Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli
torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar
bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün
o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər
ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar
idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var. Artıq bir dəfə
Azərbaycan torpağında erməni dövləti yaradıldı, özü də Azərbaycanın ovaxtkı rəhbərliyinin
icazəsi ilə.
İlham ƏLİYEV
İrəvan şəhərinin təkcə zəngin tarixi-memarlıq
abidələrinin mövcudluğu ilə deyil, həmçinin elm və mədəniyyət mərkəzi kimi də Azərbaycan
şəhərləri arasında özünəməxsus yeri vardır. Lakin 1918-1920-ci illərdə İrəvan şəhərində
ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət
abidələrinə qarşı isə vandalizm aktları həyata keçirilmiş, bundan sonra şəhərin
simasının sürətlə erməniləşdirilməsi prosesi başlamışdır.
XIX əsrin əvvəllərinə qədər yalnız azərbaycanlıların
yaşadığı bu şəhərdə XX əsrin əvvəllərində təqribən 29 min əhalinin yarısını azərbaycanlılar
təşkil edirdi. XXI əsrin əvvəlində isə İrəvan şəhəri monoetnik erməni şəhərinə çevrilmişdir.
Ermənilər bu gün İrəvanı dünyaya qədim erməni şəhəri kimi təqdim etsələr də, bu
şəhərdə yaşı 200 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məsciddir.
Hansı ki, onu da fars məscidi kimi təqdim edirlər.
İrəvan quberniyasında, o cümlədən də İrəvan
şəhərində azərbaycanlılara qarşı kütləvi qırğınlar ilk dəfə 1905-1906-cı illərdə
baş vermişdir. Həmin dövrdə ermənilər təkcə İrəvan şəhərində 4 dəfə qırğınlar törətmişdilər.
Erməni silahlı dəstələrinin törətdikləri
növbəti qırğınlar 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərini əhatə etmişdir.
1917-ci ilin noyabrında Erməni Milli Şurası Qafqaz cəbhəsi komandanlığından erməni
korpusunun yaradılmasına xüsusi icazə almışdı. Qafqaz diviziyasının sabiq komandanı
Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaşdırılmışdı. Korpusun
komissarı Dro (Drastamat Kanayan) təyin edilmişdi. Erməni korpusu üç diviziyadan
ibarət idi. Birinci diviziyaya general Mixail Areşov, ikinci diviziyaya əslən udin
olan polkovnik Movses Silikov, Türkiyə ermənilərindən təşkil edilmiş üçüncü diviziyaya
isə general Andranik Ozanyan komandanlıq edirdi.
1917-ci ilin dekabrında Tiflisdə erməni korpusunun
tamamlanması və hərbi səfərbərlik həyata keçirilməsi haqqında qərar qəbul edilmişdi.
Bu vəzifələrin icrası üçün İrəvan Erməni Milli Şurasının sədri Aram paşaya (Aram
Manukyan) xüsusi səlahiyyət verilmişdi. Dekabrın 18-də Aram və Dro İrəvan şəhərinə
gəlmiş və ayın 24-dən etibarən hərbi çağırış həyata keçirilmişdi.
Yeni formalaşdırılan erməni silahlı dəstələri
Türkiyədən qaçıb gələn erməni qaçqınlarını məskunlaşdırmaq üçün ilk növbədə İrəvan
ətrafında əlverişli ərazilərdə yerləşən azərbaycanlı kəndlərinə hücumlar edirdilər.
Azərbaycanlı əhali isə ciddi şəkildə erməni silahlı dəstələrinə müqavimət göstərirdi.
İrəvan quberniyasında erməni vəhşiliklərinin
qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası ciddi fəaliyyət göstərirdi.
Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində şöbəsi yaradılmışdı.
***
5-8 fevral 1918-ci il tarixdə İrəvan şəhər
dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusların və
kürdlərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətlə, qurultayın 7 iclası olmuşdu.
Qurultayın sonunda Millətlərarası Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması
üçün erməni-tatar (türk) hərbi hissəsinin formalaşdırılması vəzifəsi həvalə edilmişdi.
Fevralın 9-da Millətlərarası Şuranın ilk iclası keçirilmiş, erməni-tatar (türk)
hərbi birliyinin formalaşdırılması üçün hərbçilərdən ibarət komissiya yaradılmışdı.
Fevralın 12-də Cənubi Qafqaz Komissarlığından
Məmmədyusif Cəfərov, Xaçatur Karçikyan və Şalva Alekseyev-Mesxievin iştirakı ilə
nümayəndə heyəti İrəvana gəlmiş, Millətlərarası Şuranın bir neçə iclaslarında iştirak
etmişdi. Müsəlman təmsilçilər ərzaqla təminat məsələsində ciddi problemlər yaradıldığını
bildirmişlər. Həmin iclasda İrəvan quberniyasının ərzaq komitəsinin sədri Zülfüqar
xan Makinskiyə müəyyən səlahiyyətlər verilmişdi.
