Prezident İlham Əliyevin nəzarəti və dəstəyi
ilə "Azərişıq” ASC dörd ildə böyük uğurlara imza atıb
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı
həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında
öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı
müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması
üçün əlverişli şərait yaradıb.
13 il bundan əvvəl Prezident İlham Əliyevin
enerji sektorunda islahatların həyata keçirilməsinə start verməsi elektroenergetika
sahəsində yeni eranın başlanmasına səbəb oldu. Azərbaycan elektrik enerjisi idxal
edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildi. İndi bu sözləri cəsarətlə
demək üçün hansı əziyyətlərə sinə gərilib, nə qədər gecəli-gündüzlü əmək sərf edilib,
bu da bir həqiqətdir və onu xatırlatmaq yerinə düşər.
Müasir elektroenergetika infrastrukturu çoxlarına
bəlkə də məşəqqət dolu günləri, gecələri unutdurub. Amma ilk dəfə bu işə start veriləndə
məsələ heç də asan deyildi. Çoxları bunu dəf olunmaz bir problem kimi də görürdü.
2006-cı ildə "Bakıelektrikşəbəkə” ASC-nin yaradılması ilə illərcə yığılıb qalmış
problemlərin həllinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa iştirakı və yaxından
dəstəyi ilə həmin çözülməz məsələlər tarixin arxivinə qovuşdu.
İlk olaraq paytaxt Bakıda paylayıcı şəbəkələr
dünya meqopolislərinə uyğun, bəzi məqamlarda daha irəli texnologiya ilə yenidən
quruldu. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik
enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik
və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri
reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirildi.
Aparılan yenidənqurma işləri nəticəsində Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş
gücü 2006-cı ildəki 3 048 MVA-dan 2018-ci ilə 7 000 MVA-ya qaldırıldı. Texniki itkilər
16,9 faizdən 7,8 faizə endirildi.
Bu müddət ərzində güc defisiti və ifrat yüklənmələr
dəf edildi. Paylayıcı elektrik şəbəkədə həyata keçirilən ən mühüm islahat Bakı şəhərində
elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kV-luq dairəvi
təchizat sisteminin yaradılmasıdır. Bu da
nəinki Bakı şəhərində, eləcə də respublikamızda bir ilk idi. Bu sistemin yaradılmasında
məqsəd 220 kV-luq qovşaq yarımstansiyalarından 110 kV-luq elektrik şəbəkələri vasitəsilə
enerjinin şəhərin müxtəlif yerlərinə ötürülməsi, həmçinin hər hansı mənbədən olan
elektrik təchizatında fasilə yarandığı təqdirdə istehlakçının digər mənbə hesabına
enerji ilə təmin olunmasıdır.
Bu sxem günün istənilən vaxtında istehlakçıları
elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. İlk
olaraq 110 kV-luq dairəvi sxem 220 kV-luq "Müşfiq” və "Xırdalan” qovşaq yarımstansiyaları
arasında yaradıldı. Dairəvi sxemin yaradılması üçün yeni 110 kV-luq "Bayıl”, "İçərişəhər”
və "Liman” yarımstansiyaları tikilib istifadəyə verildi. "Müşfiq” - "Badamdar”
- "Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kV-luq hava xətləri kabel xətləri
ilə əvəz edildi. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri - Bayraq
meydanı, Milli Park, "Baku Crystal Hall”, "İçərişəhər” Dövlət Qoruğu, habelə neft
mədənləri, yaşayış massivləri və müxtəlif sosial və məişət obyektlərini fasiləsiz
və dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Bakının Qaradağ, Binəqədi, Yasamal və Nəsimi
rayonlarının elektrik təchizatında dayanıqlığı və fasiləsizliyi təmin etmək üçün
isə 220 kV-luq "Səngəçal” və "Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci
110 kV-luq dairəvi sistem yaradılıb. Bunun üçün Xocasən qəsəbəsində müasir tipli
110/35/10 kV-luq "Xocasən” yarımstansiyası tikilmişdir. 110 kV-luq "Dağlıq” və
"Yasamal-2” yarımstansiyaları yenidən qurulub. Bu dairəvi sistem yeni tikilən metro
stansiyalarını, "Avtovağzal” kompleksini, Bakının su təchizatı sistemini, Bakı Stend
Atıcılığı Kompleksini və digər obyektləri fasiləsiz və dayanıqlı elektrik enerjisi
ilə təmin etməyə imkan verir.
Həmçinin "Xırdalan” və "Nizami” yarımstansiyaları
arasında üçüncü 110 kV-luq dairəvi sistem yaradılıb. Bu məqsədlə 110 kV-luq "BMKZ”
və 204 saylı yarımstansiyalar qapalı tipli olmaqla, yenidən tikilib. Bu yarımstansiyaları
əlaqələndirmək üçün 36 km uzunluğunda 110 kV-luq ikidövrəli kabel xətti çəkilib.
