Goranboy torpağı isə əkinçinin əməyini bəhərsiz qoymur
Goranboyda özgə büsat var. Yolboyu əkin sahələri göz oxşayır. Ruzisini torpaqdan qazanan insanlar yorulmaq bilmədən çalışır, bol məhsul əldə etmək üçün gecəni gündüzə qatırlar.
Keçən ili uğurlu göstəricilərlə yola salan goranboylular cari ildə bu nailiyyətləri yeniləmək əzmindədirlər. Bu məqsədlə gün çıxandan batanadək əkin sahələrində torpaqla "təmas"da olurlar. Çünki bilirlər ki, iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonun inkişafı da, özlərinin güzəranı da bundan asılıdır.
Artıq ilin 5 ayı arxada qalmışdır. Ötən dövrün iqtisadi göstəriciləri əsasən müsbətdir. Rayon üzrə 5 ayda ümumi məhsul buraxılışının dəyəri 566,6 milyon manat olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının faktiki qiymətləndirmə dəyəri 17,7 milyon manatdan çox olmuşdur ki, onun da 371 min manatlığı bitkiçilik, 17,4 milyon manatlığı heyvandarlıq məhsullarının payına düşür. Bu dövrdə sənaye müəssisələri tərəfindən isə 12,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Tikinti üzrə əsas kapitala 1,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 948,8 min manatı və ya 59,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Rayonda taxılçılığın inkişafına xüsusi diqqətlə yanaşılır. Keçən il bu ilin məhsulu üçün 19 min 505,7 hektarda səpin aparılmışdır. Onun 5 min 716,5 hektarı buğda, 12 min 941,2 hektarı arpa, 848 hektarı xəsildir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, sahələrdə normal məhsul yetişmişdir. Fermerlər sahələri ziyanvericilərdən və alaq otlarından qorumaq üçün də geniş mübarizə tədbirləri aparmışlar. Yaxın vaxtlar arpa sahələrində biçinə başlanacaq. Bunun üçün kombaynlar, eləcə də nəqliyyat vasitələri saz vəziyyətə gətirilmiş, biçində iştirak edəcək kombaynçılarla söhbətlər aparılmışdır. Biçiləcək arpanın qurudulması və talvarlara yığılması üçün də hazırlıq işləri başa çatmışdır.
Goranboyda pambıqçılığa da maraq çoxdur. Rayonda pambıq istehsalı ilə "Azərpambıq ASK", "Prime Cotton" və "Goran Cotton" MMC-lər məşğul olur. Hər üç MMC üzrə ümumilikdə 1804,1 hektarda səpin aparılmışdır. 1782,3 hekarda çıxış alınmışdır. Hər il olduğu kimi, bu il də Fəxralı, Qaramusalı, Səfikürd, Xan Qərvənd, Əlirzalı, Yeniyol, Balakürd, Boluslu, Nərimanlı, Qaqapirimli, Goranlı, Quşçular kəndlərində bol məhsul gözlənilir. Bundan başqa, goranboylular yazlıq əkinlərdən 2089,2 hektarda günəbaxan, 756 hektarda qarğıdalı, 53,9 hektarda şəkər çuğunduru, 742,2 hektarda tərəvəz, 722 hektarda yonca əkmişlər. 1146 hektarda isə meyvə bağları salınmışdır.
Dövlət başçısının kənd təsərrüfatının inkişafına yönəlmiş sərəncamları rayon fermerlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaratmışdır. Həm də bu hesabadır ki, rayon üzrə əksər növ kənd təsərrüfatı məhsullarının istehsalında uğurlu göstəricilərə nail olunur. Götürək tütünçülüyü. Hazırda rayonda bu sahəni inkişaf etdirmək, emal müəssisələri yaratmaq və tütünçülüklə məşğul olanların gəlir əldə etmək imkanlarını genişləndirmək üçün əlverişli şərait var. Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində 8 hektar sahədə tütün becərilir. Keçən il həmin sahələrdən 14,7 ton məhsul yığılaraq təhvil verilmişdir. Bu il isə tütünçülər 20 hektar sahədə tütün əkmişlər.
Baramaçılıqda da vəziyyət pis deyil. Cəmi 40 gün ərzində çəkdikləri əziyyətin bəhrəsini görən rayon kümçülərindən hansını dindirsək, bu sahənin də iqtisadi cəhətdən gəlirli olduğunu söyləyər. Bu il rayon üzrə 41 kümçüyə 50 qutu barama verilmişdir. Artıq bir aydır ki, kümçülər barama yetişdirməklə məşğul olurlar. Hazırda barama qurdları son inkişaf mərhələsindədir. Söz düşmüşkən, barama qurdlarının yemlənməsində heç bir problem yoxdur. Son bir neçə ildə 27 min tut tingi əkilmişdir. Artıq həmin ağaclar bara düşmüşdür.
Məlum olduğu kimi, Goranboy su təminatında əziyyət çəkən rayonlar sırasındadır. Ona görə də Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bütün qüvvələri səfərbərliyə alaraq rayonun əkin sahələrinin su ilə təminatına ciddi yanaşır, 79939 hektar sahənin suvarılmasını təmin etmək üçün 986 subartezian quyusunu, 16 nasos stansiyasını və suvarma kanallarının işlək vəziyyətdə olması üçün bütün tədbirləri görür. İlin əvvəlindən ötən dövr ərzində 258 subartezian quyusunun nasosları təmir edilmiş, 50 təzə nasos alınaraq quraşdırılmışdır. Bundan savayı, Borsunlu nasos stansiyasında 120, Səfikürd nasos stansiyasında 140, Qızılhacılı nasos stansiyasında 60 və Boluslu nasos stansiyasında 90 metr dəmir boru xətlərində cari təmir işləri aparılaraq istismara verilmiş, suvarma suyuna ciddi təlabat olan ərazilərdə 31 təzə subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Onun 10-u artıq istifadəyə verilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"