02 Noyabr 2023 01:56
3972
Nazirlər Kabineti
A- A+
“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

№ 387

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Q A Y D A S I

1. Ümumi müddəalar
1.1.     Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 33.8-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.
1.2. Bu Qayda Vergi Məcəlləsinin 19-cu maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir.
1.3. Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna (bundan sonra - vergi uçotu) alınırlar.
1.4.     Bu Qaydanın məqsədləri üçün internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident (bundan  sonra - qeyri-rezident) dedikdə internet informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən, Vergi Məcəlləsinin 13.2.6.6-cı maddəsində nəzərdə tutulan qeyri-rezident şəxs nəzərdə tutulur.
1.5. Qeyri-rezident tərəfindən bu Qaydanın 1.4-cü bəndində qeyd olunan iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda vergi bəyannaməsi təqdim edilir:
1.5.1. işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə;
1.5.2. işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs Azərbaycan Respublikasında yerləşdikdə;
1.5.3. işləri və xidmətləri almaq üçün həmin işləri və xidmətləri qəbul edən (alan) rezident şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə;
1.5.4. işləri və xidmətləri almaq və ya ödənişi etmək üçün rezident şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.
1.6.     Bu Qaydada istifadə olunan anlayışlar Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar ilə müəyyən edilən mənaları ifadə edir.
1.7.     Bu Qaydaya uyğun olaraq uçota alınan qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinin XI fəslinin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən vergi agenti tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablanıb ödənilir.
1.8.     Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları arasında bu Qaydanın tələblərinin yerinə yetirilməsi, habelə həmin şəxslərin əvvəlcədən məlumatlandırılması məqsədilə bu Qaydaya uyğun olaraq vergi uçotuna alınmış, yenidən uçota alınmış və uçotdan çıxarılmış qeyri-rezidentlər barədə məlumatların mübadiləsi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində elektron qaydada həyata keçirilir.

2. Qeyri-rezidentin 
vergi uçotuna alınması
2.1. Qeyri-rezident vergi uçotuna alınmaq üçün bu Qaydanın 2.7-ci və 2.8-ci bəndlərində qeyd olunan məlumatları və sənədləri Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış Elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına (bundan sonra - platforma) daxil edir.
2.2. Qeyri-rezident tərəfindən daxil edilmiş məlumatların və sənədlərin vergi orqanlarında mövcud olan məlumat bazalarından istifadə etməklə 20 (iyirmi) iş günü müddətində bu Qaydaya uyğunluğu yoxlanılır. Məlumatlar və sənədlər bu Qaydanın 2.7-ci bəndinə uyğun olduqda və bu Qaydanın 2.6-ci bəndində qeyd olunan imtina halları aşkar edilmədikdə qeyri-rezident şəxs uçota alınır.
2.3. Dövlət Vergi Xidməti tərəfindən qeyri-rezident uçota alınarkən ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra - VÖEN) verilir. Verilən VÖEN qeyri-rezidentin elektron poçt ünvanına göndərilir və qeyri-rezident bu barədə platforma vasitəsilə məlumatlandırılır.
2.4. Platformaya daxil olmaq üçün qeyri-rezidentə avtomatik qaydada login və parol təqdim edilir.
2.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlərin düzgünlüyü mənbəyi bəlli olan məlumatlardan, beynəlxalq məlumat bazalarından və beynəlxalq müqavilələr çərçivəsində əldə edilən məlumatlardan istifadə etməklə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır.
2.6. Qeyri-rezidentin uçota alınmasından aşağıdakı hallarda imtina edilir:
2.6.1. qanunla qadağan edilən fəaliyyəti həyata keçirdikdə;
2.6.2. təqdim edilən sənəd və məlumatlarda düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;
2.6.3. bu Qaydanın 1.2-ci, 1.4-cü, 2.7-ci və 2.8-ci bəndləri ilə müəyyən edilən tələblərə cavab vermədikdə. 
2.7. Qeyri-rezident vergi uçotuna alınarkən onun barəsində aşağıdakı məlumatlar platformaya daxil edilir:
2.7.1.  tam adı;
2.7.2. rezidenti olduğu ölkənin adı;
2.7.3. hüquqi ünvanı və baş ofisin yerləşdiyi faktiki ünvanı, poçt indeksi;
2.7.4. internet səhifəsi (mövcud olduqda);
2.7.5. elektron poçt ünvanı;
2.7.6. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədinin nömrəsi;
2.7.7.     qeydiyyata alındığı dövlətdə vergi uçotu nömrəsi;
2.7.8. əsas fəaliyyət sahəsi (sahələri);
2.7.9. vergi ödənişinin aparılacağı valyuta; (manat, ABŞ dolları, avro və ya funt sterlinq);
2.7.10. Azərbaycan Respublikasının vergi orqanında uçotda olan şəxs kimi fəaliyyətə başlayacağı tarix;
2.7.11. vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə azı 2 (iki) məsul şəxsin məlumatları (soyadı, adı, atasının adı, vəzifəsi, elektron poçt ünvanı və əlaqə telefonu).
2.8.     Aşağıdakı təsdiqedici sənədlərin elektron nüsxəsi platforma üzərindən əlavə edilir: 
2.8.1. qeyri-rezidentin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) və ya vergi uçotu sənədi;
2.8.2. məsul şəxsin təyin edilməsini təsdiq edən sənəd (qərar, əmək müqaviləsi və s.).
2.9.     Uçot məlumatlarında dəyişiklik qeyri-rezidentin müraciəti əsasında həyata keçirilir.

