06 May 2025 09:00
813
Mədəniyyət
A- A+
"İsgəndərovun teatrı"

"İsgəndərovun teatrı"


Bəyzadəlik onun sanki boyuna biçilmişdi. Yalnız görkəmi deyil, davranışı, ədaları da onu saydırıb-seçdirirdi. Ağır təbiətli, zabitəliydi. Ciddi olduğu kimi, özünəməxsus zarafatçıllığı da vardı. Ancaq ötkəmlik, başqalarını onunla hər zaman hörmətlə davranmağa vadar etmək xarakterinin bütün cizgilərində qərar tutmuşdu. Ondan çəkinirdilər və onu sevirdilər...

Bəy oğlu idi Adil İsgəndərov. 1910-cu il mayın 5-də qədim Gəncədə dünyaya gəlmişdi. Atası Rza bəy Gəncənin nüfuzlu bəylərindən sayılırdı. Adil İsgəndərov ana tərəfdən də bəy nəslindən idi.

Əsl soyadları İsgəndərbəyli idi. Sovet hökumətinin qılıncının kəsərli, qəzəbinin hədd-hüdudu olmayan vaxtlarında təzyiqlərlə qarşılaşmamaq üçün soyadlarının sonluğundakı bəylə vidalaşaraq İsgəndərov oldular. Amma Rza bəy o günləri görmədi. O, sovet hökumətinin gəlişi ilə başlayan bəylərin qara günlərinin şahidi olmadan vəfat etdi. Rza bəy ailə düşmənçiliyinin güdazına getdi. Onda oğlu Adilin altı yaşı vardı.


Kiçik yaşlarından böyük arzulara doğru...


Teatra sevgi könlünə düşəndə Adil İsgəndərov uşaq idi. Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə gedəndə on yaşındaydı. Onu fərqləndirən yalnız bacarığı deyildi, həm də fəallığı idi. On üç yaşında qurduğu, Kərəm rolunu da özünün ifa etdiyi "Qaçaq Kərəm" tamaşası yaradıcı adamların diqqətini çəkdi. Bakıya yolu da oradan başladı. Onu paytaxta gətirdilər. Bakı Teatr Texnikumunda əla qiymətlərlə oxudu. Sonra Sovet İttifaqının paytaxtına yollandı. A. V. Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda təhsilini davam etdirdi. İnstitutu bitirib Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçdi.

1936-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) işə başladı. İlk vaxtlardan bu sənət məbədinə gətirdiyi yeniliklərlə, fərqli yaradıcılıq dəst-xəti ilə öz varlığını göstərdi. Böyük sənətkarların çalışdığı bu teatrın baş rejissoru təyin edildi. Sonralar Akademik Milli Dram Teatrının direktoru vəzifəsində işlədi. Adil İsgəndərov bu teatrda iyirmi beş ilə yaxın fəaliyyət göstərdi. 

Milli teatrın səhnəsində ilk rejissorluq işi 1936-cı ildə "Polad qartal" tamaşası oldu. Sonralar "Həyat", "Vaqif", "Xanlar", "Fərhad və Şirin", "Aydın", "Şərqin səhəri", "Otello", "Cavanşir" və başqa əsərlərə quruluş verdi. "Otello" tamaşasına Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə baxaraq heyran qalan ingilislər onu lentə aldılar.

Adil İsgəndərovun rejissor təqdimatı hər zaman uğurlu olurdu, alqışla qarşılanırdı. Teatrsevərlər onun quruluş verdiyi bütün tamaşalara baxmağa can atırdılar. Uzun müddət yaddaşlardan silinməyən, böyük maraqla, rəğbətlə bəhs edilən həmin tamaşaların uğur qazanmasının səbəblərindən biri də rejissorun bütün rollara düzgün aktyor seçimi etməsi idi. 

O, Akademik Milli Dram Teatrını sanki böyük bir məktəbə çevirmişdi. Adil İsgəndərov Azərbaycan teatrına neçə-neçə istedadlı rejissorun və aktyorun gəlməsində misilsiz xidmətlər göstərmişdi. Adil İsgəndərovun Akademik Milli Dram Teatrındakı uzunillik fəaliyyəti o qədər səmərəli, parlaq olub ki, bu sənət məbədini həmin dövrdə "İsgəndərovun teatrı" adlandırırdılar.


Haqsızlıqlara boyun əyməyən sənətkar


Çox çalışırdı. Əməyi, bacarığı, istedadı etiraf edilirdi. Amma düzgün mövqeyi, haqlı tələbləri hər zaman təqdir olunumur, bəzən maneələrlə qarşılanırdı. Adil İsgəndərov milli teatrın yeni binası akustikasız olduğu üçün ora köçürülməsinə etiraz edəndə də söylədiyi doğruları nəinki qəbul etmədilər, hətta buna görə sənətkarı incitdilər. Əslində, Adil İsgəndərovun incikliyinin yeganə səbəbi bu deyildi. Səhhətini, sağlamlığını çox sevdiyi teatrın yolunda fəda edən Adil İsgəndərov haqsızlıqlara boyun əymədi. Sonunda çox sevdiyi teatrdan getməli oldu.

Görkəmli sənətkarın bundan sonrakı fəaliyyəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası ilə bağlı oldu. O, 1966-cı ildən "Azərbaycanfilm"ə  rəhbərlik etdi. 

Yüksək təşkilatçılıq bacarığı olduğunu hələ Akademik Milli Dram Teatrında fəaliyyəti illərində göstərmişdi. Adil İsgəndərovun "Azərbaycanfilm" Kinostudiyasında da böyük işlər görəcəyi gözlənilən idi. O, tezliklə Kinostudiyaya yeni ab-hava gətirdi.

