Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 10 milyard 865,5 milyon manat olub. Onun 5 milyard 134 milyon manatlığı heyvandarlıq, 5 milyard 731,5 milyon manatlığı bitkiçilik məhsullarının payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3, bitkiçilik məhsulları üzrə 2,7 faiz artıb.
Bitkiçilik məhsulları üzrə noyabr ayının 1-nə qarğıdalı da daxil olmaqla 3 milyon 172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4 faiz az) kartof, 1 milyon 753,6 min ton (1,4 faiz çox) tərəvəz, 438, 2 min ton (6,5 faiz az) bostan məhsulları, 1 milyon 84,5 min ton (2,4 faiz az) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 1 milyon 102,4 ton (15,5 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru, 4,2 min ton (12,2 faiz çox) tütün və 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb.
Onu da qeyd edək ki, artıq təsərrüfatlarda 2024-cü ilin məhsulunu yetişdirmək üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 881,7 min hektar sahə şumlanıb. Gələn ilin məhsulu üçün 369,9 min hektarda toxum səpilib. Bunun 189,1 min hektarı buğda, 180,7 min hektarı arpa və 1000 hektarı çovdar toxumudur.
Heyvandarlığa gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1 milyon 864,5 min ton süd, 1 milyard 832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. Ötən iin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1, süd istehsalı 1,5, yumurta istehsalı 10,5, barama istehsalı 4,6 faiz artıb. Yun istehsalında isə 3 faiz azalma qeydə alınıb.
"Azərbaycan"