Rusiyanın
"lenta.ru” saytında jurnalist Elen Babayanın "Cəhənnəmə addımlayırıq” sərlövhəli
məqaləsi dərc edilib. Materialda COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda
yaranmış cari vəziyyətdən bəhs edilir. AZƏRTAC həmin məqaləni təqdim edir.
* * *
Ermənistan koronavirusla savaşı uduzub. Orada insanlar
çipləşdirməyə inanır və kütləvi şəkildə yoluxurlar
Ermənistanın
COVID-19 koronavirus infeksiyası ilə savaşı uduzmuş dövlətlər siyahısına düşmək
üçün hər cür şansı var. Ölkədə xəstəliyin sürətlə yayılması yenidən müşahidə olunur,
ağır vəziyyətdə olan pasiyentlərin faiz nisbəti kəskin şəkildə artıb, səhiyyə sisteminin
resursları tükənməkdədir. Bununla bərabər, hakimiyyət orqanları küçələrdə maskasız
halda yaxalanmış vətəndaşları sosial şəbəkələrdə qınamaqla kifayətlənirlər. Vətəndaşlar
isə utanmağa tələsmir, çünki epidemiyanın lap əvvəlindən heç kəs epidemioloji təhlükəsizlik
qaydalarına riayət olunmasına nəzarət etmirdi. Üstəlik, çoxları COVID-19 barəsində
rəsmi KİV və hörmətli ictimai xadimlər tərəfindən yayılan konspiroloji nəzəriyyələrə
inanır. Bəs necə olur ki, Ermənistanı epidemiyanın ikinci dalğası bürüyüb və bu
dalğa respublika əhalisinə necə təhdid edir?
Gözlənilməyən yerdən dəyən zərbə
Ermənistanın
baş naziri Nikol Paşinyan ötən çərşənbə günü "Facebook” şəbəkəsinin birbaşa efirinə
çıxıb və vətəndaşları təzə xəbərlə təşvişə salıb - ölkədə "epidemioloji fəlakət”
yaranıb, baş nazir özü və onun bütün ailəsi COVID-19-a yoluxub, sadəcə bu yoluxma
simptomsuz olub. Ölkədə vəziyyət, həqiqətən, pisləşib: bütün dünyada məhdudiyyətlər
götürülür, koronavirus epidemiyasının azalması qeydə alınır, Ermənistanda isə xəstələrin
sayı üçqat artıb.
Ermənistanda
COVID-19-dan qeydə alınmış ölüm hallarının 70 faizi son üç həftəyə təsadüf edir.
Bu müddətdə xəstəliyin sürətlə artması müşahidə olunur.
Mayın 20-də
ölkədə rəsmən təsdiq edilmiş xəstəlik hallarının sayı 5606 olduğu halda, iyunun
10-da xəstələrin sayı artıq 14103 olub. Ölüm hallarının sayı da kəskin artıb. Ölkədə
epidemiya dövründə qeydə alınmış 227 ölüm halından 160-ı bu dövrə düşüb. Həmin dövrdə
daha 67 nəfər koronavirusa yoluxmuş olsa da, onlar "başqa səbəblər üzündən” ölmüş
hesab edilir. Koronaviruslu xəstələri öldürən "başqa səbəblər” nədir və bu səbəblər
üzündən ölənlərin sayı nəyə görə bu qədər çoxdur - bunu heç kəs izah etmir.
Lakin belə
güman etməyə əsas var ki, real vəziyyət qat-qat pisdir. Məsələn, iyunun 1-də həkimlər
1249 nəfərdən analiz götürüblər, onlardan təqribən yarısının analizi müsbət nəticə
verib. Bununla belə, sutka ərzində aparılan testlərin sayı iki mini aşmır - resurslar
çatışmır. Fəlakətin real miqyasını hakimiyyət orqanları da qismən etiraf edirlər.
Paşinyan özü iyunun 7-də bəzi "analitik məlumatlar” dərc edib, həmin məlumatlara
görə o anda Ermənistanda yoluxmuş şəxslərin sayı 100 min olub. Sonradan baş nazir
bu postunu redaktə edib və həmin rəqəmləri götürüb.
