30 Aprel 2021 00:31
2439
İQTİSADİYYAT
A- A+
Kəlbəcərin ekoturizm sərvətləri

Kəlbəcərin ekoturizm sərvətləri

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etmişdir. Çarəsiz qalıb məğlubiyyəti həzm edə bilməyən Ermənistan ordusu və əhalisi bölgədə ölüm-dirim anlarında belə yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam etdirərək ekoloji terrorlar həyata keçirmiş, evlərlə yanaşı, meşələri də yandırmış, təbiətə külli miqdarda ziyan vurmuşlar.

Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və bura Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. İşgaldan sonra Kəlbəcərin əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı Kəlbəcərdən 53 min 340 nəfər əhali qovulmuş, 50 dinc insan öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Hazırda Kəlbəcər rayonunun ərazisi 3054 kvadrat km, əhalisinin sayı 77 min 3 nəfər, o cümlədən şəhər əhalisi 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir (2020). Rayon Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşir. Qərbdən Ermənistan Respublikası, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir.

Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür.

Rayonun ən yüksək dağlıq zirvələrindən başlanğıcını götürən, ilboyu çox suyu olan Tərtər çayı və 30-dan çox böyuklü-kiçikli qolları (Levçay, Tutqunçay), onlardan nisbətən çox sulu və uzun olan Tutey cayı, Bazar çayı və digər çaylar bu əraziyə bərəkət və gözəllik gətirir. Bu yerlərin səthi quruluşu əsasən yüksək dağlıq ərazilərdən ibarətdir. 10-dan çox vulkanik göl, rayon ərazisində olan nisbətən böyük və kiçik Anagöllər, Zalxagöl, Sərsəng su anbarı və s. bu yurdun zəngin təbii sərvətidir.

Rayonun dəniz səviyyəsindən orta hündürlüyü 1961 metrdir.

Kəlbəcər çoxsaylı müalicəvi termal və mineral sulara, zəngin meşələrə, yabanı bitən cır meyvələrə, müalicəvi dərman bitkilərinə, tarixi, mədəni, dini abidələrə və s. malikdir.

Bu yaşayış məskəni Azərbaycanın ən yüksək dağlıq rayonu olub, ərazisinin 80 faizə qədərini dəniz səviyyəsindən hündürlüyü 2000 metrdən çox olan yüksəkliklər təşkil edir. Bunlardan Murovdağda hündürlüyü 3724 m olan Camışdağ dağ zirvəsi, 3367 m olan Böyük Hinaldağ dağı, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ dağ 3616 m) bir hissəsi olan zirvələr ən hündür zirvələrdir. Kəlbəcərin meşələrinin ümumi sahəsi 30 min hektara yaxındır. Rayon dağ idman və ovçuluq turizminin inkişafı üçün əlverişlidir. Bu məqsədlə əsasən xarici turistlərin dağlıq ərazilərə çıxmaları üçün onları müşayiət edən, əraziləri yaxşı tanıyan gidlərin hazırlanmaları da vacib şərtlərdəndir.

Ərazidə soyuq və dağ tundra iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu mənfi 3 °C -dən mənfi 10 °C-yə qədər, iyulda müsbət 5 °C-dən müsbət 20 °C -yə qədər olur. İl ərzində 700-900 mm yağıntı düşür.       

Burada əhalinin sağlamlığının və istirahətinin təşkili üçün Kəlbəcərə dünya şöhrəti qazandırmış 53 çıxımı olan Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları 3093 kubmetr gün olan termal və mineral su yataqları yerləşır. Keçmiş sovetlər dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirmişlər. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildikdən sonra sanatoriya kompleksi dağıdılmış, bu mənfur millət yerli termal isti sularını “Cermuk” suyu adı ilə öz brendləri kimi dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə və ABŞ-a çıxarıb, yüksək qiymətə satırmışlar.

“İstisu” dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşmişdir. Onun mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. Suyun tərkibi hipertermal, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından ibarətdir. Bulağın mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. “İstisu” bulağı üstündə ötən əsrin 80-cı illərində sutkada 800 min litr su istehsal edən mineral sudoldurma zavodu tikilmişdir. Hesablamalara görə, onun bir sutkada debiti 3 min kubmetrdən çox olub. Amma o dövrdə həmin suyun təxminən 10 faizindən istifadə edilib.

Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınan müalicəvi mineral su olub, bır çox xəstəliklərin dərmanıdır. Kimyəvi tərkibinə görə də dünyada ən mühüm yerdədir. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Yüksək radioaktivlik, böyük miqdarda karbon iki oksidin miqdari, istilik xüsusiyyətləri, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balonoloji təsirini artırır. Qeyd etmək yerinə düşərdi ki, belə tərkibli suya Yer üzündə nadir hallarda rast gəlinir.

Bakıda 1952-ci ilin sonunda “İstisu” kurortunun yaradılmasına həsr edilmiş elmi konfrans keçirilmişdir.

“İstisu” mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, 60-80oC temperaturuna, böyük təbii ehtiyatlarina görə xüsusi olaraq fərqlənir. Çox vaxt Kəlbəcərin “İstisu”yunu dünyanın gəzinti, istirahət və müalicə üçün ən möhtəşəm və əvəzedilməz məkanlarından biri olan Karlovı Varı ilə müqayisə edirlər. Mütəxəssislər yazırlar ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varıdakı sudan keyfiyyətcə hec də geri qalmır, hətta bəzi xassələrinə görə ondan üstündür. Karlovı Varı müalicəsinin əsasını isti bulaqlar təşkil edir. “İstisu”dan mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzin və bağırsaq funksiyalarının pozulmasının müalicəsində istifadə olunur.

