Əmlak Məsələləri Dövlət Komitəsi çoxmərtəbəli binalarda mənzil sahiblərinə kütləvi qaydada çıxarış verilməsini davam etdirir. Bu dəfə “Kütləvi çıxarış” kampaniyasından Bakı şəhərindən sonra Abşeron rayon sakinləri də faydalana bilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Xırdalan şəhərində mənzil sahibi olan 350-dək vətəndaşa kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində mobil ofis xidmətləri vasitəsilə qeydiyyat xidmətlərini birbaşa vətəndaşların ünvanına çatdırıb. Xırdalanda yerləşən hündürmərtəbəli binada, komitənin xüsusi nəqliyyat vasitələrində 250-dək vətəndaşa onların mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. Yüzə yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar cavablandırılıb, hüquqi məsləhətlər verilib.
Kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş tələb olunmur.
Xatırladaq ki, çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən edilmiş sənədləri, o cümlədən istismara qəbul aktını ərazi qeydiyyat idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və xidmət haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət reyestrindən çıxarış əldə edə bilərlər.
İndiyədək 6 minə yaxın vətəndaşın faydalana bildiyi “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini əhaliyə mobil şəkildə və əlverişli şəraitdə yerlərdə təqdim edən təqdirəlayiq sosial layihədir. Bu sosial layihənin mühüm məqsədi insanların ərazi qeydiyyat idarələrinə gəlməsi zərurətini aradan qaldırmaq, bununla da, vətəndaş-məmur təmasını maksimum azaltmaqdır. Beləliklə də, göstərilən xidmətlərdə açıqlıq, şəffaflıq və çevikliyi artırmaq, vətəndaşın xidmətlərdən razılıq səviyyəsinin yüksəlməsinə nail olmaqdır.
Komitənin “Kütləvi çıxarış” kampaniyası ilə bağlı atdığı digər mühüm addım kampaniyanı intensiv keçirməsidir. Əgər əvvəllər kampaniya bir ayda yalnız bir dəfə keçirilirdisə, artıq bir ayda iki-üç dəfə, eyni zamanda, paralel olaraq bir neçə rayon və ya şəhərdə keçirilir. Bu intensivləşdirmədə əsas səbəb əhalinin kampaniyaya marağı, eləcə də, kampaniyanın sosial üstünlükləri, mülkiyyət hüquqlarının daha səmərəli təmin olunmasıdır.