Macarıstanın paytaxtı Budapeştdə yerləşən Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa Macarıstan ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. David Rozsa Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki xalq arasında mədəni dialoqun və əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və ortaq dəyərləri ön plana çıxarır. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Milli Seçeni Kitabxanası arasında əməkdaşlıq uğurla inkişaf edir və 2032-ci ilə qədər qüvvədə olan razılaşma birgə layihələr üçün möhkəm əsas yaradır. David Rozsa vurğulayıb ki, son illərdə Azərbaycan tərəfinin dəstəyi ilə kitabxananın fondu Azərbaycan nəşrləri ilə zənginləşdirilib və hazırda oxucular üçün 150-dən artıq Azərbaycan kitabı təqdim olunur. Bu nəşrlər ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında dolğun təsəvvür yaradır. O, həmçinin xatırladıb ki, 2024-cü ildə Bakıda Macarıstan Ədəbiyyatı Bölməsinin açılması qarşılıqlı mədəni əməkdaşlığın bariz nümunəsidir və Budapeştdə Azərbaycan guşəsinin yaradılması bu əməkdaşlığın davamıdır.
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxışında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələr son illərdə bütün sahələr üzrə, xüsusilə mədəniyyət istiqamətində dinamik şəkildə inkişaf edir. Səfir vurğulayıb ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatının Macarıstanda təqdim olunması ölkəmizin zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatı əsrlər boyu formalaşaraq humanizm, tolerantlıq və multikultural dəyərləri özündə ehtiva edir və bu dəyərlər bu gün də актуallığını qoruyur.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bildirib ki, bu təşəbbüs Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın növbəti mühüm göstəricisidir, kitabxanalar yalnız informasiya mərkəzləri deyil, həm də xalqların tarixi yaddaşını və milli-mənəvi dəyərlərini qoruyan vacib mədəniyyət ocaqlarıdır.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Dr. Adam Imre Szücz çıxışında bu təşəbbüsün Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, yeni yaradılan kitab bölməsi macar oxuculara Azərbaycanın zəngin ədəbiyyatı, tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq. Dövlət katibi qeyd edib ki, kitablar mədəni diplomatiyanın ən güclü vasitələrindən biridir və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir.
Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin İctimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nailiyyəti kimi qiymətləndirib. O bildirib ki, bu təşəbbüs Macarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Mate Vincze qeyd edib ki, kitabxanalar xalqlar arasında mədəni körpü rolunu oynayır və Azərbaycan ədəbiyyatının Macarıstanda təqdimatı oxucular üçün yeni imkanlar yaradır.
Tədbirdə hər iki ölkənin mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.