Bu sual həm sürücüləri, həm də piyadaları düşündürür
Bakı küçələrindəki avtomobil tıxacları və ya hərəkət sıxlığı günümüzün aktual mövzularındandır. Problemin həlli yolları aranmaqda, bunun üçün külli miqdarda vəsait xərclənməkdədir. Amma bəzən yoldan istifadə edənlərin ən adi qaydalara etinasız yanaşması, nəzarət edənlərin isə xaosla "barışması" məsələnin həllini çətinləşdirir.
Şərifzadə küçəsi ilə gedib-gələnlər illərdir ki, adi bir səhnənin şahididirlər: günün istənilən saatında "İnşaatçılar" metro stansiyasının qarşısından keçən yolun təxminən 50-100 metrlik hissəsində sıxlıq, bəzən isə tıxac müşahidə olunur. Yenidən abadlaşdırılaraq qurulmuş geniş, rahat, ikitərəfli və çoxzolaqlı yol metro stansiyasının qarşısında keçilməz dar bir "boğaz"a dönür. Səbəb isə absurd sayılacaq qədər bəsit, eyni zamanda məntiqəsığmazdır: təyinatından asılı olmayaraq metro stansiyası ətrafında hər iki hərəkət istiqamətində yolun kənarında minik avtomobillərinin 1-2 cərgəsi saxlanılır; bundan sonra isə dayanacaqlara yan almaq istəyən marşrut avtobusları boş qalan iki zolağı səkiyə dirənən avtomobillərin arxasınca zəbt etmək məcburiyyətində qalır. 4-5 zolaqla gələn axın tək bir - ən kənar sol zolağın ümidinə qalır. Bəzən avtobus sürücülərinin bu zolaqda belə sərnişin mindirib-düşürməkdən başqa yolları qalmır. Nəticədə yaranan tıxaclar hərəkəti iflic edir. Halbuki bütün bu xoşagəlməz hallar heç də zərurətdən yaranmır. Məsələ burasındadır ki, metronun hər iki tərəfində göy-göyərti, meyvə-tərəvəz satanların şıdırğı alveri gedir, buralar, bir növ, qeyri-rəsmi bazar titulunu qazanıb. Yolu zəbt edənlərin bir qismi də, çox güman ki, bura bazarlığa düşənlərdir.
Minik avtomobilləri dayanma-saxlama qaydalarına əməl etsə, yolun kənarlarını zəbt etməsə, avtobuslar dayanacaqda səliqə ilə dayanar, tıxaclara səbəb olmaz. Əgər əlaqədar təşkilatların əməkdaşları vəzifə səlahiyyətlərini dolğun həyata keçirsələr, müşahidə kameralarının görüntülərindəki qayda pozucuları yol polisi tərəfindən daha ciddi intizama dəvət olunsalar, çox güman ki, yolun təhlükəsizliyi təmin edilər, sürücülərin, sərnişinlərin və piyadaların əsəbləri mənasız yerə pozulmaz, yol qəzaları üçün riskli anlar yaşanılmaz.
Onu da nəzərə alaq ki, "İnşaatçılar" metrosunun yanındakı tıxac həngamələrinin düz "episentr"ində qurulan videomüşahidə kameraları dəstinin "göz"ləri önündə sadaladığımız hadisələr dramatik bir gərginliklə aramsız olaraq neçə ildir ki, davam edir. Bəlkə bu kameralar işlək deyil, yox, əgər fəaliyyətdədirsə, niyə illər boyu izlənilən biabırçılığa son qoymaq üçün əməli tədbirlər görülmür?
Elxan QƏNBƏRLİ,
Bakı şəhəri