Onun Tuğda şölələnən ömür günəşini uzaq Kareliyada söndürdülər
XX əsrin ikinci onilliyində tarixi meydana qədəm qoyan Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşasa da, öz dövrü üçün mütərəqqi əhəmiyyətli qanunlar qəbul edib. Haqqında danışmaq istədiyimiz Cavad bəy Məlik-Yeqanov 28 may 1918-ci ildə ADR-ın yaradılması haqqında tarixi bəyannaməni imzalayan dövlət xadimlərimizdən biridir.
Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1878-ci ildə Şuşa mahalındakı Tuğ kəndində dünyaya göz açıb. İlk ibtidai təhsilini həmin dövrün görkəmli maarifçilərindən və Füzuli poeziyasının davamçılarından sayılan şair Mir Mehdi Xəzainin ev məktəbində alan Cavad bəy 1903-cü ildə Bakıya gəlib neft mədənlərində əmək fəaliyyətinə başlayır. O, gündəlik işdən savayı ölkədə baş verən ictimai-siyasi proseslərlə də maraqlanır və "Hümmət" təşkilatının sıralarına daxil olur. Cavad bəy tez-tez öz dostları, iş yoldaşları ilə birlikdə fəhlə mitinqlərində iştirak edir, zəhmətkeşlərin hüquqlarının müdafiəsi üçün əlindən gələni əsirgəmir. C.Məlik-Yeqanovun neftçilər arasında qısa müddətdə nüfuz qazanması çar məmurlarının nəzərindən qaçmır. 1909-cu ildə Bakının general-qubernatoru R.Martınovun əmri ilə ona bir il müddətinə həbs cəzası kəsilir. Həbsxanadan çıxdıqdan sonra Cavad bəy doğma Tuğ kəndinə qayıdaraq müxtəlif janrlı bədii və ictimai-siyasi ədəbiyyatın mütaliəsi ilə məşğul olur, həmçinin Şuşanın, Qaryaginin (indiki Füzuli rayonu), Gəncənin, Ağdamın və digər qonşu ərazilərin açıqfikirli, maarifpərvər şəxsləri ilə dostluq əlaqələri saxlayır.
Cavad bəy Tuğda yaşadığı müddətdə Baxşəli bəy Məlik-Aslanovun qızı Rəna xanımla ailə həyatı qurur. Bu izdivacdan onların Ənvər adlı oğlu, Tamara adında qızı dünyaya gəlir. Lakin tale Cavad bəydən bir müddət "üz çevirir". O ikiyaşlı oğlu Ənvəri, sonra isə gənc həyat yoldaşı Rəna xanımı itirir. Bu ayrılığa dözə bilməyən Cavad bəy yeganə qızını anası Mina xanımın yanında qoyaraq 1914-cü ildə yenidən Bakıya dönür və milyonçu Şibayevin mədənlərində tabelçi vəzifəsində işləməyə başlayır.
Həmin ildən o, Müsavat Partiyasının üzvü kimi mütəmadi olaraq bu siyasi təşkilatın tədbirlərində fəal iştirak edir və tezliklə məzmunlu, odlu-alovlu çıxışlar söyləyən natiqə çevrilir.
1917-ci il dekabrın 26-dan 31-dək Bakıda keçirilən Müsavat Partiyasının qurultayında iştirak edən Cavad bəy iki həftədən sonra Zaqafqaziya komissarlığının müsəlman fraksiyasının tərkibinə seçilir.
26 may 1918-ci ildə C.Məlik-Yeqanov Azərbaycan Milli Şurasının tərkibində yer alır. İki gün sonra isə o, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Rəhim bəy Vəkilov, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Musa bəy Rəfiyevlə birlikdə Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında İstiqlal Bəyannaməsinnə imza atır.
C.Məlik-Yeqanov Azərbaycan parlamentinin üzvü kimi onun iclaslarında fəal iştirak edir. Bir müddət sonra isə o, Zaqafqaziya Seymində Azərbaycanı ləyaqətlə təmsil edir.
