Prezident İlham Əliyevin yaratdığı Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi iş adamları ilə dövlət qurumları arasında körpü
rolunu oynayır
Hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı
kiçik və orta biznesin (KOB) inkişaf səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə
kiçik və orta sahibkarlığın ÜDM-də payı 50 faiz, məşğulluqda isə 60 faizdən çoxdur.
Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizini kiçik və orta müəssisələr
təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə ortahəcmli müəssisələr məşğulluğun əsas
təminatçısıdır. Son 5 ildə Avropa məkanında yeni iş yerlərinin 85 faizi kiçik və
orta biznes subyektləri tərəfindən yaradılıb.
Azərbaycanda sahibkarlığın inkişafı, biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl
sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin KOB subyektləri olması kiçik və orta
sahibkarlığın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu
göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı
iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir.
Prezident İlham Əliyevin sistemli islahatları
nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının
artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli
kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının
möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb.
Dövlət başçısının 28 dekabr 2017-ci il tarixli
fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başladığı (26 iyun 2018-ci il) zamandan bugünədək
iş adamlarının ən yaxın dəstəkçisinə çevrilib. Agentlik KOB subyektlərinə bir sıra
xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini
və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin
tabeliyində fəaliyyət göstərir.
Qısa müddət ərzində kiçik və orta biznesin
inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında KOB-ların rolunun artırılması,
onların maraqlarının müdafiəsi, sahibkarlara vahid məkan prinsipi ilə xidmətlərin
göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi
qurumun başlıca fəaliyyət istiqamətləri olub. Bir sözlə, agentlik kiçik və orta
biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud
dövlət dəstəyi mexanizmləri və göstərdiyi xidmətlər çərçivəsində KOB-lara yardımçı
olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.
KOBİA sahibkarlarla 4 növ təmas platforması
vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi
("KOB Dostu” şəbəkəsi və KOB İnkişaf mərkəzləri), sektoral (sahəvi assosiasiyalar
və fokus qruplar, "KOB klaster” şirkətləri), bir məkan prinsipi ("KOB evləri”) və
elektron vasitə ("e-KOB evi” portalı) platformalarıdır ki, bu mexanizmlərin bir
neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən
də yararlana biləcəklər.
Hazırda ölkə üzrə yaradılmaqda olan "KOB
Dostu” belə mexanizmlərdəndir. "KOB Dostu” konsepsiyasının yaradılması birbaşa olaraq
agentliyin qarşısına qoyulmuş məqsədlərdən və hədəflərdən irəli gəlir. Belə ki,
sahibkarın dostuna çevrilmək agentliyin əsas hədəflərindəndir. KOB dostları fəaliyyət
göstərdiyi yerlərdə mikro, kiçik və orta sahibkarlara onların təşəbbüslərinin, potensial
imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması
və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi
istiqamətində dəstək olur. KOB dostları daim sahibkarlarla sıx ünsiyyət yaradır,
onların inkişaf ehtiyacları ilə maraqlanır və digər metodlar vasitəsilə öyrənir,
yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqini aparır. "KOB Dostu” mexanizmi
həm də ona görə əhəmiyyətlidir ki, bu vəzifəni daşıyan şəxslər sahibkarın müraciət
etməsini gözləmir, özü onların görüşünə gedir, mütəmadi olaraq sahəvi görüşlər təşkil
edirlər. Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 "KOB Dostu”ndan ibarət şəbəkənin
yaradılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyində keçirilən geniş
kollegiya iclasında nazir Şahin Mustafayev KOBİA-nın fəaliyyətini dəyərləndirərkən
bildirib ki, KOB-lara dəstək məqsədilə yaradılmış agentlik tərəfindən 2019-cu ilin
6 ayı ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif
xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının
müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Belə ki, bu dövrdə 5 KOB dostu (Abşeron,
Sumqayıt, Şəki, Qəbələ və Füzulidə) fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə
KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes ("G2B”) və
zəruri biznes-biznes ("B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda
Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin - "KOB Evi”nin
təşkili istiqamətində tədbirlər davam etdirilir.