İrəvanda ermənilər arasında səfərbərlik həyata
keçirildikdən sonra onlara silahlar paylanmışdı. İrəvan müsəlmanlarının nümayəndəsi
Xəlil bəy Qasımbəyov quberniya komissarına müraciət edərək bildirmişdi ki, ətraf
kəndlərdən çoxlu müsəlmanlar gələrək onlara da silah verilməsini tələb edirlər. Lakin onların bu tələbi yerinə yetirilməmişdi.
İrəvan quberniyasının komissarı S.Torosyan
Cənubi Qafqaz Komissarlığına göndərdiyi teleqramda yazırdı ki, fevralın 20-də günorta
İrəvan şəhərində başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam
saat 7-dək davam etmişdir. S.Torosyan qırğınların İrəvan şəhərində azərbaycanlı
əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsinin əsl səbəbini ört-basıdır edərək
yazırdı ki, guya qırğınlara səbəb kimi üç versiya irəli sürülür: Birinci versiyaya
görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir
türk digərini öldürmüş və bu da iğtişaşların başlaması üçün qığılcım olmuşdur. Digər
versiyaya görə, atışma silahlı türklərlə dəmiryol vağzalında keşik çəkən erməni
dəstəsi arasında baş verən toqquşmadan sonra başlanmışdır. Üçüncü versiyaya görə
isə guya iğtişaşlar bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan
sonra bütün şəhərə yayılmışdır. Göründüyü
kimi, S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri
qəsdən türklərin üzərinə atmağa çalışmışdır.
Qırğınların ertəsi günü hələ də ara-sıra
atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri polkovnik
Pirumyan şəhər rəhbərliyinin, din xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının
təmsilçilərinin iştirakı ilə müşavirə keçirmişdi. Müşavirədə şəhərdə hərbi vəziyyətin
elan edilməsi, hərbçilər və mülki şəxslər üçün ayrı-ayrılıqda hərbi-inqilabi məhkəmələr
yaradılması qərara alınmışdı. Mülki hərbi-inqilabi məhkəmənin tərkibi 7 nəfərdən
- üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət təşkil
edilmişdi.
İrəvan quberniyasında baş verən hadisələri
aydınlaşdırmaq üçün Tiflisdən gələn nümayəndə heyəti geri qayıtdıqdan sonra Cənubi
Qafqaz Seyminin martın 2-də keçirilən iclasında məruzə etmişdi. Nümayəndə heyətinin
başçısı Georqadze öz məruzəsində konkret faktlar gətirərək İrəvan quberniyasında
yalnız türk kəndlərinin dağıdıldığını qeyd etmişdi. Həmin iclasda müsəlman nümayəndələr
İrəvan quberniyasında milli ədavətin və millətçiliyin qızışmasında "Daşnaksütyun”
partiyasını ittiham etmişdilər.
***
1918-ci il martın sonlarında Sarıqamışın
türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İrəvan şəhərində
ermənilər mitinqlər keçirmişdilər. Aram paşa şəhərin və quberniyanın vahid diktatoru
elan edilmişdi.
Azərbaycan Respublikası Dövlət Arxivində
saxlanılan sənəddə qeyd edilir ki, erməni silahlı dəstələri 1918-ci ilin mart ayınadək
təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid
qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın etmiş,
həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına və deportasiyaya
məruz qoymuşdur.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində "türksüz Ermənistan”
dövləti yaratmaqdan ibarət idi.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi
özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman Milli Şurasının
mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirmişdi ki, Batum konfransında
təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Cənubi Qafqaz müstəqilliyini
qorumalıdır, onun birliyinin və həmrəyliyinin mühafizəsi üçün ermənilərə bir qədər
torpaq güzəşt olunmalıdır.
1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın
müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın
siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunur. Milli
Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin
qərar Milli Şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və
bir nəfərin etiraz səsi ilə qəbul edilir. Milli Şuranın iyunun 1-də keçirilən iclasında
Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy
Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə
etirazlarını bildirsələr də nəticəsi olmur. Yalnız İrəvan quberniyasından alınan
həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə
Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən,
Ermənistan Respublikasının ərazisi təqribən
9 min kvadrat kilometr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni,
80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu
respublikanın ərazisinə Şərur-Dərələyəz, Naxçıvan, Sürməli qəzaları və Basarkeçər
bölgəsi istisna olmaqla Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdəüçü, Eçmiədzin
qəzasının dörddəbiri, Aleksandropol qəzasının dörddəbiri daxil idi.