1919-cu ildə gənc demokratik respublikanın cənub regionunda həyəcanlı vəziyyət yaranır. Yayda polkovnik İlyaşeviçin komandanlığı ilə Lənkəranda hakimiyyəti ələ keçirən Denikinin quldur dəstələri bu bölgəni Rusiyanın tabeliyinə keçirməyə cəhd göstərirdilər. Belə vəziyyət ADR-in rəhbərliyini narahat etməyə bilməzdi. Respublika parlamentinin fövqəladə iclasında səs çoxluğu ilə Cavad bəy Məlik-Yeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Milli hökumətin göstərişi və şəxsən Cavad bəyin təklifi ilə Azərbaycan Ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun komandanlığı altında Lənkərana göndərilir.
Milli Ordu qoşunlarının şücaəti sayəsində qondarma "Muğan radası"nın və Denikinin tör-töküntülərinin məhv edilməsindən sonra Cavad bəy Məlik-Yeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur. ADR-in proqramını Lənkəranda həyata keçirən Cavad bəy bütün güc-qüvvəsini bu diyarın iqtisadi-mədəni inkişafına sərf edir.
Cavad bəy 28 aprel 1920-ci ilədək - Azərbaycan Demokratik Respublikasının süqutuna kimi Lənkəran qəzasının general-qubernatoru vəzifəsində çalışır. XI Qızıl Ordu Bakını, daha sonra Lənkəranı ələ keçirəndən sonra o, həyatının təhlükədə olmasına baxmayaraq, Vətəni tərk etmək niyyətinə düşmür. Bir müddət o, əmək birjasında, neft təchizatı idarəsində, Bakı Sənaye Texnikumunda işləyir. Hansı sahədə çalışmasından asılı olmayaraq, Cavad bəy Məlik-Yeqanov özünü Vətənin layiqli övladı kimi göstərə bilir. Amma buna baxmayaraq o, qeyri-qanuni yollarla altı dəfə cinayət məsuliyyətinə cəlb olunur. 1933-cü ildə isə Cavad bəy Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə yenidən həbs cəzasına məhkum edilir və ömürlük Kominin düşərgələrinə sürgünə göndərilir. Onu da qeyd edək ki, C.Məlik-Yeqanovun "vətən xaini" kimi tutulması haqqında orderi erməni millətçiləri Nersesov və Ayvazov imzalayıblar.
Respublika rəhbərliyinin qara fikirli bəzi məmurları üçün elə bil bunlar bəs etmirdi. 1937-ci ildə onlar Cavad bəyin həyat yoldaşı Məryəm xanım Bayraməlibəyovanı, daha sonra digər qohumlarını həbsxanaya salırlar. Onu da bildirək ki, Məryəm xanım Bayraməlibəyova görkəmli Azərbaycan maarifçisi Teymur bəy Bayraməlibəyovun doğma qızı və davamçısıdır. Lənkəran şəhərində qızlar üçün ilk məktəbin və xeyriyyə cəmiyyətinin yaradılması məhz bu cəfakeş qadının adı ilə bağlıdır.
Repressiya Məlik-Yeqanovlar ailəsinin bütün üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin üç qızı - Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində qalıb. Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri "vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və sairə ilə əvəz etməyə məcbur olublar.
Ömrünün çox hissəsini həbsxanalarda keçirən Cavad bəy Məlik-Yeqanov 1942-ci il mayın 18-də Kareliyada sürgündə vəfat edib. Ona yalnız ölümündən sonra - 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilib. Cavad bəyin ömür-gün yoldaşı Məryəm xanım isə 1956-cı ildə bəraət alıb və 1987-ci ildə 89 yaşında dünyasını dəyişib.
C.Məlik-Yeqanovun hər üç övladı ali təhsil alıb. Tanınmış həkim olmuş böyük qızı Azərə tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Cavad bəy Məlik-Yeqanov bütün ömrü boyu xalqına, Vətəninə sadiq olub. Onun sürgündən həyat yoldaşı Məryəm xanıma göndərdiyi məktubdan aşağıdakı sətirlər dediklərimizə əyani sübutdur: "...Axı sən yaxşı bilirsən ki, Vətənimi necə sevirəm! Mənim Azərbaycanım, mənim xalqım mənə çox əzizdir. Onlar üçün hətta həyatımdan keçməyə belə hazıram!.."
Ondan bu həyatı aldılar!
Sonda qeyd edək ki, məhz Azərbaycan Demokratik Respublikasının şərəfli tarixi üzərindəki yasaq götürüldükdən sonra bir sıra ictimai və siyasi xadimlər özlərinin layiqli qiymətlərini ala bildilər.
Ağaddin BABAYEV,
Lənkəran