Ölkəmizin cənub bölgəsinin də əsrarəngiz
təbiəti var. Baxdıqca uzanan zümrüd meşələri, bulaqları, laləli yamacları, yarpızlı
dərələri göz oxşayır. Qayalarından xınalı kəkliklərin nəğməsi eşidilir. Son illər
bu gözəlliklərə tamaşaya gələn turistlərin sayı çoxalıb.
Lənkərandan Lerikə qalxan yolda birinci olaraq
Piran kəndi görünür. Turistlərin ən çox üz tutduqları bu kənd yaraşıqlı qəsəbəyə
çevrilib. Ötən ilin payızında dövlət başçımızın sərəncamı ilə Pirandan ən ucqar
yaşayış məntəqəsi Vıjakerə asfalt yol çəkilib. Yoldan 22 kəndin əhalisi istifadə
edir.
Turizm istirahət mərkəzləri buradan başlanır:
"Çənlibel”, "Təbəssüm”, "Meşəbəyi”, "Ağgöl”, "Qala”, "Relax”, "Həyat”, "Xəyal”,
"Cənub”, "Dağ çayı”... Bu istirahət ocaqları 10-15 ildir ki, istifadədədir. İstər
yayda, istər qışda qapıları turistlərin üzünə açıqdır.
"Relax” bölgədə fəaliyyət göstərən ilk istirahət
mərkəzidir. Prezident İlham Əliyev 2006-cı ilin oktyabrında rayona ikinci səfəri
zamanı istirahət mərkəzi ilə tanış olarkən ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Lerik rayonunun
çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə
etməliyik, turizmin inkişafına böyük diqqət yetirilməlidir”.
"Relax” meşələr qoynunda şəhərciyi xatırladır.
Əcnəbi turistlər buraya üz tutur, dağlar diyarının flora və faunası ilə tanış olur,
uzunömürlülərin duzlu-məzəli söhbətlərinə qulaq asır, xalqımızın adət-ənənələri
barədə məlumat alırlar. Şəhərcikdə 142 kottecdəki lüks otaqlar onların ixtiyarındadır.
Otaqlarda kabel televiziyası quraşdırılmış, telefon xətti çəkilmiş, yaddaş kitabçaları
qoyulmuşdur. Həyətlərin hamısı güllü-çiçəklidir. Şərq üslubunda tikilmiş külafirəngilərə
dağ kəndlərində toxunmuş xalçalar, kilimlər, palazlar sərilmişdir.
İstirahət mərkəzində uşaqların əylənməsi
üçün də şərait ürəkaçandır. Meydançalardakı yelləncəklər, avtoqatar, velosipedlər,
fırlanqıclar, hovuz onların ixtiyarına verilmişdir. Uşaqlara çayda qayıq sürmək
də öyrədilir. Onlar valideynlərinə qoşulub "Uzunömürlülər” muzeyindəki eksponatlarla
tanış olur, ahılların həyat tərzi barədə qısametrajlı filmlərə baxır, xatirələrini
dinləyirlər.
"Relax”da uşaq bağçası da fəaliyyətdədir.
Körpəsi olan analar uşaqlarını bağçaya qoyub arxayın istirahət edirlər.
Dincəlməyə gələnləri maraqlı görüşlər, müsabiqələr,
konsert proqramları, səyahətlər gözləyir. Onlar avtobuslarda səyahətə çıxır, dini
abidələri ziyarət edir, qədim insan məskənləri olan mağaralarla tanış olur, bulaq
başında dincəlir, dərman otları toplayırlar. Tarix-diyarşünaslıq muzeyində rayonun
keçmişini, bu gününü əks etdirən ekspozisiyalara baxır, əməkdaşların məlumatlarını
dinləyirlər.
Zuvandın füsunkar təbiəti turistləri məftun
eləyir. Onlar at belində, piyada dağlara qalxır, Buzeyir və Zuvandçay mağaralarında
olurlar. Qızyurdu zirvəsindən zümrüd meşələri, mavi Xəzəri, "ağsaçlı” Savalanı seyr
edirlər. Dünyadakı 11 iqlim növündən 8-nin bu məkanda olması Zuvandı gur turist
məkanına çevirmişdir.
Bölgədəki böyük istirahət mərkəzlərindən
sayılan "Meşəbəyi” sanatoriyasına istirahətə gələnlər həkimlərin nəzarəti altında
müayinə olunurlar. Günün ikinci yarısında sakit guşələrdə oturub suların şırıltısına,
quşların nəğməsinə, yarpaqların pıçıltısına qulaq asırlar. Çaya qırmaq atıb balıq
tutanlar, at belində meşə cığırları ilə səyahətə çıxanlar da olur. Axşamlar milli
yeməklərdən dadıb razı qalırlar. Hər bir dincələnin sağlamlığı tibb işçilərinin
nəzarəti altındadır.
Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər
məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vıjaker
yollarının istifadəyə verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb
olub.
Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist