundan da böyük dərəcədə bəhrələnmə nəzərə çarpır. Bu təsirlənməni, şübhəsiz ki, tematik baxımdan da aşkara çıxarmaq mümkündür. Xüsusən 1941-1946-cı illərdə sovet ordusu hissələri Təbrizdə olarkən bilavasitə sovet ideologiyasının təsiri altında nəşr olunan "Azərbaycan", "Azad millət", "Vətən yolunda" və başqa qəzet və jurnallarda xilaskar sovet əskəri obrazı, bolşevik ideologiyası, bütün dünyanın milli və sinfi zülm altında əzilən xalqlarına azadlıq bəxş etmək missiyasını öz üzərinə götürmüş "Qızıl Moskva" obrazı işıq üzü görən nəsr örnəklərində aparıcı yer tuturdu. Ancaq aydındır ki, bu, çox vaxt zahiri qabıq, pərdə rolunu oynayır, dərin qatlarda isə milli azadlıq, milli qurur, qəhrəman keçmişlə fəxretmə ideyaları özünü büruzə verirdi.
İlk dövrlərdə daha çox hekayə janrı ilə təmsil olunan bədii nəsrin ilk uğurlu müəllifləri M. Hilali, Vəylər Haili və Nəmzə Fəthi Xoşginabi olmuşdur. Xüsusən milli hökumət qurulduqdan sonra bu yazıçıların və onların sırasından olan M. Ərməğani, Q.Səmsam, G.Səbahi və başqa nasirlərin böyük həvəs və məhsuldarlıqla işlədiyini görmək mümkündür. Sanki bu vətənpərvər yazıçılar güneydə demokratik qüvvələrin tezliklə məğlub olacağını intuisiya ilə anladıqlarından, əldə olan fürsətdən daha səmərəli istifadə etməyə çalışırdılar.
Gənc yaşlarından demokratik hərəkatın fəal üzvlərindən biri kimi tanınmış, əsərlərini üç dildə - Azərbaycan, fars və rus dillərində qələmə almış Həmzə Fəthi Xoşginabi orijinal üsluba, rəvan dilə, maraqlı obrazlı ifadələrə malik olan bir yazıçıdır. 1945-ci ildə Təbrizə qayıdarkən ədəbi fəaliyyətini əsasən ana dilində davam etdirmiş, məsul redaktoru olduğu "Azərbaycan" qəzetində onlarca siyasi mövzulu felyetonu, oçerkləri, hekayələri işıq üzü görmüşdür. Bütün bu əsərlər günün aktual problemlərinə həsr edilməklə şirin, oxunaqlı, canlı xalq dilində yazıldığına görə oxucuların dərin rəğbətini qazanmışdır. Bu zaman yazdığı irihəcmli prozaik janrlarda da qələmini sınamış, milli hökumət dövründə "Suvarılmış poladlar", "Eşq və müharibə" povestlərini yazıb Təbrizdə çap etdirmişdir. Onun "Züleyxa", "İbrahim" və başqa hekayələri çağdaş Güney Azərbaycan nəsrinin ilk uğurlu örnəklərindən sayılmalıdır.
Bu baxımdan güney nəsrinə yanaşdıqda barmaqla sayılacaq miqdarda sənətkarların yetişdiyini görürük ki, bunlardan biri də milli müstəqillik dövründə bədii nəsr örnəkləri ilə özünü geniş oxucu kütləsinə tanıtdırmış M. Hilalidir. Onun "İntiqam" hekayəsi yoxsul insanların dözülməz həyatından bəhs edir. Hekayədə Məşədi Qulam adlı bir kəndlinin dükanın qabağında faytondan düşən zəngin libaslı bir ağadan intiqam alması və onun səbəbləri açıqlanır. Məşədi Qulam ağadan intiqam aldığı üçün peşman olmur, lakin həbsxanaya düşdükdən sonra qızının taleyini düşünür və müstəntiqə deyir ki, qızına yazığı gəlsin. Onu dinləyən müstəntiqin gözləri yaşarır. Hekayədə Məşədi Qulamın öz hüququnu qorumaq üçün azğın ağadan intiqam alması yazıçı tərəfindən təqdir olunur.
Bu dövrdə Cənubi Azərbaycan nəsrinin şimal örnəyi əsasında formalaşıb inkişaf etməsində sovet ordusunun tərkibində gəlmiş Azərbaycan ziyalılarının böyük rolu olmuşdur. Bunların sırasında ön yerlərdən birini görkəmli Azərbaycan ədəbiyyatşünas alimi, yazıçı və şairi Cəfər Xəndan tutmuşdur. Onun 1944-1945-ci illərdə Təbrizdə nəşr edilən "Vətən yolunda" adlı qızıl əskər qəzetinin nəzdində təşkil etdiyi "Şairlər məclisi" Cənubi Azərbaycanda ədəbiyyatın inkişafı, xüsusən bədii nəsrin formalaşması yolunda müstəsna işlər görmüşdür. Bu məclisin qısamüddətli - cəmi bir illik işini yüksək qiymətləndirən demokratik hərəkat liderlərindən biri- Seyid Cəfər Pişəvəri yazırdı: "Şairlərimizin keçən şəhrivərdən indiki şəhrivərə qədər yazdıqları, cürətlə demək olar ki, əlli il müddətində yazdıqlarından daha artıq ola bilər."
Əlbəttə, aydındır ki, burada söhbət yazılan əsərlərin miqdarından, sayından deyil, sanbalından, ictimai məzmunundan, xalqın və dövlətin qarşısında duran problemlərin həlli yolunda oynadığı roldan gedir. Bu baxımdan yanaşdıqda Seyid Cəfər Pişəvərinin sözlərində böyük həqiqət payının olduğunu etiraf etmək lazımdır.
Cənubi Azərbaycan milli hökumətinin süqutu Azərbaycan xalqının yaşadığı ən böyük müsibətlərdən biri kimi tariximizin əbədi qara səhifələrindən biri olaraq qalacaqdır. Stalin rejiminin erməni əlaltılarının iştirakı ilə xaincəsinə fars şovinizminin qanlı pəncələrinə həvalə edilən Cənubi Azərbaycan milli hökumətinin taleyi erməni xəyanətkarlığı və rus şovinizminin birləşməsi nəticəsində işğal edilmiş iyirmi faiz Şimali Azərbaycan torpaqlarının taleyindən o qədər də fərqlənməmişdir. Qaniçən atası Rza şahdan heç də geri qalmayan Məhəmməd Rza Pəhləvi Cənubi Azərbaycan xalqına qarşı milli-mədəni soyqırımı siyasətini davam etdirməyə başlamışdı. Həbs edilənlər, sürgünə göndərilənlər, ölümə məhkum edilənlər, vətəndən didərgin salınanlar sırasında nasirlər də var idi. Bütün bunlar isə janrın inkişafına ağır zərbə vurmaya bilməzdi.
Bu dövrün nəsrini ənənələrdən ayrılmağa qoymayan sənətkarlar arasında Gəncəli Səbahinin adını xüsusi qeyd etmək lazımdır. Onun xüsusilə "Həyat faciələrindən" adlı povesti irtica illərinin bütün dəhşətlərini bədii sözün qüdrəti ilə oxucuya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. 1950-ci ildə qələmə alınmış, ancaq duz otuz il sonra - 1980-ci i1də işıq üzü görmüş "Həyat faciələri" povesti, adından da göründüyü kimi, sənətkarın ətrafında görüb müşahidə etdiyi, bədii təhlil süzgəcindən keçirərək ümumiləşmiş şəkildə qələmə aldığı insan talelərinin, faciələrinin bədii təcəssümüdür.
Ancaq buna baxmayaraq, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra şimalla cənub arasında istər siyasi və iqtisadi, istərsə də ədəbi-mədəni əlaqələrin xeyli genişlənməsi bütövlükdə Güney Azərbaycan ədəbiyyatının inkişafına da güclü təkan vermişdir. Lakin əvvəlki mərhələlərdə olduğu kimi, burada da biz daha çox mənzum janrın inkişafından və sayca zənginləşməsindən danışa bilərik. Nəsrə gəldikdə isə onun inkişafında, janrca və sayca zənginləşməsində müəyyən problemlərin olduğunu görürük ki, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bunların arasında xüsusən səksəninci illərin ikinci yarısından başlayaraq İran İslam Respublikasında totalitar rejimin güclənməsi, müəyyən mövzuların bədii ədəbiyyata gətirilməsinə, onların problem səviyyəsinə qaldırılmasına qadağa qoyulması, bəzən rəsmi dairələr tərəfindən aktual həyat həqiqətlərinin olduğu kimi bədii inikas etdirilməsi yolunda maneələr yaradılması və digər səbəbləri göstərmək olar.
Bütöv bir millətin dilini çoban dili, qeyri-elmi dil, primitiv dil adlandıraraq həmin dildə çap olunmuş kitabları, hətta müqəddəs Quranın türkcə tərcüməsini belə yandırmağa hazır olan şah rejimi nümayəndələrinin işləklərini, ancaq bəşər mədəniyyətinin quduz düşməni olan, Avropanın göbəyində kitablardan tonqal qalayan faşistlərin qeyri-insani hərəkətləri ilə müqayisə etmək olar.
Bütövlükdə çağdaş Güney Azərbaycan nəsri 80 illik formalaşma və inkişafı dövründə keşməkeşli bir yol keçmiş, bəzən coşqun inkişafın, bəzən süstlük və durğunluğun dadını da hiss etmişdir. Ancaq bütövlükdə bu hərəkatın inkişaf xətti yüksələn olmuşdur və indi də həmin istiqamətdə öz yürüşünü davam etdirir.
Mahmizər MEHDİBƏYOVA,
filologiya üzrə fəlsəfə doktoru