02 May 2025 21:40
653
SİYASƏT
A- A+
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb

Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 2-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və sualları cavablandırması ilə davam etdirilib.

Zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, - deyə R.Quliyev qeyd edib.

O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.

R.Quliyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini bildirib.

Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o əlavə edib.

R.Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də vurğulayıb.

Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o, vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında təbliğatların başlandığını bildirib.

N.Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə də danışıb: “Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər”.

C.Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.

C.Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və yaralananların olduğunu bildirib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin kənddə əhalinin 600-650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən 1988-1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”.

O, suallara cavabında Emil Balayanı tanıdığını, onun kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.

Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun 26-27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”.

Bu zaman prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxanyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduqlarını bildirib və əlavə edib: “Bütün bunlara başçılıq edən Valodiya Xaçaturyan idi”.

D.İşxanyan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin ünvanladığı növbəti suallara cavabında 1992-ci ilin sentyabrında hərbi xidmətə çağırıldığını, daha sonra 28-ci “Xocavənd batalyonu”nda tabor komandiri təyin olunduğunu bildirib. Təqsirləndirilən şəxs “Xocavənd müdafiə rayonu”nun komandirinin Monte Melkonyan, müavininin isə Movses Akopyan olduğunu deyib.

“Taborumda 430-480 hərbçi var idi. Digər taborlarda say daha az və ya daha çox olurdu. Tapşırıqları qərargahdan alırdım. Taborun sərəncamında qumbaraatanlar, pulemyotlar, “Kalaşnikov” avtomatları var idi”, - deyə o əlavə edib.

D.İşxanyan Ağdərənin yuxarı hissəsinin işğalı əməliyyatında, Kəlbəcər rayonu istiqamətində Çərəkdarın və Xudavəngin, Füzuli rayonunun iki istiqamətində, o cümlədən Aşağı Veysəlli istiqamətində kiçik bir yüksəkliyin işğalında iştirak etdiyini bildirib.

Təqsirləndirilən şəxs “Emil Balayanın sizinlə ədavəti var idimi ki, sizin və qardaşınızın adını çəksin” sualına cavab verməkdən yayınaraq bildirib ki, o, şənbə və bazar günləri kənddə növbə çəkilməsi ilə məşğul olub.

Bu zaman dövlət ittihamçısı Vüsal Əliyev elan edib ki, digər erməniəsilli şəxslər (Aleksandr Qriqoryan və digərləri) də E.Balayanın ifadəsinə bənzər ifadələr verib, eyni adları çəkiblər.

Ardınca təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, 2015-2018-ci illərdə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “müdafiə ordusunun komandanı” vəzifəsini, buna qədər isə hərbi sahədə bir sıra vəzifələr tutduğunu təsdiqləyib. O, qondarma rejimin “ordusu”nda xidmətə 1992-ci ilin sentyabrında başladığını bildirərək qeyd edib: “Motoatıcı taborun komandirinin müavini vəzifəsində başladım”.

O, Xocavənd əməliyyatlarında iştirak etmədiyini, Xocalıda isə ümumiyyətlə, ilk dəfə 1990-cı illərin ikinci yarısında olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il oktyabrın 2-də Şuşa rayonunun Şırlan kəndində yerləşən tabora gedərkən yaralanıb.

Levon Mnatsakanyan Azərbaycanın Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanı Ermənistanda xidmət etdiyi zaman tanıdığını deyib. Bildirib ki, həmin vaxt Arkadi Ter-Tadevosyan ordu üçün mütəxəssis hazırlayırdı.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarına cavabında Xocavəndin işğalında və Qaradağlıdakı qətliamlarda hansı qüvvələrin iştirak etməsi barədə məlumatsız olduğunu iddia edib.

O, Aşot Qulyan və Monte Melkonyan ilə şəxsən tanış olmadığını da iddia edib.

A.Qukasyan dövlət ittihamçısı Fuad Musayevin həmin adamları tanımadan onları qondarma rejimin “qəhrəmanı” adı ilə təltif etməsi barədə suala isə konkret cavab verə bilməyərək, bununla bağlı “komissiya”nın təqdimatının olduğunu söyləyib.

O, Artur Aqabekyanla təxminən 1994-1995-ci ildən sonra tanış olduğunu və onu 1999-cu ildə qondarma rejimin “daxili işlər naziri” “təyin” etdiyini bildirib.

“Bildiyim qədərilə Ermənistan Müdafiə Nazirliyində xidmət edirdi”, - deyə A.Qukasyan əlavə edib.

Xatırladaq ki, A.Aqabekyan 2000-2007-ci illərdə Ermənistan Respublikası müdafiə nazirinin müavini olub, habelə Ermənistanda bir sıra digər yüksək vəzifələrdə çalışıb.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!