Dünya Səyahət və Turizm Şurası bildirib ki, Yaxın Şərqdə gedən müharibə nəticəsində regionun turizm sektoru gündə təxminən 600 milyon dollar zərərə məruz qalır. Aviasiya təhlilləri üzrə “Cirium” şirkətinin məlumatına görə, təkcə 5 gün ərzində uçuşların ləğvi təxminən 4 milyon insanın səyahət planlarını pozub. “Khaleej times” nəşrinə görə, Yaxın Şərq ölkələrində müharibə başlayandan martın 9-dək 40 mindən çox uçuş ləğv edilib. Halbuki fevralın 28-dən martın 9-dək regiona və regiondan kənara 72 mindən çox uçuş planlaşdırılmışdı.
Mövcud vəziyyətlə bağlı AZƏRTAC-ın xüsusi müxbiri tanınmış turizm mütəxəssislərinin fikirlərini öyrənib.
Səudiyyə Ərəbistanı-Azərbaycan Biznes Şurasının sədr müavini, “əl-Musafer Holidays” səyahət və turizm şirkətinin baş direktoru, biznes inkişafı üzrə məsləhətçi Məhəmməd əl-Uteybi bildirib ki, Körfəz regionunda turizm sektoru son geosiyasi hadisələrdən müəyyən dərəcədə təsirlənib. Bu da, öz növbəsində, bəzi insanları səyahət qərarlarında daha ehtiyatlı olmağa sövq edib. Eyni zamanda, bu proseslər, ümumilikdə turizm sektoruna, xüsusən də qısamüddətli sifarişlərə və ailəvi səyahətlərə mənfi təsir göstərib.
“Körfəz ölkələrindən Azərbaycana turlar təşkil edən turizm agentlikləri üçün son zamanlar bəzi çətinliklər yaranıb. Bunlara bəzi rezervasiyaların təxirə salınması, tur proqramlarının yenidən tərtib olunması, eləcə də uçuş marşrutlarının dəyişdirilməsi və bazar dalğalanmaları nəticəsində əməliyyat xərclərinin artması daxildir. Bu, bəzi şirkətlərin məhdud itkilərlə qarşılaşmasına və ya satış həcmində müvəqqəti azalmaya səbəb olub”, - deyə Məhəmməd əl-Uteybi əlavə edib.
Səudiyyə Ərəbistanı-Azərbaycan Biznes Şurasının sədr müavini vurğulayıb ki, Azərbaycan özünəməxsus təbii gözəlliyi, coğrafi yaxınlığı və yaxşı inkişaf etmiş turizm infrastrukturu sayəsində Körfəz turistləri, xüsusən də ailələr üçün əhəmiyyətli və üstünlük verilən bir yer olaraq qalır: “Körfəz bazarındakı təcrübəmizə əsasən, turizm sektoru dayanıqlığı və tez bir zamanda bərpa qabiliyyəti ilə tanındığı üçün vəziyyət sabitləşdikdən sonra Azərbaycana turist səfərlərinə tələbat tez bir zamanda normal səviyyəyə qayıdacaq”.
Azərbaycanla turizm sahəsində əməkdaşlıq edən Küveytin “Al Khamees” şirkətinin baş direktoru Hani Fəthallah da AZƏRTAC-a açıqlaması zamanı yaranmış çətinliklərdən danışıb. O qeyd edib ki, Yaxın Şərq regionunda, o cümlədən Küveytdə hava limanlarının bağlanması və uçuşların ləğv edilməsi turizm sektorunda böyük maddi itkilərə səbəb olub: “Sifarişlər, demək olar ki, yoxdur. Körfəz ölkələrindən Azərbaycana turizm səfərləri dayanıb. Körfəz ölkələrindən Azərbaycana demək olar ki, hər gün birbaşa uçuşlar var idi. Bütün bu qeyri-müəyyənliklər Azərbaycanın turizm sektoruna da mənfi təsir göstərir”.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Emessa Travel” şirkətinin satış müdiri Rabii Atfə də mövcud risklərlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, əsas rezervasiyalar martın 19-dan 21-dək Ramazan bayramı günlərinə düşürdü: “Amma aviaşirkətlər bilet almış sərnişinlərə uçuşların ləğvi barədə bildirişlər göndərməyə başlayıblar. Aprel ayında səyahət etmək istəyənlərin çoxu da indidən sifarişlərini ləğv edirlər. Bu isə məsələnin artıq psixoloji təsirlərindən xəbər verir. Azərbaycan Körfəz ərəb dövlətlərinin, o cümlədən BƏƏ vətəndaşlarının sevimli turizm istiqamətlərindəndir. Azərbaycandakı sabitlik, münasib qiymətlər, müasir turizm infrastrukturu turistləri özünə cəlb edir. Ümid edirəm ki, regiondakı vəziyyət tezliklə sabitləşəcək”.