Eyni zamanda, 110 kV-luq "BMKZ” və 203 saylı yarımstansiyalar arasındakı hava xətləri
kabel xətləri ilə əvəzlənib. Bu sistem Olimpiya stadionu, Milli Gimnastika Arenası,
Atletlər kəndi, Heydər Əliyev adına neft Emalı Zavodu və Heydər Əliyev prospektindəki
dövlət əhəmiyyətli obyektləri - ARDNŞ, Azərsu, Milli Sağlamlıq Mərkəzi, Dövlət Neft
Fondu və başqa obyektləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Sayca dördüncü olan "Müşfiq”, "Xırdalan”
və "Hövsan” yarımstansiyaları arasında 110 kV-luq dairəvi sistem üç qovşaq yarımstansiyalarını
əlaqələndirir. Bunun üçün 110/35/10 kV-luq 210 saylı və 110/35/10 kV-luq "Həzi Aslanov”
yarımstansiyaları tikilib. Bu yarımstansiyalar da qapalı tiplidir və müasir tələblərə
cavab verən avadanlıqlarla təchiz edilib. Onları qidalandırmaq məqsədilə 110 kV-luq
"Liman” - "210” - "Həzi Aslanov” - "Radiozavod” - "Əhmədli” yarımstansiyaları arasında
ikidövrəli kabel xətləri quraşdırılıb. Bu dairəvi sistemin məqsədi Xətai və Nizami
rayonlarının əksər hissəsini, "Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ arası sahil
boyu inşa edilən həm yaşayış, həm istirahət, həm də sosial obyektləri dayanıqlı
enerji ilə təmin etməkdir.
110/35/10 kV-luq 2x40 MVA gücündə yeni "Buzovna-2”
yarımstansiyanın tikintisi ilə Abşeron yarımadasında olan 110 kV-luq paylayıcı şəbəkələrin
respublikamızın şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsidir. Bununla
3 elektrik stansiyanın (Şimal ES, Təmiz Şəhər ES, Sumqayıt ES) və 2 ədəd 220 kV-luq
qovşaq yarımstansiyanın ("Zabrat” və "Sənaye Qovşağı”) əlaqələndirilməsi ilə
110 kV-luq elektrik təchizatı sxeminin etibarlığı artırılır. Bundan əlavə, yeni
inşa edilmiş "Buzovna-2” yarımstansiyası mövcud 35 kV-luq şəbəkə üçün mənbə olduğundan
ayrı-ayrı 35 kV-luq dairəvi sxemə aid olan yarımstansiyaları əlaqələndirir. Bu da
öz növbəsində mövcud 35 kV-luq yarımstansiyalar arasında dairəvi elektrik təchizat
sxeminin, elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin yaradılmasına şərait yaradır.
Prezident İlham Əliyevin 2011-ci ildə açılışında iştirak etdiyi Mərkəzi Dispetçer
Xidməti də səhmdar cəmiyyətin ən uğurlu layihələrindəndir. Yeni tikilən və əsaslı
şəkildə yenidən qurulan yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə
nəzarət və idarəetmə) sisteminə qoşulur. 110 və 35 kV-luq yarımstansiyaların SCADA
sisteminə keçməsi ilə onların uzaq məsafədən operativ idarə olunması təmin edilir.
Bu sistem kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan
idarəetmə sistemidir. Onun əsas funksiyası şəbəkəni və ya enerji sistemini operativ
idarə edən dispetçerlə idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaratmaqdan
ibarətdir. SCADA vasitəsilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları
idarə etmək, təcili operativ əməliyyatlar həyata keçirmək, şəbəkədə gedən prosesləri
təhlil etmək, hesabatlar hazırlamaq mümkündür. Bu sistemə qoşulan yarımstansiyalarda
qəza baş verərsə, SCADA sistemində dərhal vizuallaşır. Dispetçer isə qəzanın baş
verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəblərini aydınlaşdırır,
hadisənin nəticələrinin qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirir.
