12 Mart 2026 09:05
154
CƏMİYYƏT
A- A+
Qısa ömrə sığan böyük qəhrəmanlıq

Qısa ömrə sığan böyük qəhrəmanlıq


Birinci Qarabağ müharibəsinin 21 yaşlı şəhid Milli Qəhrəmanı Elgiz Kərimovun döyüş gündəliyi


Təbiətin ən təzadlı vaxtıdır mart ayı. Bir tərəfdən, qışın son nəfəsi olan sərt şaxta insanın iliyinə işləyir, digər tərəfdən isə, torpağın altından gələn gizli oyanışın, ilk bənövşənin titrək baş qaldırmasının təkanı hiss olunur. 1992-ci ilin 12 mart səhəri də Qarabağda məhz belə bir tərəddüdlə açılmışdı. Havada həm barıt, həm də rütubət qoxusu var idi. Digər tərəfdən isə, günəşin solğun şəfəqləri ətrafa ilıq bir ahəng qatmışdı. 

Həmin gün 21 yaşlı Elgiz pəncərənin önündə dayanıb xeyli ətrafı seyr etdi. Sonra isə artıq neçə vaxtdır vərəqləməyə imkan tapmadığı gündəliyini əlinə alıb indiyə qədər qələmə aldığı döyüş xatirələrinə ötəri nəzər saldı. 

Eh, üzü sürtülmüş bu dəftər, sadəcə, xatirələrin, yaşananların söz ünvanı deyil, Elgizin qanla, barıt qoxusu ilə yazılmış ömür yolu idi. Pəncərəni taybatay açanda  içəri dolan soyuq mart havası gəncin ağlına doğmalarını gətirdi. Anasının onu cəbhəyə yola salanda, doluxsunmuş halda "Bir dayan, a bala, boy-buxununa doyunca baxım" deməsi gəldi qulağına... Yaman qəribsədi... Xəyalən bir anlıq doğulub boya-başa çatdığı Bərdəyə doğru qol-qanad açdı... Amma dərhal da müharibənin sərt və amansız gerçəkliyinə qayıtdı... O an ürəyinə nə gəldisə elə pəncərənin sürahisinə dirsəklənib özü də bilmədən gündəliyinə sonuncu cümləsini həkk etdi:

"...1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi…" 

...Və qələm dayandı. Üç nöqtə...

Cümlənin sonuna qoyulan o üç nöqtə sanki Elgizin taleyinin növbəti dayanacağı idi. O üç nöqtə bir azdan başlayacaq fırtınanın, fədakarlığın və sonsuzluğun simvolu olacaqdı.

Beləcə, kağız üzərindəki mürəkkəb hələ qurumamış, zamanın çarxı Elgiz üçün başqa bir səhifəni - həyatın ən ağır sınaq səhifəsini açdı. O, gündəliyi ehtiyatla qatlayıb cibinə qoydu. Daha pəncərədən baxan o xəyalpərəst gənc getmiş, yerinə hər anını, canını belə Vətənə fəda etməyə hazır olan igid döyüşçü gəlmişdi. Otaqdakı sükutu qəfildən gələn kəskin bir əmr parçalamış və onu ölümün gözünə dik baxmağa dəvət etmişdi. 

Həmin gün Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov növbəti və həyati əhəmiyyətli səfərinə hazırlaşmışdı.

Tapşırıq gəlmişdi: vaxt itirmədən özünü mühasirəyə düşən döyüş yoldaşlarına çatdırmalı, nəyin bahasına olursa-olsun, onları xilas etməliydi. 

Bəli... Artıq Elgiz üçün sözlərin bitdiyi, əməllərin danışdığı an gəlmişdi.


Şərəfli bioqrafiya 


Elgiz Kərimov 1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. O, 1989-cu ildə əsgəri xidmətdən doğulduğu Bərdəyə qayıdanda Vətənin od tutub alışmağa başladığı, soydaşlarımızın kütləvi şəkildə Ermənistandan deportasiya olunduğu, torpaqlarımızın düşmən hücumlarına məruz qaldığı ağır vaxtlar idi. Bu haqsızlıqların şahidi olan bütün vətənpərvər gənclərimiz kimi Elgizin də qanı qaynayır və qərara gəlir ki, düşməndən qisas almaq üçün silaha sarılmalıdır. Buna görə də o, 1991-ci ildə Bərdə könüllü özünümüdafiə batalyonuna adını yazdıraraq torpaqlarımızın müdafiəsinə yollanır. 

"Bu mənəm, Elgiz" sənədli filmində həmin günləri xatırlayan Vahid Əhmədov deyir ki, ermənilər Dağlıq Qarabağ iddiası qaldıran zaman könüllü özünümüdafiə batalyonları yaradılırdı. Onlardan biri də Elçin Əliyevlə birlikdə yaratdıqları Bərdə batalyonu olub: "O zaman batalyona çoxlu könüllülər gəlirdi. Döyüşməyə hazır olan həmin könüllülərdən biri də Elgiz Kərimov idi. Elgiz rus ordusunda xidmətini başa vurub 4-5 gün olardı ki, Vətənə qayıtmışdı. Elə rus ordusunda geydiyi formada da hərbi hissəyə gəlmişdi. O, ordudakı kimi nizam intizamını burada da davam etdirirdi. Təlimlərdə nümunəvi əsgər kimi həmişə özünü göstərirdi". 