Hakimiyyət
orqanları vəziyyətin pisləşməsində dərhal vətəndaşları təqsirləndiriblər - Paşinyan
göstərir ki, xalq, xüsusən Yerevanda təhlükəsizlik tədbirlərinə kütləvi şəkildə
etinasızlıq göstərir. Baş nazir qaydaları pozanlara qarşı elə həmin "Facebook”un
köməyi ilə mübarizə aparır, vaxtaşırı küçələrdə sosial məsafəni və evdən kənarda
maskasız olmaq barədə qadağanı pozan insanların fotoşəkillərini dərc edir. O, sosial
şəbəkənin digər istifadəçilərini də bu "kütləvi epidemiya əleyhinə hərəkata” qoşulmağa
çağırır.
Hakimiyyət
orqanları hələlik heç bir başqa tədbir tətbiq etməyə hazırlaşmır. Paşinyan artıq
eyhamla bildirib ki, hüquq mühafizə orqanları epidemiyaya qarşı mübarizə aparmayacaqlar,
çünki bu məsələni həll edə biləcək "güc strukturu yoxdur”.
Baş nazir
Nikol Paşinyan xəstəliyin kəskin artması barədə fikrini belə ifadə edib: "Biz böhran
nöqtəsinə çatmışıq. İndi cəhənnəmə addımlayırıq”.
Baş nazirin
sosial şəbəkədə paylaşdığı fotoşəkillərdə, həqiqətən, epidemiya dövründə elementar
davranış qaydalarına riayət etməyən insanların kütləvi şəkildə toplaşması görünür.
Maska və əlcək yoxdur, olanda da çənənin altına düşüb və ya burnu örtmür. İnsanlar
qrup şəklində toplaşır, növbədə dayanır, məsafə gözləmir və ilaxır. Bu şəkillərə
əsasən, onların epidemiyanın pik dövrünü yaşayan ölkədə çəkildiyini demək mümkün
deyil. Lakin burada təzə bir şey yoxdur - heç kəs, o cümlədən baş nazir özü də əvvəldən
təhlükəsizlik qaydalarına riayət etmirdi.
Konspiroloqlar epidemiyanın müttəfiqləridir
Ermənistanda
fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bütün müddətdə (martın 16-dan bəri)
həyat bir dəqiqə belə sakitləşməyib və faktiki olaraq İsveç ssenarisi üzrə davam
edib, lakin skandinavlılara xas olan şüurluluq və təmkin müşahidə olunmayıb. Ermənilər
mümkün qədər çox sayda həmvətənlərini yoluxdurmaq üçün əlindən gələni edirlər.
"Facebook”un Ermənistan seqmentində artıq iki aydır ki, yayılan foto və videolarda
heç bir karantin əlaməti görünmür.
İş burasındadır
ki, xalq kütlələrinin çox hissəsi bu virusa qeyri-ciddi yanaşır. Bunun da azı iki
səbəbi var. Birinci səbəb - "bəlkə də sovuşdu” düşüncəsi və qonşusunun həyatına
laqeyd münasibətdir. İkinci səbəb koronavirus təhlükəsini süni şəkildə azaldan və
ya ümumiyyətlə, inkar edən populyar konspiroloji nəzəriyyələrdir. Ermənilərin əsas
götürdüyü cəfəng fikirlər sırasına saxta elmi və gülməli dərəcədə ağlasığmaz nəzəriyyələr
palitrası daxildir.
Bəziləri əmindir
ki, COVID-19 təhlükəlilik dərəcəsinə görə adi soyuqdəymə ilə müqayisə oluna bilər.
Savad dərəcəsi daha aşağı olanlar əmindirlər ki, bu virusu Bill Geyts və ya dünya
miqyaslı sui-qəsdçilər qrupu fikirləşib ki, məcburi vaksinləşdirmə bəhanəsi ilə
çipləşdirmənin köməyi ilə bütün bəşəriyyət kölə vəziyyətinə salınsın. Belə bir absurd
fərziyyənin pərəstişkarları da tapılır ki, epidemiyanın səbəbi 5G vışkası olub,
lakin Ermənistanda bu cür vışkalar olmadığına görə virus da yoxdur.
Bill Geyts
bəşəriyyətin kütləvi şəkildə çipləşdirilməsi
məqsədilə dünya miqyaslı sui-qəsd nəzəriyyələri barədə deyib: "Mən heç vaxt mikroçiplərə
oxşar şeylərlə məşğul olmamışam. Bunu təkzib etmək çox çətindir, çünki bu, çox cəfəng
və qəribə fikirdir”.
