Ölkədə özünüməşğulluq
geniş vüsət alır
Ötən il ölkədə
118 min daimi iş yerinin açılması əhalinin məşğulluq probleminin həllinin dövlətin
qarşıya qoyduğu prioritetlərdən olduğunu bir daha təsdiqləyir. Yeni iş yerlərinin
yaradılması üçün görülən məqsədyönlü tədbirlər - müxtəlif sahələri əhatə edən yeni-yeni
müəssisələrin açılması, sahibkarlığın genişləndirilməsi və s. daim gündəmdədir.
İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də özünüməşğulluğun
inkişaf etdirilməsidir.
Dövlət həmişə
çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım
proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyaclarını
ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq
da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa
imkan verir.
Təqdirəlayiq
haldır ki, bu sahədə ilk uğurlu addımlar atılıb. Özünüməşğulluq geniş vüsət aldıqca
əhalinin işlə təminatı məsələsinin həllinə böyük kömək göstərəcəyi şəksizdir.
Dövlət orqanları,
yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri
qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır.
Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura
bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.
Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bu məsələdən ətraflı bəhs edilib, özünüməşğulluğun geniş vüsət
aldığı bildirilib. Qeyd edilib ki, özünüməşğulluq proqramı il ərzində 6,5 dəfə genişlənib.
7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin
olunub və özlərinin kiçik ailə təsərrüfatlarını yaradıb.
Qeyri-neft
sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün
xüsusilə geniş imkanlar var. Bütün istiqamətlərdə aqrar sahənin qarşısında yeni
üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində çox insanlar ailələri ilə birlikdə
heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar.
Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması
bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.
Proqrama cəlb
olunanların əksəriyyətini ünvanlı sosial yardım alanlar, məcburi köçkünlər, əlillər,
şəhid ailələri, qadınlar və gənclər təşkil edir.
Heydər Əliyev
Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək
verib. "Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları
yaradılıb.
Özünüməşğulluq
perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa,
bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək edəcək. Eyni zamanda
iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini
sürətləndirəcək. Əgər hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən
sonra sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul
qazanacaq, ailələrini saxlayacaqlar. Başqa sözlə, özünüməşğulluq ölkə iqtisadiyyatının
inkişafının amillərindən birinə çevriləcək.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında özünüməşğulluq proqramının
həyata keçirilməsinə dövlət dəstəyinin davam etdiyini vurğulayaraq demişdir: "Bu
il ən azı 7 min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında, əlbəttə
ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar
dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar.
Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var”.
Flora SADIQLI,
"Azərbaycan”