Bunu yaxşı bilən gədəbəyli fermerlər cari il də bol məhsul istehsal etmək əzmindədirlər
Son illər kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən verilən dəstəkdən bəhrələnən gədəbəylilər aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olurlar. Xüsusilə kartof istehsalı sahəsində qazanılan uğurlar ildən-ilə artır.
Keçən il rayonda 10 min 44 hektarda kartof əkən təsərrüfat sahibləri 126 min 556 ton məhsul götürmüşlər. Yayın quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərsə də, fermerlər bu il də nikbindirlər. Onlar cari mövsüm də məhsuldarlığın çox olacağına əmindirlər. Bu hədəfə nail olmaq üçün rayonda kartof əkininə geniş hazırlıq işləri görülür.
Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev deyir ki, dünyanı bürümüş ərzaq qıtlığı rayon kartofçularını da hərəkətə gətirmişdir: "Onlar əkin sahələrini genişləndirərək daha məhsuldar kartof sortlarının əkilməsi üçün xeyli vaxtdır hazırlıq işlərinə başlamışlar. İndi Gədəbəydə elə kənd yoxdur ki, orada kartof əkilməsin. Slavyanka, Zəhmət, Söyüdlü, Saratovka, Qızıltorpaq kəndlərində əkin sahələri bir qədər də genişləndirilmişdir. Əsasən yerli sortlara - "Telman", "Əmiri", "Ağçiçək" sortlarına üstünlük verən təsərrüfat sahibləri bu sortların dilini daha yaxşı bilirlər. Məsələn, adları çəkilən kartof sortlarının hər hektarından keçən il 120 sentner məhsul götürülmüşdür. Bu rəqəmin son olmadığına əmin olan fermerlərimiz bu il məhsuldarlığı 130 sentnerə çatdırmaq istəyirlər".
Ölkənin əsas kartofçuluq bazası sayılan Gədəbəydə kartofçuluq üzrə seleksiya işlərinə də maraq göstərilir. Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu keçən il rayonda daha məhsuldar kartof sortları üzərində seleksiya işləri aparmış, nəticədə yüksək məhsuldar kartof sortları əldə etmişlər. Əsasən Slavyanka kəndində aparılan seleksiya işləri müsbət nəticələr vermişdir. "Çənlibel", "Vaqif", "Uğur" və "Turan" sortları gözlənildiyindən də məhsuldar olmuşdur. Xəstəliklərə davamlı olan həmin sortların hər hektarından 250 sentner məhsul götürülmüşdür. Hazırda həmin sortlar laboratoriya şəraitində çoxaldılır. Yaxın vaxtlarda kartof əkininə start veriləndə adları çəkilən toxum sortlarından da istifadə ediləcək.
Rayonda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatları var. Onlar kartofun əkilməsindən tutmuş çıxarılmasına kimi bütün işləri həm əl əməyi, həm də texnikanın köməyi ilə həyata keçirirlər. Saratovka kəndinin sakini Əli İsmayılov hər il əkin sahələrindən bol məhsul götürür. İstehsal edilən məhsulun yarısını toxum kimi satan fermer yarısını da bazara çıxarır. Keçən il 20 hektarda kartof əkən fermerin istehsal etdiyi məhsulun 277 tonu yüksək reproduksiyalı olmuşdur.
Əli İsmayılov rəhbərlik etdiyi təsərrüfatda kartofçuluğun inkişafı üçün hər cür şərait yaratmışdır. Təsərrüfatını kartofun əkilməsindən yığımınadək lazım olan bütün texnika ilə təmin edən fermer hətta kartof toxumunun çeşidlənməsi üçün lazım olan aqreqatı quraşdırmış, məhsulun saxlanması üçün anbar inşa etdirmişdir.
Onu da qeyd edək ki, rayonda elə fermerlər var ki, hər hektardan götürdükləri məhsula görə rayon göstəricisini xeyli qabaqlayırlar. Saratovka kəndinin sakini Ramiz Əliyev keçən il 7 hektarda kartof əkmiş, hər hektardan 250 sentnerədək məhsul toplamışdır. Daşbulaq kəndindən Hafiz Fətəliyevin də göstəriciləri yüksək olmuşdur. II dərəcəli "Əmək" ordenli fermer kartof istehsalında daim nümunə göstərir.
Düz Rəsullu kəndində də kartofçuluqda yüksək məhsuldarlıq əldə edən fermerlər çoxdur. Onlardan biri İmran Həsənovdur. Əkin sahələrini 35 hektara çatdıran təsərrüfat sahibi keçən il hər hektardan 230 sentner kartof götürmüşdür.
Hazırda Gədəbəydə kartof əkininə geniş hazırlıq işləri görülür. Texnikalar sazlanaraq sınaqdan keçirilir. Ziyanvericilərə qarşı dərman preparatları, eləcə də məhsuldarlığa kömək edəcək gübrə tədarükü başa çatmışdır. Havaların mülayim keçməsi onu deməyə əsas verir ki, bu il rayonda kartof əkininə tez başlanacaq. Əsasən dəmyə şəraitində yetişdirilən kartof əkininin optimal müddətdə başa çatdırılması üçün rayonda bütün qüvvələr səfərbərliyə alınmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"