Yaxın vaxtlarda
qohumlarını dəfn etmiş tanışlarının həyatında baş vermiş halları təsvir edən adamları
ayrıca qeyd etmək lazımdır. Guya, həkimlər bu adamların yanına gəlir və bir-iki
yüz dollar təklif edirlər ki, onlar mərhumun COVID-19-dan ölmüş kimi qeydə alınmasına
razılıq versinlər. Bu cür uydurmalar peyvəndin əleyhinə olanlar arasında çox populyardır.
Onlar hesab edirlər ki, hamını məcburi şəkildə peyvənd etmək üçün hakimiyyət orqanlarına
xəstəlik və ölüm göstəricilərini süni şəkildə artırmaq lazımdır. Bu insanların təfəkküründə
peyvəndlər nə isə pis bir xəstəliyə qəsdən yoluxdurmağa xidmət edir, sonsuzluğa
səbəb olur, "erməni genini” öldürür, məhv edir və korlayır.
Bu cür mühakimə
şəhər dəliləri üçün səciyyəvidir, lakin Ermənistanda belələri o qədər çoxdur ki,
onların səsi KİV-ə çatır, Səhiyyə Nazirliyi isə tamamilə aşkar olan belə cəfəngiyyata
münasibət bildirməyə və onu təkzib etməyə məcburdur. Başqa sözlə desək, digər ölkələrdə
müzakirə edilməsi qəbahət sayılan məsələlər Ermənistanda daim gündəlikdədir.
Ən kədərlisi
odur ki, bəzi hallarda koronavirus haqqında dezinformasiyanı həkimlər özləri yayırlar.
Onlar bunu şüurlu surətdə, yoxsa peşə yararsızlığı nəticəsində edirlər - məlum deyil.
Məsələn, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü, həkim təhsili almış Marine Xaçatryan
deyir ki, koronavirus çox uzaq məqsədlər üçün yaradılmış bioloji silahdır.
Marine Xaçatryan
SARS CoV-2-nin laboratoriyada yaradılması barədə dəfələrlə təkzib olunmuş nəzəriyyəni
şərh edərək deyir: "Bizə qarşı bioloji silah tətbiq edə bilərlər. Bu virusun maraqlı
tərkibi var: o, dörd elementdən, xalq arasında QİÇS virusu adı ilə məşhur olan virus
parçasından ibarətdir. Yəni bu virusun dörd parçası çox ehtimal ki, laboratoriya
şəraitində kəsilib götürülüb”.
Dezinformasiya
təkcə ayrı-ayrı insanlar tərəfindən deyil, bütöv təşkilatlar və KİV tərəfindən də
yayılır. Məsələn, ABŞ Dövlət Departamenti xətti ilə ayrılmış qrant vəsaiti hesabına
açılmış "Medmedia.am” saytı ətrafında bu günlərdə qalmaqal yaranıb. Həkim Gevork
Qriqoryanın idarə etdiyi bu sayt sözün hərfi mənasında yuxarıda sadalanan bütün
sui-qəsd nəzəriyyələrinin - həm statistikanın şişirdilməsi, həm də qərəzli peyvəndlər
barədə uydurmaların yayılması üzrə ixtisaslaşır.
Bundan əlavə,
Qriqoryan həm də "COVID-19 Ermənistan: faktlar toplayan qrup” təşəbbüsünün həmtəsisçisidir
və artıq "ekspertlər” təsisatı vasitəsilə öz nəzəriyyələrini kütlələr arasında yayır.
Nəticədə bu məlumatlar minlərlə insana çatdırılır və sosial şəbəkələrdə yüz minlərlə
baxış toplayır. Beləliklə, kütləvi məsuliyyətsizlik və konspiroloji nəzəriyyələrə
inam koronavirusun yayılması üçün ən münbit şərait yaradır. İnsanlar ölümcül təhlükəli
xəstəliyə qarşı mübarizəyə qoşulmaqdan sadəcə imtina edir və hər kəs bunu etməmək
üçün bir bəhanə tapır.