Bərdə batalyonu Ağdamın müdafiəsinə gedir. Həmin vaxt batalyona 2 ədəd BMP verilir və rus ordusunda tankçı kimi xidmət göstərmiş Elgiz Kərimov və Səfiyar Behbudov (Milli Qəhrəman) həmin hərbi texnikaları idarə etməyi üzərlərinə götürürlər.

1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Elgiz Kərimov Naxçıvanik kəndində döyüşə girir. Bir saata yaxın davam edən ağır vuruşmadan sonra ermənilərin mühasirəsi yarılır, döyüşçülərimiz azad edilir. Əfsus ki, Elgiz özü həmin döyüşdən sağ çıxmır.  Vətənin sadiq oğlu Elgiz Kərimov şəhidlik zirvəsinə ucalır.

İgid döyüşçünün nəşi doğulduğu Bərdədə  dəfn edilir. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür. 1994-cü ildən Bərdə şəhər 4 saylı tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.


Əfsanəvi döyüşçü 


Elgiz Kərimovun qəhrəmanlıqlarla dolu döyüş yolu bütün hiss və həyəcanı, cəsarəti, hünəri, qorxmazlığı ilə qələmə aldığı gündəliyində əks olunub. 

Cəsur döyüşçünün gündəliyi sanki dil açıb Qarabağın o qan-qadalı günləri ilə bağlı dəqiq məlumat verir. Elgizin döyüş gündəliyi belə başlayır: "...Bu gün 1991-ci ilin yanvar ayının 5-i ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu..."

Öyrənirik ki, Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi fəallıq göstərir, yoldaşları ilə bir yerdə xeyli sayda erməni yaraqlısını məhv edir və düşmən əsgərlərini əsir götürür. Həmin döyüşlə bağlı Elgiz Kərimov yazır: "...Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq, uşaq kimi ağlayırdı: "Ermənilər bizi satın alıblar" deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, mənə yalvarır, imdad diləyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin".  

Daha sonra Elgiz Kərimov çörəyimizi yeyib bizə xəyanət edən düşmənə nifrətini bu sözlərlə qələmə alıb: "Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı".

Müharibə davam edirdi, hər gün qanlı döyüşlər gedirdi. Cəbhədə vəziyyətin günbəgün ağırlaşdığını görən Elgizin ürəyinə nəsə damır və o bir gün icazə alıb evlərinə baş çəkməyə, ata-anası, bacı-qardaşları ilə görüşməyə yollanır. Ailəsi ilə ağrılı, kədərli hisslər oyadan son görüşünü Elgiz bu sözlərlə gündəliyinə həkk edir: "Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış..."

Amma Elgizin planları başqa idi... Vətəni ağ günə çıxarana, azadlığına qovuşdurana qədər bəylik libası geyinmək fikri yox idi...

 Buna görə də üç gündən sonra doğmaları ilə vidalaşıb yenidən xidmət etdiyi hissəyə qayıdır. Gündəliyində düşmənin getdikcə azğınlaşdığını yazan Elgiz qeyd edir ki, ermənilər daha da vəhşiləşmişdilər: "Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürürlər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturlar. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi".

Gərgin döyüşlərdə iştirak edən gənc döyüşçü Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralanır, düz üç ay özündə olmur. Müalicələrdən sonra bir az özünə gələn kimi, yenidən cəbhəyə döyüş yoldaşlarının yanına qayıdır. 

"Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi…", - deyə xatirələrinin sonuna üç nöqtə qoymuşdu... 


Əbədiyyətə yazılan son sətirlər 


Bu gün Milli Qəhrəman Elgiz Kərimovun gündəliyində yazdıqlarını oxuyanda  insanı qəribə bir hiss bürüyür. Görürsən ki, 1992-ci il martın 12-də yazılmış o son sətirlərdən sonra gələn ağ vərəqlər, əslində, yazılmamış bir dastandır. O vərəqlər Elgizin canı bahasına xilas etdiyi yoldaşlarının ömrüdür, bu gün Bərdədə, Bakıda, Şuşada, Xankəndidə azad gəzən insanların taleyidir.

Bəli, martın 12-si artıq təqvimdə, sadəcə, bir gün deyil. O, bir gəncin qələmi yerə qoyub silahı götürdüyü, yarımçıq qalmış cümlələrini şəhidliyi ilə tamamladığı gündür. Gündəliyin son səhifəsindəki o boş sətirləri biz indi hər gün azadlıqla, zəfərlə və qürurla yazırıq. Çünki Elgiz Kərimov kimi oğullar ölmürlər, onlar, sadəcə, vaxtı gələndə xatirələrdən çıxıb əfsanələrə çevrilirlər.

Ruhun şad olsun, xalqımın mərd oğlu!


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:26
12 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb  

09:27
12 Mart

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!