Azərbaycan
xalqının Ümummilli Lideri, uzaqgörən və dahi şəxsiyyət Heydər Əliyev deyib: "Azərbaycan
Respublikası çoxmillətli bir dövlətdir.
Azərbaycanda
müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan
müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan
bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ölkəmizdə
tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin - Xristianlıq, İudaizm və
İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və
ibadət evləri olan kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif
azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlardan biri də Qəbələ rayonudur.
Dünyada yaşayan
udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Qəbələnin Nic qəsəbəsində
isə 3 min 600 udi yaşayır.
AZƏRTAC xəbər
verir ki, udilərin məskunlaşdığı qədim Nic qəsəbəsi Qəbələ şəhərindən 40 kilometr
cənub-qərbdə, Qəbələ-Oğuz avtomobil yolunun kənarında yerləşir. Şəhər tipli qəsəbə
olan Nic dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda
burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri
mehriban qonşuluq, bir-birilərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət
şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, udilərin
də mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün
mühüm işlər görülür.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra Nic kəndində müasir məktəb binası açılıb, müqəddəs
"Cotari” alban-udi kilsəsi bərpa olunub, eləcə də kəndin infrastrukturu yaxşılaşdırılıb.
Çoxmillətli Azərbaycan xalqının tolerantlığı və tarixən yaranmış çoxmədəniyyətli
mühit respublikamızın bütün xalqlarının, o cümlədən udilərin mədəni və mənəvi inkişafı
üçün şərait yaradıb.
Alban-udi
icmasının rəhbəri Robert Mobili deyir ki, ölkəmizdə azsaylı xalqlara göstərilən
dövlət qayğısı, multikulturalizm dəyərlərinin qorunub saxlanılması, udilərin kompakt
şəkildə yaşadığı Nic qəsəbəsinin sosial-iqtisadi problemlərinin həlli üçün görülən
tədbirlər Prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına - udilərə
verilən ən böyük qiymətdir. İcma rəhbəri qeyd edib ki, ölkəmizdə bütün dinlərin
və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya
edilib, dini maarifçilik işinə xüsusi diqqət yetirilib. Bu iş hazırda Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Onun sözlərinə
görə, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa
da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını
və adət-ənənələrini geniş qeyd edirlər. O, "Cotari” alban-udi kilsəsinin əsaslı
şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu vurğulayaraq bildirib ki,
müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın
kiçik bir modelidir.
Hazırda qəsəbə
ərazisində olan və sonuncu dəfə XII əsrdə bərpa edilən ən qədim kilsələrdən biri
əsaslı şəkildə bərpa olunur. Yaxın vaxtlarda bərpa işləri yekunlaşdıqdan sonra kilsə
ibadət üçün vətəndaşların istifadəsinə veriləcək.
Müasir Azərbaycanın
təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun
mərkəzi olduğunu deyən R.Mobili əlavə edib ki, udilər Avropa ilə Asiyanın kəsişməsində
yerləşən tarixi vətənlərində - Azərbaycanda öz dillərini, dinini, qədim adət-ənənələrini
qoruyub saxlaya biliblər. Kiçik, amma dini baxımdan zəngin udi xristian icması Alban
apostol kilsəsinin varisidir. Robert Mobili digər dini icmalar kimi, Alban-udi icmasının
da dövlətin diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb. "Qəsəbədə Azərbaycan
Udi Ocağının yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addımdır.
Azərbaycan Udi Ocağının gənc nəslin tariximizi öyrənməsində böyük rol oynayacağına
əminəm”, - deyə o bildirib.
R.Mobilinin
sözlərinə görə, bir vaxtlar udilərin kilsələri erməni kilsələrinin tabeliyinə verildiyinə
görə, onlar indiki Azərbaycan Udi Ocağında olan evdə ibadət ediblər.
Azərbaycan
Udi Ocağı tarixi-etnoqrafik park-muzeyi Böyük Qafqazın cənub yamacının mənzərəli
düzənliyində, Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə
yerləşən açıq səma altındakı bu park-muzey udi xalqının mədəniyyətini, ənənələrini,
məişətini və yaşayış tərzini əks etdirən etnoqrafik kənddir. Park-muzey ekspozisiya
şəklində bir neçə etnoqrafik sahəyə bölünür. Evin içində və həyətində Qafqaz albanlarının
varisləri olan udilərin həyatına aid müxtəlif ev əşyaları, ev bəzəkləri, ənənəvi
tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim paltar və geyimlər, müxtəlif dizaynlı
arabalar, təkərlər, kotanlar və digər eksponatlar mövcuddur.
Muzeyin önəmli
eksponatlarından biri qədim ənənələrə malik olan udi xalqına məxsus evin giriş darvazasıdır.
Həyətyanı sahədə orijinal üslubda tikilmiş iki qonaq evi var. Evlərin quruluşu və
interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif əşyalarla zəngindir.
Evin eyvanından Böyük Qafqazın cənub yamacına, müasir kənd evlərinə və məhəllələrinə
gözəl mənzərə açılır. Bu tikili XVII əsrin sonunda Nic kəndinin Qocabəyli məhəlləsi
ərazisində çiy kərpicdən olan daş təməl üzərində taxtadan qurulmuş udi evidir.
Muzeyin kolleksiyası
hazırda iki mindən çox eksponatı əhatə edir.
Son illərdə
kənd ərazisində dini və dünyəvi xarakterli çoxsaylı tədbirlər, konfranslar və forumlar
keçirilib. Muzey 2017-ci ilin əvvəlində azərbaycanlı arxitektor, rəssam UNESKO-nun
memarlar ittifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilib.
Qəbələ Rayon
İcra Hakimiyyətinin nümayəndəsi İbrahim Məmmədovun sözlərinə görə, Qəsəbədə udilər
öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə
və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığı
təmin edilir.
Nic qəsəbəsində
beş məktəb var. Onlardan üçündə udilər rus və udi dilində, ikisində isə Azərbaycan
dilində dərs keçirlər.
Bundan əlavə,
qəsəbədə iki məscid və üç kilsə var. Müsəlmanlar öz dini mərasimlərini məscidlərdə,
udilər və digər xalqlar isə kilsələrdə qeyd edirlər.