İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanmış "The Economic Potential of Islamic Countries" ("İslam ölkələrinin iqtisadi potensialı") adlı ikicildlik tədqiqat əsərinin ikinci cildi Böyük Britaniyanın tanınmış "Emerald" nəşriyyatında çap olunaraq işıq üzü görüb. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə təqdim olunan bu nəşr islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş və dərin elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, "Emerald" nəşriyyatı dünya miqyasında akademik və elmi nəşrlər üzrə nüfuzlu bir platformadır. O, əsasən, iqtisadiyyat, idarəetmə, sosial elmlər və təhsil sahələrində kitablar, jurnallar çap edir, həmçinin tədqiqatların qlobal səviyyədə tanınması və yayılmasına xidmət edir. "Emerald"ın çap etdiyi nəşrlər geniş elmi bazalarda, o cümlədən "Scopus"da indeksləşdirilir və bu, onların akademik etibarlılığını, eləcə də elmi əhəmiyyətini daha da artırır. Nüfuzlu nəşriyyat tərəfindən çap edilmiş sözügedən tədqiqat əsəri xüsusi olaraq islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialını əhatəli şəkildə təhlil edir, onların dünya iqtisadiyyatındakı rolunu dəyərləndirir.
Kitabda islam ölkələrinin iqtisadi inkişaf perspektivləri dayanıqlı inkişaf, idarəetmə, enerji transformasiyası və rəqəmsal iqtisadiyyat kimi aktual istiqamətlər çərçivəsində ətraflı təhlil olunur. Qlobal iqtisadi mühitin sürətlə dəyişdiyi, texnoloji irəliləyişlərin, geosiyasi transformasiyaların və iqlim dəyişikliyinin iqtisadi sistemlərə ciddi təsir göstərdiyi bir dövrdə nəşr islam ölkələrinin kollektiv iqtisadi potensialından daha səmərəli istifadə yollarını araşdırır. Eyni zamanda ölkələrin qarşısında duran əsas vəzifələr - iqtisadiyyatın şaxələndirilməsi, siyasi sabitliyin təmin edilməsi və infrastrukturun gücləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Məlumdur ki, islam ölkələri Asiya, Afrika, Yaxın Şərqdə yerləşir və dünya iqtisadiyyatında mühüm rol oynayır. Onların iqtisadi potensialı təbii resurslar, əhali və işçi qüvvəsi, sənaye və kənd təsərrüfatı ilə bağlıdır. Təbii resurslar islam ölkələrinin iqtisadi inkişafında əsas rol oynayır. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri böyük neft-qaz ehtiyatlarına malikdir. Bu resurslar ölkələrə əhəmiyyətli gəlir gətirir və dünya enerji bazarında strateji mövqe tutur. Afrika və Orta Asiya ölkələri isə mineral resurslar, məsələn, fosfat və qızıl baxımından zəngindir. Regionlar üzrə enerji və mineral potensialı fərqlidir. Məsələn, Cənub-Şərqi Asiya ölkələrində enerji resursları məhduddur, lakin insan kapitalı və turizm imkanları güclüdür.
Sənaye və kənd təsərrüfatı islam ölkələrinin iqtisadiyyatını şaxələndirir. Neft sənayesi, kimya və tikinti materialları istehsalı bir çox ölkədə əsas sahə hesab olunur. Sənayenin şaxələndirilməsi təşəbbüsləri ixracı artırmaq və neftdən asılılığı azaltmaq üçün əhəmiyyətlidir. Kənd təsərrüfatı sahəsində isə buğda, qəhvə, palma yağı və meyvə-tərəvəz istehsalı ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Xüsusilə iqtisadi əməkdaşlıq və beynəlxalq ticarət islam ölkələrinin potensialını gücləndirir. İƏT (İslam Əməkdaşlıq Təşkilatı) çərçivəsində ticarət əlaqələri və birgə layihələr həyata keçirilir, xarici sərmayələr iqtisadiyyatı şaxələndirir.
Sadaladığımız bu iqtisadi imkanlar və əməkdaşlıq perspektivləri İİTKM tərəfindən hazırlanmış "İslam ölkələrinin iqtisadi potensialı" adlı tədqiqat əsərində ətraflı şəkildə təhlil olunur. Kitab 20-dən çox islam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə hazırlanıb. Nəşrdə ICESCO və OIC SESRIC kimi beynəlxalq təşkilatların ayrıca fəsillərlə təqdim olunması isə layihənin həm elmi, həm də praktiki əhəmiyyətini artırır, onu islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının genişmiqyaslı, dərin akademik təhlilinə çevirir.
Layihə "Şuşa şəhərinin 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi" ilə bağlı icra olunub. Ötən il nəşr olunan kitabın birinci cildində iqtisadi əməkdaşlıq, fiskal siyasət və islam maliyyəsi mövzuları ətraflı şəkildə araşdırılıb. Hər iki cild isə İƏT və D-8 ölkələrinin təcrübələrini müqayisəli şəkildə təqdim etməklə yanaşı, Azərbaycanın regional əməkdaşlıq və enerji diplomatiyasında artan rolunu da ön plana çıxarır. Nəticə etibarilə "İslam ölkələrinin iqtisadi potensialı" həm akademik ictimaiyyət, həm də iqtisadi və siyasi sahədə qərar qəbul edənlər üçün qiymətli bir resursdur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"