1963-cü ildə çəkdiyi "Əhməd haradadır?" quruluş verdiyi yeganə film oldu. Kinostudiyanın bitmək bilməyən qayğıları, işləri ona başqa filmlərdə də öz rejissorluq məharətini göstərməyə imkan vermədi. Ancaq kinoaktyorluq fəaliyyətini davam etdirdi. Adil İsgəndərov filmlərdə müxtəlif xarakterli rollar yaratdı. Tamaşaçılar onu istedadlı kinoaktyor kimi tanıdılar. 

Kinoaktyor kimi ilk rolu Hüseyn Seyidzadənin 1956-cı ildə quruluş verdiyi "O olmasın, bu olsun"da qoçudur. Adil İsgəndərovun ifasında bu epizodik rol tamaşaçıların diqqətini çəkdi, yaddaqalan oldu. O, daha sonra "Uzaq sahillərdə" sahibkar Rosseli, "Axırıncı aşırım"da Kərbəlayi İsmayıl, "Qanun naminə"dəki Kamilov, "Dərviş Parisi partladır"da Hətəmxan ağa, "Arxadan vurulan zərbə"də Dadaşlı, "Qara daşlar"da Xəlilov, "Romeo mənim qonşumdur"da Quliyev və başqa rollara çəkildi. Həmin rollar Adil İsgəndərovun kino aktyoru kimi də böyük istedada malik olduğunu təsdiqlədi və bu gün də kinosevərlər tərəfindən maraqla, bəyənilərək izlənilir.

Onun kino sənətində ən uğurlu işlərindən olan, 1971-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilən "Axırıncı aşırım" filmindəki Kərbəlayi İsmayıl rolu yalnız Azərbaycan kinosevərlərinin sevgisini qazanmadı. "Axırıncı aşırım" filmi 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında nümayiş edildi və Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Şadlinski rolunun ifaçısı kimi mükafata layiq görüldülər. Adil İsgəndərov öz mükafatından imtina edərək Qəmlo rolunu böyük ustalıqla ifa edən Məlik Dadaşova verilməsini istədi.


Sənəti hər şeydən yüksək tutardı...


Sözübütöv, qətiyyətli, yeri gələndə sərt olan Adil İsgəndərov yalnız sənət naminə güzəştə gedə bilərdi. O, münasibətlərinin çox gərgin olduğu vaxtlarda "Otello" tamaşasında baş rolu Xalq artisti Ələsgər Ələkbərova həvalə etdi. Xalq artisti Rza Əfqanlı ilə də aralarında narazılıq yaranmasına baxmayaraq, Hüseyn Cavidin "Şeyx Sənan" əsərindəki baş rolu ona verdi. Adil İsgəndərov "Nəsimi" filmində Teymurləngə  çəkilməkdən imtina etməsini həmin rolun Yusif Vəliyevin ifasında mükəmməl olacağı ilə əsaslandırdı. Rejissor Hüseyn Seyidzadə "Dəli Kür" filmində onu Cahandar ağa roluna çəkmək istəyəndə Ələddin Abbasovu məsləhət gördü. Çünki Adil İsgəndərov əsl sənətin mahiyyətini, dəyərini bilirdi. Və öz maraqlarını, şöhrətini deyil, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafını düşünürdü.

O, Akademik Milli Dram Teatrında da, kinostudiyada da xeyirxahlığı, qayğıkeşliyi ilə çoxunun ümid yeri olmuşdu. Adil İsgəndərov çalışdığı aktyorların yalnız yaradıcılığına diqqət göstərmirdi. Onların sosial vəziyyəti, problemləri ilə də maraqlanır, həlli üçün əlindən gələn köməyi əsirgəmirdi. 

Adil İsgəndərov insan kimi də, sənətkar kimi də xoşbəxt idi. Haqqında ehtiramla danışır, ona böyük rəğbətlə yanaşırdılar. Əməyi qiymətləndirilir, dövründə ən üstün hesab edilən fəxri adlarla, ordenlərlə mükafatlandırılır. Adil İsgəndərov Əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR Xalq artisti (1943), SSRİ Xalq artisti (1959) fəxri adları ilə təltif olundu. "Stalin" mükafatı (2-ci dərəcə) (1948), "Lenin" ordeni (1949), "Qırmızı Əmək Bayrağı" ordeni (1946) və başqa mükafatlara layiq görüldü.

O, öz şəxsiyyətini bütün vəzifələrdən üstün tuturdu. Heç vaxt kiminsə  qarşısında boynunu bükmür, güzəştə getmirdi.  "Azərbaycanfilm" Kinostudiyasına rəhbərlik etdiyi illərdə də yersiz göstərişlər veriləndə, işlərinə müdaxilə ediləndə çox əsəbiləşirdi.

Elə onun 1974-cü ildə ərizə yazaraq kinostudiyadan işdən getməsinə də səbəb haqsızlıqları qəbul etməməsi oldu. Görkəmli sənətkar 1978-ci ilin sentyabrında dünyasını dəyişdi. Böyük sənətkar İkinci Fəxri xiyabanda dəfn edildi.

Tarix hər kəsi öz layiq olduğu yerdə, ünvanda saxlayır. Adil İsgəndərov məktəbi, o məktəbin yetişdirdiyi istedadlı sənətkarlar, onların sənət naminə gördüyü işlər isə unudulmur. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!