Batum müqaviləsinin imzalanmasından sonra
İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri qırğınlar nəticəsində ev-eşiyindən
didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən
iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan
gələn xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin
salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin
206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasındakı qaçqınlara
maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan
quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi
ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yurdlarına qayıtmaları üçün Ermənistan
hökumətinə təsir göstərsin.
Andranikin komandanlığı altında erməni silahlı
dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli
ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə
məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının
tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin
də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının
bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi.
Birinci Dünya müharibəsinin sonunda,
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi
Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara
qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.
Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi
fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər
barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan
Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası
Həmyerliləri Təşkilatı məlumatlandırırdı.
***
İrəvan Quberniyası Həmyerliləri Təşkilatının
sədri Teymur xan Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi
ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına - yəni türk qoşunlarının gəlişinədək
İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış
məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş,
bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına
görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz
qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər.
Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları
ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur xan Makinski zorla
boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını
yazırdı.
4 yanvar 1919-cu ildə parlamentin üzvləri
Teymur xan Makinskinin, Məhərrəm Məhərrəmovun, Əkbərağa Şeyxülislamovun və İrəvan
quberniyası ziyalılarının bir qrupunun imzası ilə Azərbaycan parlamentinin sədrinə
ünvanlanan müraciətdə qeyd edilirdi ki, İrəvan quberniyasında sırf müsəlmanlar ilə
məskun 500 min əhali özlərini Azərbaycanın ayrılmaz bir parçası hesab edir və arzu
edirlər ki, taleləri Paris sülh konfransında həll oluncaya qədər asayiş içində yaşamalarına
ermənilər mane olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası
sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrəvan müsəlmanlarının mövcudiyyətinin
mühafizəsi üçün lazım gələn tədbirlər görülsün.
İrəvan quberniyası müsəlmanlarının nümayəndələri
adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin
başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti erməni
qaçqınlarını silah gücünə qovulmuş müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır.
Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan
onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu
sübut edə bilsinlər.
Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında
Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin etmişdir.
***
Müttəfiq dövlətlərin Cənubi Qafqazdakı qoşunlarının
komandanı general A. Tomsonun ermənipərəst mövqeyi onları yeni-yeni əraziləri ələ
keçirməyə iştahlandırırdı. M. Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin
açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazırdı.
Məhəmməd xan Təkinski Ermənistan hökumətinin
daxili işlərinə müdaxilə bəhanəsilə "persona nonqrata” - yəni "arzuolunmaz şəxs”
kimi İrəvandan qovulmuşdu.
M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı
və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan
Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Lakin ona qarşı
da zorakılıq edilmiş və nəticədə Ə.Haqverdiyev İrəvanı tərk etmək məcburiyyətində
qalmışdı.
Ə.Haqverdiyevdən sonra 1920-ci il martın
16-da Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski Azərbaycanın
Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. O da sələflərinin aqibəti ilə
üzləşərək İrəvanı gizlicə tərk etməli olmuşdu.
1919-cu il mayın 28-də Ermənistan Parlamenti
Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməklə "Birləşmiş və müstəqil Ermənistan”
dövlətinin qurulması haqqında akt qəbul etmişdir. "Birləşmiş Ermənistan”a Ermənistan
hökumətinin Azərbaycana və Gürcüstana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi.
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər
nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə
göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyasının yaradılacağını və həmin komissiyaya
İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağın
tapşırılacağını bildirmişdir. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi
də teleqramda qeyd olunmuşdu.
Azərbaycan hökuməti İrəvan şəhərində və quberniya
ərazisində azərbaycanlılara qarşı qırğınların dayandırılması üçün intensiv surətdə
Ermənistanın müvafiq qurumları ilə əlaqə saxlayırdı. Lakin Ermənistan hökuməti diplomatik
yazışmalarla baş qataraq soyqırımı siyasətini davam etdirirdi. Arxiv sənədləri sübut
edir ki, ermənilər bircə gün də olsun İrəvan quberniyasında azərbaycanlılara qarşı
qətl və qarət hərəkətlərini dayandırmamışlar.
"Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul
1919-cu ildə dərc edilmiş "Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan
şəhərinin azərbaycanlı əhalisinin vəziyyəti haqqında yazırdı: "Ermənistan Respublikasında
müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti
müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman
əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən
olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar
şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər...
Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından
qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar... Ermənistan hökuməti minlərlə qarət
edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir...
Müsəlmanların çəkdiyi işgəncələri təsvir
etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar... Müsəlmanların mülklərini
zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır
və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.
Ermənistan hökuməti qəsdən və düşünülmüş
surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır...”
***
Azərbaycan Parlamenti 17 iyul 1919-cu il
tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quberniyasından olan qaçqınların
vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rzayev bir il əvvəl İrəvanda
22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar
isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir.