Paytaxtın enerji təsərrüfatında həyata keçirilən
yenidənqurma işləri və uğurlu islahatlar təbii ki, dövlət başçısının diqqətində
idi. Əldə olunan uğurlu nəticələr ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirildi
və 2015-ci ilin fevral ayının 10-da prezident İlham Əliyevin 1045 saylı sərəncamına
əsasən "Bakıelektrikşəbəkə” ASC-nin bazasında "Azərişıq” ASC yaradılaraq respublikamızın
(Naxçıvan MR xaric) bütün paylayıcı şəbəkələri kollektivə etibar edildi. Prezident
İlham Əliyevin "İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu
işin yeni yaradılan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılması qürurverici
faktdır. "Azərişıq” ASC-nin kollektivi bundan sonsuz şərəf duyur və Bakıda həyata
keçirilən islahatların bütün Azərbaycanı əhatə etməsi istiqamətində, ölkəmizin ən
ucqar yaşayış məntəqələrinin belə, nura bələnməsi naminə yorulmadan və iftixarla
çalışmaqdadır. Respublikamızın 57 rayon və şəhərini əhatə edən "Azərişıq” ASC 7
regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir. Səhimdar Cəmiyyətin
əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi
ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi
və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda
diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni
formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə
təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını
minimum səviyyəyə endirmək və sairədir. Təkcə bir faktı deyək ki, "Azərişıq” ASC
yaradıldıqdan sonra da paytaxt Bakıda aparılan yenidənqurma işlərinin miqyası səngimədi.
Ötən dörd il ərzində paytaxt Bakıda və Bakı ətrafı qəsəbələrdə 7 ədəd 110- kV-luq
yarımstansiya, 25 ədəd isə 35 kV-luq yarımstansiya tikilib və ya yenidən qurularaq
gərginlik altına verilib. Paytaxtın inkişafda olan infrastrukturuna uyğun olaraq
bu müddət ərzində müasir tələblərə cavab verən 780 ədəd KTM quraşdırılıb, 9 ədəd
PQ (6-10 kV) tikilib, 50 min 74 ədəd müxtəlif tipli dayaqlar basdırılıb. Paytaxt
və ətraf qəsəbələr boyu müxtəlif gərginlikli ümumilikdə, 6170 km uzunluğunda elektrik
naqilləri çəkilib.
Prezident İlham Əliyev yeni strukturu yaradarkən
kollektiv qarşısına qoyduğu bölgələrdə bütün elektrik təsərrüfatının Bakının səviyyəsinə
qalxmalıdır tələbi "Azərişıq” kollektivinin əsas fəaliyyət devizi oldu. Yaradıldığı
çox qısa müddət ərzində, 2015-ci ildə "Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiyanın
inşasını başa çatdırdı. Bakı şəhərində "Buzovna-2”, Şəki rayonunda "Göynük” və Gədəbəy
rayonunda "Gədəbəy” və 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olundu. 35 kV-luq
gücündə 22 yeni yarımstansiya istifadəyə verildi. Həmin gücdə 400-dək yarımstansiya
təmir olundu. Bakıdakı ənənəyə sadiq qalan
"Azərişıq” ASC Azərbaycanın qədim şəhəri olan Gəncədə də gözəl memarlıq abidəsini
yaratmağa nail oldu. Gəncənin qədim şəhərsalma üslubuna uyğun olaraq tikilən yarımstansiyanın
birinci mərtəbəsi daş üzlüklə, ikinci mərtəbəsi isə qırmızı kərpicdən olmaqla xüsusi
memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 1200 metr məsafədə asfalt yol
salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb. Yarımstansiya foyesində
ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətindən
bəhs edən guşə yaradılıb. Həmçinin 35/6 kV-luq "Nizami” yarımstansiyasında Qərb
Regional Tədris Mərkəzi də istifadəyə verilib.
Xüsusi ilə nəzərə almaq lazımdır ki, ötən
dörd il ərzində bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən -”Azərişıq”ASC-nin
tam daxili resursları hesabına həyata keçirilir. Hazırda 110 kV-luq şəbəkələr üzrə
12 ədəd - 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə 41 ədəd 35 kV-luq yarımstansiya
tikilir. 10 ədəd ofis binasının tikintisi aparılır. Ümumilikdə ötən 12 il ərzində
belə ofis binalarının sayı 60-dan yuxarıdır.
Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə
və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni
tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. "Azərişıq”
ASC qısa müddət ərzində 4500-ə yaxın bu cür yeni tipli KTM quraşdıraraq istifadəyə
verib. Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində,
hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı
işlər görməkdədir. Daha bir faktı diqqətinizə çatdıraq: Zaqatala rayonunun Qalal
kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi
ilə təmin olunub. Bu kənd rayon mərkəzindən 30 km məsafədə, Rusiya ilə sərhəddə
yerləşir. Kənd sakinləri 35 il idi ki, işıqsız qalmışdılar! "Azərişıq” ASC daxili
imkanları hesabına bu problem istənilən hava şəraiti üçün birdəfəlik həll edildi.
Tarix boyu elektrik enerjisi olmayan Astaranın
ucqar Şəvqo kəndi də xoşbəxt kəndlər siyahısındadır. Meşəliyin içində, çaylar, qayalıqlar
arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək
mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Ömrü boyu işığı olmayan 49 yaşayış
evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km
10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət
xətti çəkilib. 1 ədəd 10/0.4 kv -luq 63 kv gücündə transformator məntəqəsinin fəaliyyəti
təmin edilib. Abonentlərin evlərinə 49 ədəd sayğac quraşdırılıb.
