İsmayıllı rayonunda yaşayan Samirə Həsənovanın həyat hekayəsi dövlətin məşğulluq siyasətinin insanların taleyində yaratdığı real dəyişikliklərin nümunələrindən biridir. İki uşaq anası olan Samirə xanım ailəsinə dəstək olmaq, öz peşəsini inkişaf etdirmək və sevdiyi işi davam etdirmək üçün bərbər-vizajist kimi fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri Samirə Həsənovanın fəaliyyət göstərdiyi salonda olub, Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən avadanlıqlarla və onun uğur hekayəsi ilə maraqlanıb.
Uzun illər Bakıda yaşayan Samirə Həsənova son iki ildə ailəsi ilə birlikdə İsmayıllıya köçüb. Sakitliyi və təmiz təbiəti ilə seçilən bu dağlıq rayonda ailəsi üçün yeni həyat qursa da, onun peşəkar bərbər-vizajist kimi fəaliyyətini davam etdirmək istəyi ilkin mərhələdə maddi imkanların məhdudluğu səbəbindən ciddi maneə ilə qarşılaşıb. O, xidmət sahəsi açmaq və lazımi avadanlıqları əldə etmək üçün kifayət qədər maddi gücünün olmadığını vurğulayır. Məhz bu çətin məqamda onun qarşısında yeni bir qapı açılıb. “Bu peşənin sirlərini öyrənmişdim, amma işləmək üçün avadanlığım yox idi. Ailə büdcəmiz də o qədər sabit deyildi. Açığı, dövlətin mənim kimi insanlara dəstək verdiyindən xəbərsiz idim. Bir qohumum məşğulluq xidmətinə müraciət etməyi məsləhət gördü. Mən də Dövlət Məşğulluq Xidmətinə üz tutdum və fəaliyyətim üçün lazım olan avadanlıqlarla təmin olundum”, – deyə Samirə xanım bildirir.
Samirə Həsənova Özünüməşğulluq proqramı çərçivəsində manikür masası, güzgülü mebel dəsti, manikür dəsti, sterilizasiya və tatuaj aparatları, saç kəsmə maşını, fen, kreslo, suqızdırıcı, yumşaq stullar və kondisionerlə təmin edilib. Bu avadanlıqlar onun öz işini qurmasına, xidmət sahəsini genişləndirməsinə və müştərilərinə daha keyfiyyətli xidmət göstərməsinə böyük dəstək olub.
Onun sözlərinə görə, avadanlıqlar təqdim olunmazdan əvvəl proqramın iştirakçıları müxtəlif peşə kurslarına cəlb olunublar. “Kurslarda kişi bərbərlər də var idi. Onlara da kişi salonları üçün lazım olan bütün avadanlıqlar verildi. Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı”, – deyə o bildirir.
Samirə xanımın daimi müştərilərindən olan Gülmirə Səmədzadə də dövlət dəstəyinin həm peşəkar ustalar, həm də xidmət alan insanlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır. “Mən həmişə təmiz salonu olan, işində peşəkar, avadanlıqları yeni olan bir xanım usta axtarırdım. Tövsiyələr üzərindən Samirə xanımı tapdım. Onun əl qabiliyyətini, iş bacarığını çox bəyənirəm. Dövlətimizin belə peşəkar və sənətini sevən xanımlara dəstək olması çox gözəl təşəbbüsdür. Belə bacarığı olan qadınlar öz işlərini davam etdirə, fəaliyyətlərini genişləndirə bilirlər”, – deyə o qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi Özünüməşğulluq proqramı məhz bu cür həyat hekayələrinin reallaşmasına imkan yaradır. Proqram vasitəsilə minlərlə insan kiçik biznes qurmaq, peşəsini inkişaf etdirmək və ailə gəlirlərini artırmaq imkanı qazanır. Xüsusilə regionlarda yaşayan insanların məşğulluğunun təmin olunması, onların öz bacarıqlarını gəlir mənbəyinə çevirməsi sosial rifahın yüksəldilməsində mühüm rol oynayır.
Bu gün Samirə Həsənova artıq yalnız ailəsinə dəstək olan bir qadın deyil, həm də öz zəhməti və peşəsi ilə gəlir qazanan, gələcəyinə inamla baxan sahibkardır. O deyir ki, dövlət dəstəyi onun həyatında yeni bir səhifə açıb.
Xatırladaq ki, Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Müraciət üçün Regional Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşmaq tələb olunur. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq), istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.