Kəlbəcərin “İstisu”yu tam təbii olub, yerdən yüksək temperaturla cıxır. Qnu da Karlovı-Varıda olduğu kimi, müxtəlif temperaturlara çevirib istifadə etmək mümkündür. Həm də Kəlbəcərdə müalicə olunmaq xaricə getməkdən xeyli ucuz başa gələr.

Kəlbəcər rayonu ərazisində müxtəlif müalicəvi termal və mineral su mənbələri ilə yanaşı, faydalı qazıntıları olan, o cümlədən ehtiyatları 112,5 ton olub istismar edilən Söyüdlü (Zod), Ağuzdağ və Tutxun qızıl yataqları, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Kilsəli tuf yatağı, kərpic istehsalına yararlı Keşdək gil, Keçəldağ perilit, Çəpli qum-çınqıl qarışıq, nefroid, xrom və s. yataqları var. Erməni işğalından azad olmuş bu kimi faydalı qazıntı yataqları yaxın illərdə rayona turist kimi və ya dincəlməyə gələnlərin ekskursiyası üçün ən maraqlı ərazilərdən biri olacaqdır.

Bu rayonda Azərbaycanda yeganə vulkan mənşəli dərinliyi 4-10 metr olan şirin sulu Alagöllər, Qaragöl, Zalxa gölü və s. göllər var. Həmin göllərin dəniz səviyyəsindən hündürlüyü 2729-2739 və 2666 metrə bərabər olub, onların orta dərinlikləri 4-10 metrdir. Böyük Alagölün sahəsi 5,2 kvadratkilometr, kiçik Alagölün sahəsi 1,2 kvadratkilometrdir. Bu göllərin suyunun ideal şəkildə təmiz olmasından istifadə edib, orada farel balıqları təsərrüfatını inkişaf etdirmək və zəli yetişdirib Avropa ölkələrinə ixrac etmək mümkündür.

Tarixi-mədəni abidələrin sayına görə Kəlbəcər rayonu Azərbaycanda birinci yerdə durur. Onların əksəriyyəti ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmişdir. Ən qədim abidələr içərisində Çıldıran kəndində yerləşən 12-ci əsrə aid Alban məbədini, Dovmaxlar kəndində yerləşən 1668-ci ildə inşa edilmiş kilsəni, Yaqub kəndində 635-ci ildə inşa edilən Yaqub kilsəsini, 1251-ci ildə inşa edilmiş Bazarkənd məbədini, 672-ci ildə Yayıcı kəndlərdə inşa edilmiş Alban məbədini, 10-cu əsrdə Kormanlı kəndində inşa edilmiş Alban məbədini, Həsənqız kəndində 1283-cü ildə inşa edilmiş Alban məbədini, 13-cü əsrdə inşa edilmiş Şorbulaq kəndindəki Alban məbədini göstərmək olar.

Kəlbəcər rayonundakı qayaüstü təsvirlər ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarət olub, “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə yerləşir. “Qaraçanlı” və ya “Uluxan” qalası Kəlbəcərdən şimalda, Qaraçanlı kəndinin yaxınlığında, İstisuya gedən yolun solunda Tərtərin sol sahilindədir. “Qalaça” adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli su yolu da vardı. Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də “Qalaboynu” idi. Onun içərisində 200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı su xətti çəkilibmiş.

Kəlbəcər ərazisindəki Alban abidələrinə “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan” və s. aiddir. Bu abidələrin içərisində erməni işğalından sonra nisbətən salamat qalanı “Xudavəng” məbədidir. Bu abidə kompleksi Bağlıpəyə kəndindən Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyindədir. İndiki “Xudavəng” abidə kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib və XV əsrlərdə Alban knyazlığının dini məbədi olub. Maraqlısı odur ki, üstü kümbəz kimi tikilmiş bu binaların inşasında ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixdən izini silməyə çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində - bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir.

Kəlbəcər rayonunun ərazisində yayılmış 4 mindən artıq bitki növündən 200-ə qədəri dərman bitkiləridir. Bu torpaqda ayıdöşəyi, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyürtkən, bulaqotu, qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu, qızılgül, qırxbuğum, quşəppəyi, dağ yoncası, dağ laləsi, dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik, əzgil, əməkömənçi, ərik, əsmə, zəyərik, zirə, zirinç, zoğal, inciçiçəyi, itburnu, yarpız, yasəmən, yerkökü, yovşan, kartof, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək və s. bitkilər bitirdi.

Kəlbəcər rayonu, əsasən onun mərkəzi və şərq hissələrində yerləşən meşələri yalnız enliyarpaqlı ağaclardan təşkil olunmuş palıd, fıstıq, vələs, ulas, vən, göyrüş, toz, qovaq, qaraağac, söyüd, çinar, dağdağan, ayıgilası, şam, ardıc, meşə-çöl bitkiləri ilə deyil, həm də meyvə ağacları - alma, armud, qoz, tut, fıstıq, itburnu, yemişan, qarağat, moruq, gilas, gilənar və s. ilə zəngindir. Yüksək və qismən orta dağlıq ərazilərdə isə alp və subalp çəmənlikləri yayılmışdir.

Göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Ekoturizm resurslarının səmərəli istifadə edilməsi üçün böyük maliyyə resursları lazımdır. İnanırıq ki, qısa müddət ərzində Kəlbəcər rayonu beynəlxalq əhəmiyyətli turizm mərkəzlərindən birinə çevriləcəkdir.

 

Neron BABAXANOV,

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin professorları

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!