"Azərişıq” ASC dörd ildir ki, sərasər müharibə
şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və
qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında
köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar
yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin
fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "İşğaldan azad edilmiş
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”
24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun
yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində
"Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Səhmdar Cəmiyyət tərəfindən
Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni
yarımstansiya inşa edilib.
Son 13 il ərzində bir milyona yaxın elektron-rəqəmsal
sayğaclar istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişlər. İlk dəfə olaraq,
insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları
olan "Alfa metronika RTU” alış nöqtələrində quraşdırılmış və xüsusi proqram təminatı
mərkəzi idarəetmə bazasına inteqrasiya edilmişdi. Hazırda "Elster” tipli sayğaclar,
quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq
(cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş
blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual
ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan
şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını
da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda
isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək
500-dən çox bu tip sayğaclar quraşdırılmış və uğurla istismar olunur.
2011-ci ildən tətbiqinə start verilmiş SMS
Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin
intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı
işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans
artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin
qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik
və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna
faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil
rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət
göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır.
2011-2018-ci illər ərzində 100 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında
və ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib.
Əhali və qeyri-əhali istehlakçı qrupuna aid
sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması
"Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir.
"ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə
mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də səyyar "ASAN Kommunal Xidmət”
vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş
səyyar "ASAN Kommunal Xidmətə” sənədlərini
təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir
və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək
işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri
ödənildikdən sonra "Azərişıq” ASC-nin əməkdaşları operativ
göstərilən ünvana yollanır, vətəndaşın
obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq,
baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik
xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa,
indi bir iş günü ərzində həllini tapır, şəffaflıq
tam təmin olunur.
"ASAN Xidmət”lə "Azərişıq” ASC-nin birgə
göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi
ilə yekunlaşmır. Eyni zamanda abonentlərin
elektrik enerjisinə ödənişlərinin (borclarının)
araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının
təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası
və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər "bir pəncərə” prinsipi
əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün
səhmdar cəmiyyətdə "Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağırışını dərhal
icra etmək üçün "Qəza xidməti” də fəaliyyətdədir.
Abonentlərinə müxtəlif elektron xidmətlər
göstərən "Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə də xüsusi diqqət verilir.
Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə,
eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan
artması müasir tələblərə cavab verən yüksəkixtisaslı işçilərin sayının artırılmasını
və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi üçün elektroenergetika
sahəsində ilk dəfə olaraq müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb.
Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə
ümumi yığım səviyyəsi 95 faizə çatdırılıb.
"Azərişıq” ASC fəaliyyəti ərzində generasiya
güclərinin artırılmasında da fəal iştirak edir. Azərbaycan Prezidentinin 22 dekabr
2017-ci il tarixli 3535 saylı sərəncamının icrası ilə əlaqədar "Azərişıq” ASC-nin
balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək
Elektrik Stansiyalarında təmir və bərpa işlərinə başlanıldı. Stansiyaların istehsal
etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının
ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV0luq 4 MVA gücündə yarımstansiyalar
inşa edildi, 110 kV-luq 4-cü Yaşma və 35 kV-luq Yaşma Bağları hava xətləri ilə əlaqələndirildi.
Ötən il oktyabr ayının 12-də dövlət başçısının iştirakı ilə alternativ enerji mənbəyi
olan bu stansiyaların açılışı oldu və daha bir layihə uğurla başa çatdırıldı.
Kommunal xidmətlərin inkişafına dair Strateji
Yol Xəritəsinə uyğun olaraq "Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet
istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.
"Azərişıq” ASC tərəfindən 2025-ci ilədək
respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair
məlumatlar hazırlanaraq, "Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə
tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri hazırlanaraq
Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün
istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması
istiqamətində "Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Ölkəmiz Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi
strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilərək davamlı inkişafı ilə reginonun lider dövləti statusuna
sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan ölkəmizin adı inkişaf etməkdə
olan dövətlər sırasında çəkilməsi isə bizə xüsusi qürur verir. Təbii ki, bu qürur
hissi öncəliklə prezident İlham Əliyevin
şəxsinə aiddir. Onun gərgin əməyi və səyləri nəticəsində müəyyənləşən yeni inkişaf
konsepsiyası ölkəmizin enerji sektorunun da başabaş yenilənməsinə səbəb olub. Bu
işdə az da olsa payımızın olması bizə sevinc hissi bəxş edir. Bugünkü işıqlı günlər,
sevincli anlar dünyaya günəş kimi nur saçan möhtəşəm bir ölkənin - Azərbaycanın
təntənəsidir.
Tanrıverdi MUSTAFAYEV,
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri