71 saylı Masallı kənd seçki dairəsində Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərinə seçki proseduru barədə ətraflı məlumat verilib.
Keyfiyyətin və səmərəliliyin daha da yüksəldilməsi məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər MSK-nın treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplar şəklində keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 71 saylı Masallı kənd dairə seçki komissiyasının sədri Loğman Şahbazov səsvermə prosesindən danışaraq, məntəqə seçki komissiyası üzvlərinin yerinə yetirəcəyi vəzifələri diqqətə çatdırıb.
Təlimdə çıxış edən dairə seçki komissiyasının üzvü Arif Mehdiyev səslərin sayılması və protokolların doldurulmasından söz açıb.
Treninqlər zamanı məntəqə seçki komissiyalarının hər bir üzvünə MSK tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri materiallar təqdim olunub.
71 saylı Masallı kənd dairə seçki komissiyasından verilən məlumata görə, bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun davam etdirilir.
Dairənin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 35 min 233 seçici qeydə alınıb. Onlardan 636 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 862 nəfəri 80-100 yaş arasındadır. 101 yaşlı Qızılağac kənd sakini Abbasova Ağanənə Əhməd qızı isə ən yaşlı seçicidir.