O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Qarabəy Qarabəyov
deyir: "Erməni aclarına, erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü
taxıl gətirilib verilib. Amma oradakı müsəlmanların hamısı başdan-başa ac, paltarsız
qapıdan-qapıya dolanırlar. Halları xeyli pisdir... Ermənistanda müsəlmanlar üçün
bu cür yaşamaq mümkün deyildir... Müsəlman kəndlərində olan müsəlmanları çıxarıblar.
İrəvan aclar ilə doludur. Xahiş edirlər ki, (xeyriyyə təşkilatları nəzərdə tutulur)
onlar kəndlərinə gedib ot ilə, ələfiyyat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb
deyirlər ki, kənddə 45 ev varsa, hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ
bilməz. Xülasə, rəsmi xəbərlərə görə, ermənilər müsəlmanlara olmazın zülmlər edirlər.
Əvvəllər də ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin
qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar”.
Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: "Orada
qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə
qalmasın. Ata-baba yerlərindən tərk olsunlar...”
Xalq Cümhuriyyətinin Himayəçilik Nazirliyinin
Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə nazirliyə
göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: "1918-ci ilin
fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə
düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis
sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər
şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır.
Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz
qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət,
Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı
100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o
qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində
yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının
3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına
və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl
və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı
8 min nəfərdir”.
1919-cu il dekabrın 20-də Tiflisdə İrəvan
quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib
edilən protokolda qeyd olunurdu ki, Araz və Tarasum çaylarının digər sahilində,
Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan
edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Bundan əlavə, Azərbaycanın
İrəvandakı nümayəndəliyinin sərəncamında 14 nəfər əməkdaşın çalışdığı, onların da
vəzifəsinin İrəvandakı qaçqınları himayə edərək, onları Azərbaycana göndərməkdən
ibarət olduğu, lakin İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların
isə taleyin hökmünə buraxıldıqları da protokolda qeyd edilmişdi.
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci
ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan
300 min qaçqının gəldiyi qeyd olunmuşdur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən
Mir Mahmud Mirbabayevin 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi
məktubunda göstərirdi ki, İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır:
müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət
yoxdur”.
***
1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin
hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin
azərbaycanlılara qarşı törətdikləri qırğınlar
yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter almışdı.
1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində
14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu.
Təbii ki, aclıqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular.
Çünki həmin dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə
məhkum edilmişdilər. Halbuki həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi
ilə Amerikanın Yardım Komitəsi fəaliyyət göstərirdi.
İrəvan şəhərində azərbaycanlıların bir qisminin
erməni qırğınlarından canlarını salamat qurtarmalarının başlıca səbəbləri onların
kompakt şəkildə (şəhərin Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində)
məskun olmaları, Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik
nazirliyinin, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən
nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət olmadığından
erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri istədikləri şəkildə
həyata keçirirdilər.
Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki
Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük
əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdir.
1916-cı ildə İrəvan quberniyasında
373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında
Ermənistan SSR-də təqribən 10 min nəfər azərbaycanlı qeydə alınmışdı.
Ermənilərin 1918-1920-ci illərdə İrəvanda
həyata keçirdikləri soyqırımı nəticəsində azərbaycanlı məktəblərinin hamısı bağlanmışdı.
İrəvan ziyalılarının böyük bir qismi erməni vəhşiliklərinin qurbanı olmuş, bir qismi
də Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda və Orta Asiyada özlərinə sığınacaq
tapmışdılar.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan
sonra azərbaycanlıların az bir qismi İrəvandakı evlərinə qayıda bilmişdilər.
1922-ci ildə İrəvanda cəmi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı artıq
40396 nəfərə çatmışdı.
***
Sonrakı dövrlərdə - 1948-1953-cü illər və
1988-1989-cu illər deportasiyası nəticəsində İrəvan şəhərində azərbaycanlıların
varlığına son qoyuldu. İrəvan şəhəri qanlı qırğınlar və deportasiyalar nəticəsində
tarixdə ilk dəfə yaradılan erməni dövlətinin paytaxtına çevrildi.
Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara
qarşı törətdikləri soyqırımına və deportasiyaya hüquqi-siyasi qiymət vermək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı
haqqında” fərman imzalamış və bütün soyqırımı faciələrini yad etmək məqsədilə
31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.
1918-1920-ci illərdə erməni cəlladları tərəfindən
İrəvan şəhərində törədilən soyqırımı Bakıda, Şamaxıda, Qubada, Şuşada, Lənkəranda
xalqımızın başına gətirilən faciələr zəncirinin bir həlqəsidir.
Nazim MUSTAFA,
tarix elmləri üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri