Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurası iclasına Prezident İlham Əliyevin qurucu lider kimi dəvət olunması Azərbaycanın işğaldan zəfərə, dağıntıdan yenidənqurmaya uzanan bənzərsiz təcrübəsinin qlobal ehtiyaca çevrildiyini sübut edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türk politoloq Nur Tuğba Aktay söyləyib.
O bildirib ki, Azərbaycan xalqına bu gün Qəzzada baş verənlər yad deyil. 30 il ərzində torpaqlarının 20 faizi işğal altında qalan, şəhərləri məhv edilən, ibadətgahları dağıdılan və bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan işğalın, ədalətsizliyin və susan dünyanın nə demək olduğunu çox yaxşı bilir.
Azərbaycanın Ağdamdan Füzuliyə, Laçından Kəlbəcərə qədər uzanan geniş coğrafiyada şəhərləri yerlə-yeksan edilmişdi. Bu sistemli dağıntı bu gün Qəzzada şahid olduğumuz mənzərələrin acı bənzəridir. Bir zamanlar “Qafqazın Hiroşiması” adlandırılan şəhərlərin xarabalıqları yalnız daşın-torpağın deyil, beynəlxalq sistemin sükutunun da dağıntısı idi. Azərbaycan BMT qətnamələrinin kağız üzərində qaldığı onilliklər boyunca səbirlə yanaşsa da, lakin sonda ədaləti öz gücü ilə bərpa edib. Bu tarixi təcrübə Sülh Şurasında Qəzza kimi çıxılmaz böhranlar üçün əməli həll modelinin əsas sütununu təşkil edir.
Sülh Şurasında Azərbaycan–Türkiyə ittifaqı
“Vaşinqtonda keçirilən Sülh Şurasının iclasında Azərbaycan Türkiyə ilə çiyin-çiyinə yer alıb. Prezident İlham Əliyev bu platformada yalnız Azərbaycanın maraqlarını deyil, İslam dünyasının və məzlum xalqların hüququnu müdafiə edir. Türkiyə və Azərbaycanın bu qurumda bir arada olması regional sülh üçün sarsılmaz ədalət birliyi mahiyyəti daşıyır.
Azərbaycanın Sülh Şurasındakı mövcudluğu beynəlxalq müstəvidə praktik uğurları ilə dünyaya sakit, lakin güclü mesaj verir. Qarabağda həyata keçirilən yenidənqurma Qəzza kimi münaqişə bölgələri üçün potensial həll resepti kimi qiymətləndirilə bilər. Dünyanın ən sıx minalanmış ərazilərindən biri olan Qarabağı sürətlə təmizləyən Azərbaycanın topladığı texniki təcrübə Qəzzanın gələcəkdə qarşılaşacağı sursat və partlayıcı qalıqlar probleminin idarə olunması üçün həyati əhəmiyyət daşıyır. Xarabalığa çevrilmiş yaşayış məntəqələrinin “ağıllı şəhər” konsepsiyası ilə yenidən qurulması Qəzzanın bərpasında yalnız binaların tikilməsi deyil, müasir və dayanıqlı həyat mühitinin yaradılması baxımından konkret ilham mənbəyidir”,- deyə türk ekspert vurğulayıb.
Politoloq qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji bölgəsi elan edilməsi və məcburi köçkünlərin ləyaqətli qayıdışı modeli müharibənin sosial və ekoloji fəsadlarını aradan qaldırmaq istəyən hər bir coğrafiya üçün yol xəritəsi potensialı daşıyır. Prezident İlham Əliyevin baxışında sülh yalnız diplomatik sənəd deyil, sadə insanın süfrəsinə qayıtması, bir uşağın təhlükəsiz şəkildə məktəbinə gedə bilməsidir.
O deyib: “Azərbaycan 30 ildən sonra məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışını təmin etməklə dünyada nadir rast gəlinən logistik və sosial uğura imza atıb. Prezident İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə ucaldılan ilk binaların məktəb və xəstəxanalar olması, sülhün davamlılığını təmin edən əsas amildir. Azərbaycan humanitar yardım anlayışından daha irəli gedərək “humanitar inşa” konsepsiyasını müdafiə edir və yardım asılılığı əvəzinə özünə yetən bölgələrin formalaşdırılmasına çalışır.
Prezident İlham Əliyevin Sülh Şurasındakı iştirakı güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir dünya nizamı üçün ümid işığıdır. Qarabağda ədaləti bərpa edən liderlik bu gün qlobal sülh masasında Qəzza və bənzər böhranların həlli üçün ən real və səmimi səslərdən birini təmsil edir. Azərbaycan öz ağrılarından süzülən sülh təcrübəsi ilə bəşəriyyətin ortaq vicdanı olmağa davam edəcək”.