XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmiş Məscidli karvansara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydə alınmışdır. Sıldırım qayanın üstündə yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rastabazara açılırdı.
Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. Burada habelə bərbər, çəkməçi, dərzi, papaqçı və s. emalatxanalar da fəaliyyət göstərirdi. Abidənin fasadında inşa kitabəsi yerləşdirilmişdi.
Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərlərində Firudin Şuşinski yazırdı: “XIX əsrin sonlarında Şuşada 10 karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbasın, Qatırçı Muradın, Mirsiyab oğlunun tikililəri, o cümlədən Şeytanbazar və Xanlıq Muxtar karvansaraları seçilirdilər. Lakin şəhərin ən yaxşı karvansarası Mirsiyab oğlu Məşədi Şükürün tikdirdiyi bina idi. Bu əzəmətli bina XIX əsrin 80-ci illərində inşa edilmişdi. Binanın memarlıq ansamblı istər-istəməz diqqəti çəkir”.
Şəhər meydanının qərb hissəsində tikilmiş bu karvansara həm də Məscidli karvansara kimi tanınırdı. Bura Qarabağın hər tərəfindən, o cümlədən Qafqaz ölkələrindən, İran və Rusiyadan hər çeşidli mallar gətirilirdi.
Karvansaradan bəhs edən Qarabağ tarixçisi Baharlı “Qarabağ hadisələri” adlı xronikasında binanın Şuşanın memarlıq simasının əsas xüsusiyyətlərini özündə əks etdirdiyini göstərirdi. Bu karvansara özünəməxsus zərif memarlıq xüsusiyyətləri və planlaşdırılması ilə digər tikililərdən fərqlənirdi. Əzəmətli bina idi. İkinci mərtəbədə künc tərəfdə tacirlər və qonaqlar üçün məscid də inşa edilmişdi. Məscidin üç nefli ibadət zalı bir çox məscidlər kimi Şuşa memarlığı üçün xarakterik olan səkkizguşəli sütunlar üzərində dayanan oxvari tağ-tavanla örtülmüşdü. İbadət zalı 8.36x9.22 metr ölçüyə malik idi. Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilmişdi. Mehrabın yeddiguşəli oxvari nişi də incə qabartmalarla üzlənmişdi.
E.Avalov qeyd edirdi ki, karvansara daxilində məscid yerləşməsi oxşar tipli binaların inşa praktikasında yeganə hal olmaqla bunun bütün islam memarlığında analoqu yox idi.
SSRİ dövründə karvansara kolxoz bazarı kimi istifadə edilmişdir. Abidə 1992-ci il may ayının 8-dən 2020-ci il noyabrın 8-dək Ermənistan hərbi qüvvələrinin işğalı altında olmuşdur. Çox təəssüf ki, ölkə əhəmiyyətli memarlıq abidəsi düşmən tərəfindən dağıdılmışdır.
“Azərbaycan”