3. Qeyri-rezidentin yenidən uçota 
alınması və uçotdan çıxarılması
3.1. Qeyri-rezident aşağıdakı hallarda uçotdan çıxarılır:
3.1.1. qeyri-rezident vergi bəyannaməsini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində təqdim etmədikdə;
3.1.2. qeyri-rezident vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində yerinə yetirmədikdə;
3.1.3. vergi orqanına qeyri-rezidentin uçotdan çıxarılması ilə bağlı müraciəti daxil olduqda;
3.1.4. qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə;
3.1.5. bu Qaydaya uyğun olaraq vergi uçotuna alınması üçün müraciət zamanı qeyri-rezidentin təqdim etdiyi məlumatlarda və sənədlərdə sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.
3.2.     Bu Qaydanın 3.1.4-cü yarımbəndi istisna olmaqla, digər hallarda uçotdan çıxarılan qeyri-rezident bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq təkrar müraciət etdikdə, yenidən uçota alınır (bu şərtlə ki, yenidən uçota alındıqdan sonra qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər yerinə yetirilsin).
3.3.     Qeyri-rezident uçotdan çıxarıldıqdan sonra yaranan vergi öhdəliyi Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq yerinə yetirilir. 

4.  Qeyri-rezidentin öhdəlikləri
4.1.     Qeyri-rezidentin öhdəlikləri aşağıdakılardır:
4.1.1.     Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ƏDV bəyannaməsini təqdim etmək və vergiləri ödəmək;
4.1.2. bu Qaydanın 2.7-ci bəndində qeyd olunan məlumatlarda dəyişiklik baş verdikdə, bu cür dəyişiklik baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində vergi orqanına müraciət etmək.
4.2.     Qeyri-rezident bu Qaydaya uyğun olaraq təqdim etdiyi bütün sənədlərin və məlumatların, eləcə də təqdim edildikdən sonra dəyişdirilmiş (yenilənmiş) sənədlərin və məlumatların düzgünlüyünə cavabdehdir.

5. Məlumatların məxfiliyi
Vergi Məcəlləsinin 30.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, qeyri-rezidentlərdən əldə edilmiş məlumatlar kommersiya və (və ya) vergi sirri hesab edilir və həmin məlumatlardan yalnız vergitutma məqsədləri üçün istifadə edilə bilər.

6. Borcların alınması
6.1.     Qeyri-rezidentlərdən vergi borclarının alınması ilə bağlı Azərbaycan Respublikası vergi qanunvericiliyinin müddəaları tətbiq edilir.
6.2.     Qeyri-rezidentin rezident olduğu dövlətlə Azərbaycan Respublikası arasında vergi borclarının alınmasını tənzimləyən ikitərəfli beynəlxalq müqavilə və ya hər iki dövlətin qoşulduğu çoxtərəfli beynəlxalq müqavilə mövcud olduqda, həmin qeyri-rezidentlərdən vergi borclarının alınması müvafiq beynəlxalq müqavilələrin müddəalarına əsasən həyata keçirilir.

7. Sənədlərə dair tələblər
7.1.     Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları (və ya həmin ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi) tərəfindən leqallaşdırılmaqla təqdim edilir.
7.2. Bu Qaydanın 7.1-ci bəndindən asılı olmayaraq, qeyri-rezident şəxsin rezidenti olduğu ölkə "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda sənədlərə həmin ölkənin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.
7.3. Bu Qaydanın 7.1-ci və 7.2-ci bəndlərindən asılı olmayaraq, qeyri-rezident şəxsin rezidenti olduğu ölkə "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il                    7 oktyabr tarixli Kişinyov Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda həmin dövlətin səlahiyyətli orqanı, yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil verilmədən qəbul edilir.
7.4. Azərbaycan Respublikasının və qeyri-rezident şəxsin rezi-denti olduğu ölkənin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə bu Qaydanın 7.1-ci, 7.2-ci və 7.3-cü bəndlərində göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin beynəlxalq sazişlərə uyğun qaydada həyata keçirilir.
7.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər Azərbaycan və ya ingilis dillərində təqdim olunur. Sənədlər və ya məlumatlar digər dildə olduğu halda onların Azərbaycan və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!