Ermənistan
əhalisinin təhsilinin aşağı səviyyədə olması da özünü göstərir - bu ölkədə, ümumiyyətlə,
virusu bakteriyadan, bakteriyanı göbələkdən fərqləndirə bilənlər azdır, həkimə müraciət
etmək də çox populyar məşğələ deyil.
Əksər hallarda
nəticə eyni olur - xəstələr xalq tərəfindən yoxlanılmış resept üzrə hərəkət edirlər:
hər hansı xəstəliyin hər hansı əlamətləri yarandıqda antibiotik içirlər. Ermənistanda
artıq iki ildir ki, antibiotiklərin sərbəst satışı qadağan edilib, amma reallıqda
bu qadağa işləmir. İnsanlar həbləri qəbul edir, amma bilmirlər ki, antibiotiklər
koronavirusun müalicəsinə kömək etmir. Onlar sağaldıqlarını güman edərək küçəyə
çıxırlar.
İtirilmiş imkanlar
Əgər konspiroloqların
təhlükəli fəaliyyətinin qarşısı vaxtında alınsaydı, bəlkə də onlar özlərini daha
təvazökar aparardılar, amma belə olmadı. Martın 1-də, Ermənistanda ilk yoluxma halı
aşkar edilən gün ölkənin ən populyar "Facebook”-blogeri olan Paşinyan birbaşa efirdə
epidemiyanı ələ salaraq soruşurdu: "Ümumiyyətlə, bu koronavirus kimin itidir?”
Bundan iki
gün əvvəl Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan sosial şəbəkədə
iddia edirdi ki, virus o qədər təhlükəli deyil ki, ona görə ciddi tədbirlər elan
edilsin. Həmin vaxt ÜST COVID-19-un yayılmasını beynəlxalq miqyaslı fövqəladə vəziyyət
kimi tanımışdı, pandemiyanın və beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyətin elan
edilməsinə 2 həftə qalırdı.
ÜST ilk dəfə
beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyəti 2002-2003-cü illərdə qeyri-tipik SARS
Cov pnevmoniyası dövründə elan etmişdi. Son 10 ildə belə rejim cəmi bir neçə dəfə
"donuz qripi” A(H1N1) epidemiyası, poliomielit, "Ebola” qızdırması, Zik virusu və
SARS Cov-2 koronavirusu ilə əlaqədar tətbiq edilib.
Virus ilk
real problem oldu ki, Paşinyan komandası onu əvvəlki hakimiyyət orqanlarının üzərinə
yıxa bilmədi. Epidemiyanı lazımınca maliyyələşdirilməyən və lazımınca inkişaf etməmiş
səhiyyə sisteminin bütün imkanlarını səfərbər etməsi ilə izah etmək cəhdləri uğursuz
oldu. Onda hakimiyyət orqanları başqa yol seçdilər.
Onlar əvvəlcə
koronavirusun təhlükəli olmasını əlaqələndirilmiş şəkildə inkar etdilər və hər şeyi
zarafata salmağa çalışdılar. O vaxt ölkədə yuxarıdan idarə edilən mühüm siyasi proseslər
gedirdi. Məsələn, Konstitusiya Məhkəməsinin tərkibinin dəyişməsinə koronavirus mane
ola bildi. Beləliklə, Səhiyyə Nazirliyinin rəhbəri Torosyan ÜST-ün rəsmi məlumatına
birbaşa zidd olan bəyanatlar verməkdə davam edirdi. Məsələn, aprelin 14-də o, bir
daha təkrar etdi ki, koronavirus çox təhlükəli infeksiya deyil, çünki "elə infeksiyalar
məlumdur ki, onlardan ölüm halları təqribən 50 faiz təşkil edir”.
İyunun
10-u üçün olan rəsmi məlumatlara görə, dünyada COVID-19-dan ölüm hallarının orta
sayı 5,6 faiz təşkil edir. Bu göstərici ölkələrdən asılı olaraq fərqlənir. Məsələn,
İtaliyada o, 14,4 faizdən yüksəkdir, Rusiyada 1,2 faiz həddindədir.
Torosyan həm
sözdə, həm də əməli işdə fərqləndi. Mayın 7-də onun günün günorta çağında naməlum
adamlarla bir kafedə şəklini çəkdilər - onların üzündə maska və ya hər hansı aşkar
görünən qoruyucu vasitələr yox idi. Təbii ki, Səhiyyə Nazirliyinin rəhbərinə etirazlar
bildirildi, idarənin mətbuat katibi bu etirazlara o qədər də gizlədilməyən əsəbiliklə
cavab verdi.
