07 Oktyabr 2026 09:45
181
CƏMİYYƏT
A- A+
“Mənimlə fəxr edəcəksiz”

“Mənimlə fəxr edəcəksiz”


Elə  adlar var ki, onları sadəcə xatırlamırsan, o adları çəkəndə bir insanın həyatı, bir ailənin taleyi, bir Vətənin ağrısı və insanın qüruru yada düşür. Şəhid adları da belədir. Onlar təqvimdə bir tarix, məzar daşında bir yazı, sənəddə bir ad deyil, onların hər birinin arxasında yarımçıq qalmış bir ömür, doğmalarının qəlbində əbədi yaşayan bir xatirə və Vətən qarşısında sonadək yerinə yetirilmiş bir borc dayanır. 

Hüseyn Həmidzadənin də cəmi 25 il davam edən ömrü belə bir yaddaşa çevrilib. O, həyatını uzun illər yaşamaq üçün deyil, yaşadığı illərə məna vermək üçün ömür sürən insanlardan olub. 2020-ci ilin payızında Vətən müharibəsi başlayanda Hüseynin qarşısında rahat və təhlükəsiz həyatla döyüş meydanı arasında seçim dayanmışdı. Hüseyn Vətənin ağır günündə kənarda qalmağı özünə sığışdırmamışdı...

Hüseyn Akif oğlu Həmidzadə 1995-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olmuşdu. Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə, 2014-2018-ci illərdə Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almışdı. Hərbi xidmətini Murovdağ istiqamətində keçmişdi. O zaman bilmirdi ki, illər sonra həmin hərbi hazırlıq onun qarşısına daha böyük bir sınaq çıxaracaq.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Hüseynin daxilindəki torpağa olan sevgisi onu sakit dayanmağa qoymadı. O, könüllü olaraq Cəbrayıl rayon  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək ön cəbhəyə yollandı. Döyüşə gedərkən valideynlərinə dediyi söz isə bu gün onun həyatının ən yaddaqalan cümləsinə çevrilib: “Mənimlə fəxr edəcəksiz”. Bu üç kəlmənin arxasında bir gəncin özünəinamı ilə yanaşı, valideynlərinə verdiyi böyük bir söz dayanırdı. Hüseyn sanki onlara əvvəlcədən demək istəmişdi ki, mən bu yoldan necə qayıdacağımı bilmirəm, amma Vətən qarşısındakı borcumu necə yerinə yetirəcəyimi bilirəm.

Hüseyn Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə iştirak etdi. Döyüş yoldaşlarının söylədiklərinə görə, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına qarşı mübarizədə fəallıq göstərdi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdən sonra Cəbrayıl istiqamətindəki döyüşlərin də fəal iştirakçısı oldu. Onun döyüş yolu bununla bitmədi – Xocavənd uğrunda gedən ağır döyüşlərin içində oldu.

Müharibənin hər günü əvvəlkindən daha ağır keçirdi. Azad edilən hər torpaq parçasının arxasında düşmənin müqaviməti, qarşıda isə yeni mövqelər, yüksəkliklər, ağır döyüşlər vardı. Əsgər üçün xəritədə görünən məsafə ilə döyüş meydanında keçirilən məsafə tam fərqli idi. Döyüş meydanında hər addımın öz qiyməti vardı. Bu yol Hüseyni Xocavəndə gətirdi – 25 oktyabr 2020-ci il...

Xocavənd istiqamətində dəhşətli döyüşlər gedirdi. Payızın nəfəsi torpağın üzərində hiss olunsa da, döyüş meydanında havanın sakitliyindən danışmaq mümkün deyildi. Ətrafda partlayış səsləri eşidilir, mərmilərin yaratdığı tüstü və toz duman kimi ətrafı cənginə almışdı. Bir qədər əvvəl görünən yüksəkliklər gah tüstünün arxasında itir, gah da bir neçə saniyədən sonra yenidən görünürdü. Əsgərlər isə durmadan, anban irəliləyirdilər. İgidlərimizin diqqəti qarşıdakı mövqedə idi. Döyüşün gərginliyi o həddə çatmışdı ki, insan bəzən yanındakı silahdaşının səsini belə atəş səsləri arasında güclə eşidirdi. Torpaq ayaqların altında silkələnirdi. Belə bir anda əsgər üçün ən vacib məqam qorxmamaq deyil, irəliləməkdir. Hüseyn də irəliləyən döyüşçülərimizin sırasında idi. Uzun döyüş yolu keçən Hüseyn üçün qarşısındakı mənzərəyə yad deyildi, müharibənin nə olduğunu artıq bilirdi. Mərmi səsinin nə demək olduğunu, bir anın insan taleyini necə dəyişə bildiyini görmüşdü. Vətən müharibəsində döyüşən insan üçün bir məqam vardı – qarşıda azad edilməli torpaq varsa, dayanmaq mümkün deyil.

Atəş səsləri yenidən güclənir, tüstü qalxır, torpaq silkələnirdi. Döyüşçülər mövqelərini qorumağa və irəliləməyə çalışırdılar. Elə bu an Hüseyn  ağır yaralandı. O ana qədər Vətənin azadlığı üçün silahı ilə döyüşən Hüseyn həyatı uğrunda mübarizə aparmalı oldu. Döyüş meydanının sərtliyi içində bir anlıq hər şey dəyişdi. Bir qədər əvvəl irəliləyən əsgər indi ağır yaralı halda həyatla ölüm arasında çırpınırdı.

Hüseyn  Xocavəndin azadlığı uğrunda döyüşdə  aldığı ağır yaradan sonra günlərlə həyat uğrunda mübarizə apardı. 2020-ci il noyabrın 1-də Hüseynin Vətən üçün döyünən ürəyi susdu.

Qardaşı Məmmədbağır Həmidovun xatirələrində Hüseyn yalnız döyüşçü kimi deyil, ailəsinə bağlı, ata-anasına qayğı göstərən, uşaqlıqdan ədalətli və mehriban insan kimi canlanır. Vətən üçün döyüşən Hüseyn əvvəlcə ailəsinin sevimli oğlu, doğmalarının əzizi idi. Onu qəhrəman edən yalnız döyüş meydanında göstərdiyi cəsarət deyildi, daxilindəki insanlıq, ailəyə bağlılıq və Vətən qarşısında məsuliyyət hissi həmin qəhrəmanlığın əsasını təşkil edirdi. Qardaşının söylədiyinə görə, Hüseyn telefonla ailəsi ilə danışarkən Xocalının, şəhidlərimizin, general Polad Həşimovun və  komandiri Azad Abbasovun qisasının alındığını deyib.

Hüseynin yaddaşında Xocalı da vardı, itirdiyimiz şəhidlər də, 2020-ci ilin iyulunda şəhid olan Polad Həşimov da. O, döyüş meydanında yalnız öz taleyini düşünmürdü, bir xalqın yaddaşını, ağrısını və torpaq həsrətini çiyinlərində daşıyırdı.

Hüseyn subay idi. Onun həyatda quracağı ailə, böyüdəcəyi övladları, yaşayacağı illər, görəcəyi günlər qarşıda idi. Amma müharibə onun gələcək həyatını yarımçıq qoydu. Buna baxmayaraq, Hüseynin adı başqa bir ailənin - Azərbaycanın böyük şəhid ailəsinin yaddaşına yazıldı.

Bu gün Hüseyn Həmidzadənin adı döyüşdüyü Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı ilə birlikdə çəkilir. Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamları ilə Hüseyn Həmidzadə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif edilib.

Hüseynin məzarı Şəki rayonunun Oxut kənd qəbiristanlığındadır. Bəlkə də indi o məzarın qarşısında dayanan valideynlərinin gözləri qarşısında ilk növbədə həmin gün canlanır. O gün ki oğulları döyüşə gedərkən onlara dönüb demişdi: “Mənimlə fəxr edəcəksiz”. Hüseyn sözünü yerinə yetirdi. Bu gün valideynləri oğullarının yoxluğunun ağrısını ürəklərində daşıyırlar. Amma həmin ağrının içində bir qürur da var. Çünki onların oğlu Vətən qarşısında öz borcunu son nəfəsinə qədər yerinə yetirdi. Şəhidlik insan həyatının ən ağır ayrılığıdır. Lakin elə bir ayrılıqdır ki, onun qoyduğu iz zaman keçdikcə daha da dərinləşir. Şəhidlər torpağın altında deyil, xalqın yaddaşında yaşayırlar. Onların adı çəkiləndə azad edilmiş torpaqlar, dalğalanan bayraqlar, geri qayıdan insanlar və gələcək nəsillər yada düşür. Hüseyn Həmidzadə də belə bir yaddaşın parçasıdır.

Hüseyn 25 il yaşadı. Həmin 25 ilə elə bir ömür sığdırdı ki, bu gün onun haqqında danışarkən yalnız “neçə il yaşadı” sualını vermək mənasız görünür. Əsas sual başqadır – Vətən üçün nə etdi? Cavab isə onun keçdiyi döyüş yolundadır.

Hüseyn Həmidzadənin həyatı bizə bir daha göstərir ki, insanın ömrünü onun sonu yox, qoyduğu iz müəyyən edir. O, həyatdan tez getdi, amma adını uzun bir ömrün yaddaşına yazdı.

Torpaqlar azad ediləndə bayraqlar yüksəlir, şəhərlər dirçəlir, insanlar yurdlarına qayıdırlar. Bütün bunların arxasında isə Hüseyn kimi yüzlərlə, minlərlə Vətən oğlunun həyatından keçən müqəddəs bir yol dayanır. Hüseyn Akif oğlu Həmidzadə həmin yolun şəhidlərindəndir.


Elşən QƏNİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!