Davamlı Təcrübələr Standartı (SPS) sadəcə texniki çərçivə deyil. Bu, regionumuzun reallıqlarına uyğun yeni ekoloji və sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması cəhdidir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda keçirilən sessiyada çıxışı zamanı “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə deyib.
Onun sözlərinə görə, davamlılıq yalnız qlobal hesabatlarda, beynəlxalq bəyannamələrdə və ya konfrans müzakirələrində mövcud olmamalıdır. O, gündəlik qərarlarda – hotellərdə, muzeylərdə, məktəblərdə, turizm sahəsində, istiqamətlərdə, dövlət qurumlarında və şəhər məkanlarında görünən olmalıdır:“Hər bir ölkənin özünəməxsus ekoloji problemləri, sosial dinamikası, ənənələri və inkişaf yolu var. Məhz buna görə yerli davamlılıq sistemləri böyük əhəmiyyət daşıyır. Onlar qlobal prinsipləri insanların real şəkildə tətbiq edə biləcəyi praktik fəaliyyətə çevirir. Biz SPS vasitəsilə beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq. Bu, ambisiya ilə icra, ekoloji şüur ilə peşəkar mədəniyyət arasında bir körpüdür. Bizim üçün davamlılıq yalnız ətraf mühitin qorunması demək deyil. Bu, həm də təhsil, etik dəyərlər, inklüzivlik, kommunikasiya və uzunmüddətli düşüncə deməkdir. Bu, cəmiyyətlərin təbiətlə, resurslarla və bir-biri ilə məsuliyyətli şəkildə yaşamağı necə öyrəndiyini ifadə edir. Bu gün dünya çox sürətlə dəyişir. İqlim riskləri, şəhər təzyiqləri, biomüxtəlifliyin azalması və sosial parçalanma gündəlik reallığın bir hissəsinə çevrilir. Həmin reallıq fonunda davamlılıq artıq simvolik anlayış olmaqdan çıxmalıdır. Məhz buna görə milli təşəbbüslərin əhəmiyyətinə inanırıq. Çünki qlobal transformasiya həmişə yerli səviyyədən başlayır.Ümid edirik ki, SPS yalnız sertifikatlaşdırma modeli deyil, həm də dialoq, təhsil və əməkdaşlıq platformasına çevriləcək. Bu platforma qurumları, ekspertləri, kommunikasiya imkanlarını və gələcək nəsilləri davamlı inkişaf üçün ortaq məsuliyyət ətrafında birləşdirəcək".