"KOB Evi”ndə sahibkarlıq subyektləri öz bizneslərinin
planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac
duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi
işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun
100-dən artıq "G2B” və özəl qurumların "B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq.
"KOB Evi”ndə bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları,
məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu
digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları
fəaliyyət göstərəcək.
Eyni zamanda elektron formada vahid platforma
üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması
istiqamətində də müvafiq tədbirlər görülür. "e-KOB evi” portalı KOB-lar üçün dəstək
mexanizmlərini vahid elektron platforma üzərindən "nonstop shop” rejimində təmin
edəcək.
KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik
və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim,
seminar və treninqlər keçirilir. Son 6 ayda vergi, gömrük, qida təhlükəsizliyi,
kommunal xidmətlərə qoşulmaq və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil
olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik
tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına
və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə
Bakıda və ölkənin regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro
və kiçik sahibkarların iştirakı təmin edilib.
Bu ilin 6 ayında agentlik tərəfindən həyata keçirilən mühüm layihələrdən
biri də Azərbaycan və Türkiyə hökuməti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad
edilmiş Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarıdır. Burada istehsal
edilən məhsulların emalı və qablaşdırılması üçün KOBİA-nın sifarişi ilə mobil emalatxana
və kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib. Həmçinin
mikro, kiçik və orta sahibkarlar üçün bir sıra yeni dəstəkləri və xidmətləri nəzərdə
tutan müxtəlif hüquqi sənədlər təsdiq olunub. KOBİA-nın təşkilatçılığı ilə "Azərbaycanın
biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan
birgə Proqramı” çərçivəsində 35 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu
keçib. Bununla da, proqram çərçivəsində Almaniyada təlim və qabaqcıl müəssisələrdə
təcrübə keçmiş sahibkar və menecerlərin sayı 419-a çatıb.
Onu da qeyd edək ki, Prezidentin 29 may
2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına
dövlət dəstəyi göstərilməsinə dair qaydalara əsasən dəstək tədbirlərinin təşkili
və dəstək məbləğinin ödənilməsi KOBİA tərəfindən həyata keçiriləcək. Həmçinin "KOB
klaster şirkəti”nin meyarları”, KOBİA-nın strukturuna daxil olan Dövlət-Özəl Tərəfdaşlığı
Mərkəzinin və Kiçik və orta biznesin inkişafı mərkəzlərinin əsasnamələri təsdiq
edilib. Hazırda bu sahədə KOBİA tərəfindən müvafiq tədbirlər görülür.
Sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin
və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi məsələsinə də
xüsusi diqqət yetirilir. Hazırda 30 gənc agentlikdə və ölkənin 14 şəhər və rayonunda
fəaliyyət göstərən "KOB Dostu” şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Ümumilikdə
50-dən çox gənc bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək
fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən
"KOB Könüllüləri Proqramı” çərçivəsində agentlikdə könüllü kimi çalışır.
Göründüyü kimi, qısa müddətdə ölkədə 15
"KOB Dostu” yaradılıb. Bu mərkəzlər mövcud dövlət dəstəyi mexanizmləri və agentliyin
göstərdiyi dəstək tədbirləri çərçivəsində sahibkarlara xidmət göstərir. Agentlik
qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri
tətbiq etməkdədir.
Agentliyin məqsədi KOB-ların fəaliyyətinin
tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan
və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə
mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək,
xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, regionlarda sahibkarlığın inkişafına
əlverişli şərait yaratmaq, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə
nail olmaqdır.
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin
edilməsi, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması Prezident İlham
Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. Yeni yaradılmış
KOBİA isə kiçik və orta biznesin inkişafı istiqamətində qarşısına qoyulan vəzifənin,
tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”