Ulu Öndər
Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi 48 ildir dayanmadan paytaxt
əhalisini içməli su ilə təmin edir
Ölkəmizdə
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd
edilir. 1969-cu il iyulun 14-də dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi
müasir tariximizin dönüş nöqtəsidir.
Məhz bu tarixdən
etibarən Azərbaycan tənəzzüldən milli inkişaf və intibah yoluna qədəm qoydu. Ulu
Öndərin Azərbaycana rəhbər seçilməsi ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın
hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.
Bununla da keçmiş ittifaqın geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan
qısa müddətdə nəhəng tikinti-quruculuq meydanına çevrildi.
Ölkəmizdə
infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatının və
kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin
böyük bir hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin respublika
rəhbərliyinə gəlişindən sonra, digər sahələr kimi, su təchizatı sektorunda da ciddi
dönüş yarandı, Bakı şəhərinin və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına
nail olundu. Ümummilli Liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür
Sutəmizləyici Qurğular Kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının
ödənilməsində mühüm rol oynayır.
Bəs, görəsən,
Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür Sutəmizləyici Qurğular Kompleksinin
ərazisi bu gün hansı vəziyyətdədir və orada istismar olunan qurğu, avadanlıqların
iş prinsipi necədir?
"Azərsu” ASC
sədrinin müşaviri, vaxtilə Kür Sutəmizləyici Qurğular Kompleksinin və Kür-Bakı su
kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev deyir ki,
ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış
məntəqələri içməli su ilə "Şollar”, İkinci Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici
qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye
müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su təminatında
ciddi çətinliklər yaranırdı: "Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi
zərurəti ortaya çıxır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin
birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi.
1969-cu ildə respublika rəhbərliyinə gəlmiş dahi lider Heydər Əliyevin Kür su kəmərinin
tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu Öndərin
təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas
tikinti təşkilatları "Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində
işlər qısa müddətdə başa çatdırılır”.
Layihənin
birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə
verilir. Kür su kəməri kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi
Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradır. Ötən əsrin
80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə
Bakıya daha 3 magistral su kəməri çəkilir.
1998-2005-ci
illərdə "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində
Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına
Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun
olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı
nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə
çatdırılıb, eyni zamanda suyun keyfiyiyyəti standartlara uyğunlaşdırılıb.
Kür sutəmizləyici
qurğularının iş prinsipi, suyun təmizlənməsi prosesi də maraqlıdır. Kür Su Təchizatı
İdarəsinin rəisi Eldəniz Həsənovun sözlərinə görə, çaydan üzən nasos stansiyaları
vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən
istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda
emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan
nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün
magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı
nasoslardan istifadə olunur.
Oğuz-Qəbələ-Bakı
su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi
xeyli artıb. Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun
bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb.
Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı
magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da
Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də
magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə
yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə
də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf
nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərindən 7 şəhərin
və 168 kəndin 630 min nəfər sakini faydalanacaq.
Xatırladaq
ki, 2014-cü il dekabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad-Saatlı
magistral su kəmərindən Sabirabad şəhərinə, 2017-ci il martın 28-də isə Saatlı şəhərinə
içməli suyun verilməsi mərasimləri keçirilib.
Ölkə rəhbərliyinin
ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə
tapşırıqlarına uyğun olaraq "Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının
ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması
layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar
tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda
əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici
qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”