"Biz şadıq
ki, siz nazirin bütün hərəkətlərini izləyirsiniz, əgər siz son 3 ayda 24/7 rejimində
görülən işləri də belə ruh yüksəkliyi ilə izləsəydiniz, pis olmazdı”, - sözlərini
yazan mətbuat katibi daha sonra əlavə etmişdi ki, Torosyan bu fotoşəkildə öz müavinləri
ilə birlikdədir, yəni o, vaxtını boş yerə sərf etmir. Nəyə görə Səhiyyə Nazirliyinin
başçısı pandemiyanın şiddətli vaxtında fərdi qoruyucu vasitələrdən istifadə etmir,
ətrafdakılara pis nümunə göstərir və ümumiyyətlə, təhlükənin sovuşduğuna görə deyil,
çarəsizlikdən açılmış kafelərə nə üçün gedir, - mətbuat katibi bunları izah etməyib.
Baş nazir
özü də vətəndaşlara pis nümunə göstərirdi. Məsələn, translyasiyaların birində o
deyirdi ki, koronavirusa simptomsuz yoluxmaq "təbii peyvənd” kimidir və özü də belə
xəstələnmək istərdi. May ayının axırlarında ixtiyar sahibləri və Paşinyan Qarabağda
təntənəli şam yeməyində görünmüşdü. Onlar pandemiyanın şiddətli vaxtında pozulması
mümkün olan bütün qaydaları pozurdular. Yeri gəlmişkən, orada ofisiantlar vardı
- Ermənistanın baş naziri özünün yoluxmasının mümkün səbəbi kimi bu peşənin nümayəndələrini
göstərmişdi.
Uğursuz lokdaun
Təəccüblü
deyil ki, Ermənistanda mart ayında elan edilmiş ikihəftəlik sərt karantin və hələ
də saxlanılan digər məhdudiyyətlər heç bir fayda vermədi, yalnız iqtisadiyyata zərbə
vurdu. Karantin rejimini pozanlara qarşı hər hansı ciddi sanksiyalar tətbiq edilmirdi,
pozuntuların miqyası isə o qədər böyük idi ki, əgər polis hər bir məsuliyyətsiz
vətəndaşdan cavab tələb etsəydi, ölkə əhalisinin yarısını saxlamaq lazım gələrdi.
Ermənistanda
COVID-19 testlərinin 30-40 faizi müsbət nəticə verir.
Paşinyanın
milli fəlakət haqqında şivənçi bəyanatlarından sonra polis tam fəaliyyətsizlik vəziyyətindən
kəskin şəkildə çıxdı və digər ifrat mövqe tutdu. İndi 4-5 nəfərlik naryadlar küçələrdə
insanları saxlayır, onların qollarını burur, yerə yıxır, onlar qışqırmağa başlayana
qədər boğurlar. Təəssüf ki, onlar ABŞ-ı irqi müharibə həddinə çatdırmış amerikalı
həmkarlarının kədərli təcrübəsini nəzərə almırlar.
Sadə amerikalılar
kimi ermənilər də təkcə polis özbaşınalığına görə çaşıb qalmayıblar. Ölkədə məhdudiyyətlər
tətbiq etmək üçün elə ilk cəhd zamanı sosial və iqtisadi vəziyyətdən narazı insanların
lokal etirazları başladı. Çox zəif vəziyyətdə olan Ermənistan iqtisadiyyatı ikinci
lokdauna davam gətirəcəkmi - bu, çox böyük sualdır.
Hakimiyyət
orqanları xalqı, xalq isə hakimiyyət orqanlarını təqsirləndirir, lakin vəziyyət
dəyişmir. Hər iki tərəf təqsirkardır və tərəflərin heç biri nəinki səhvlərini düzəltmək,
heç olmasa onları etiraf etmək istəmir. Digər tərəfdən, hər gün koronavirus testlərinin
30-40 faizi müsbət nəticə verir. Bu rəqəmlər yoluxanların sayının çox yüksək olmasına
və deməli səhiyyə sisteminin tezliklə iflasa uğrayacağına və bunlardan heç də az
kədərli olmayan başqa nəticələrə dəlalət edir.