Prezident İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk illərindən Azərbaycanın mövcud təbii resurslarının insan kapitalına çevrilməsi zərurətini əsas prioritetlərdən biri kimi irəli sürüb.
Müəyyən edilmiş inkişaf hədəfləri, qəbul olunmuş qərarlar, həyata keçirilən strateji layihələr bu prioritetə uyğunlaşdırılır. Dövlətimiz rəqabətli insan kapitalının formalaşdırılmasını qloballaşma dövrünün əsas vəzifələrindən biri kimi görür və bu istiqamətdə ardıcıl addımlar atır.
Mayın 26-29-da Bakıda keçirilən və Azərbaycan-Türkiyə birgəliyinin daha bir nümunəsi kimi tarixə yazılan "Teknofest-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı da bütün digər cəhətləri ilə yanaşı, eyni zamanda insan kapitalının, elmə, texnologiyalara qoyulan sərmayələrin gücünün nümayişi idi. Belə tədbirlər müasir dünyamızın çağırışlarına uyğun bilik və bacarıqların fərdlər, cəmiyyətlər, dövlətlər və ümumən bəşəriyyət üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Xüsusilə gənc nəslin texnologiyalara marağını artırır, onlar üçün öz yaradıcı ideyalarını reallaşdırmaqda böyük fürsətlər yaradır.
Yeni keyfiyyət amili
Dövlət rəhbərimiz hələ illər əvvəl insan kapitalı məsələsini irəli sürərkən müasir dünyamızın əsas çağırışını diqqətə çatdırmış, cəmiyyətin bu prioritet ətrafında səfərbər olunmasının vacibliyini aktuallaşdırmış və bildirmişdir ki, bu məqsəd ölkəmizdəki inkişaf proseslərinin aparıcı istiqamətlərindən olacaqdır. Prezident İlham Əliyev demişdir: "Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…". Dövlət rəhbərimizin bu fikri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də öz əksini tapıb.
Milli prioritetlərin 3-cü hissəsi "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı"nın yaradılmasına həsr edilib. Azərbaycan dövləti bunu növbəti onillikdə qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Belə bir məqsəd müasir dövrdə dünya iqtisadiyyatında müşahidə olunan misilsiz texnoloji dəyişikliklərdən və həmin dəyişikliklərin ölkələrarası rəqabətə son dərəcə güclü təsirindən irəli gəlir. 4-cü Sənaye İnqilabı artıq bütün Yer kürəsini əhatə edir. Heç bir region onun müsbət mənada təsir dairəsindən kənarda qala bilmir. Əgər əvvəllər dünyanın müxtəlif ölkələrində tədqiqatçılar aylarla, illərlə hansısa elmi ideyalar üzərində axtarışlar aparırdılarsa, ideyaların paylaşımı, birgə həllərin tapılması indi an məsələsidir. Müasir dünyanın reallıqları sabitlikdən daha çox daimi dəyişkənliyə, təkbaşına fəaliyyətə deyil, faydalı tərəfdaşlıq və konstruktiv əməkdaşlığa, hər hansı maddi formalara deyil, texnoloji üstünlüklərə əsaslanır. Mütəxəssislər bildirirlər ki, son yüz il ərzində bir-birinə bənzər məhsullar istehsal edən fabriklərdən fərqli olaraq, müasir dünyamızın şirkətləri öz xidmətlərini hər bir fərdin istəklərinə uyğunlaşdırmağa çalışır. Fərdi yanaşmalar kütləvi istehsalı əvəz edir. İntellektual sərmayə ən müxtəlif sahələrdə nailiyyət qazanmağın əsas meyarına çevrilir. Müəssisələrin, ayrı-ayrı qurumların müasir dövrün proseslərini anlamağa, insanların ehtiyaclarını, gözləntilərini başa düşməyə qabil istedadları, yüksək hazırlıqlı kadrları cəlb etməsi get-gedə daha böyük zərurətə çevrilir. Yeniliklərə sürətlə uyğunlaşma məsələsi daim dəyişən əmək bazarında özünə yer tutmaq və həm də yüksək rəqabətə davam gətirmək üçün indi əsas şərtdir. Bu da insan kapitalı məsələsini həm Azərbaycan, həm də ümumilikdə dünya üçün aktuallaşdırır.
Qara qızıl insan kapitalına çevrilir
Müasir dünyamızda ən qiymətli sərvət ayrı-ayrı insanlara məxsus əqli mülkiyyət, intellektual sərmayə, bilik və bacarıqlardır. İnsan kapitalı daşınan sərvətdir. İnsan öz bilik və bacarıqlarını özü ilə bir məkandan digərinə daşıyır, öz potensialını uyğun yerlərdə, şəraitlərdə reallaşdırır.
Bütün bu qeyd edilənlər 4-cü Sənaye İnqilabının dünyada yaratdığı vəziyyətdir. Bu yeni növ rəqabətə hazır olmaqdan ötrü hər bir ölkənin yüksəkrəqabətli insan kapitalını formalaşdırması mütləqdir. Bunun üçün müasir təhsilin, innovasiyaları təşviq edən ekosistemin və insanların sağlamlığının təmin olunması əsas şərt kimi qəbul olunur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev hələ illər əvvəl irəli sürdüyü "Qara qızılı insan kapitalına çevirək" tezisi ilə kreativliyə, yaradıcılığa, yenilikçiliyə ən böyük dəstəyini, 2020-ci il pandemiya dövründə dəfələrlə səsləndirdiyi "bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır" fikrilə isə iqtisadi inkişafımızın əsas hərəkətverici qüvvəsi olan insana verilən dəyəri ifadə etmişdir.
Bu gün Azərbaycan dövləti ölkəmizdə insan kapitalının inkişafını stimullaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirməkdədir. Real sektorun tələbinə uyğun kadr hazırlığının aparılması, təhsil sistemində islahatlar burada mühüm yer tutur.
Ümumiyyətlə, bəşəriyyət tarixi elm və təhsilin bütün dövrlərdə hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynadığını göstərir. Yeni dövrün tələblərinə cavab verən təhsil sisteminin qurulması, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son onilliklərdə Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz yüksək təhsildə, xalqın maariflənməsində görür, respublikada fundamental və humanitar elmlərin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi.
Prezident İlham Əliyev də ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə bir sıra tarixi qərarlara imza atmışdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" və digər bu kimi fundamental sənədlər ölkəmizdə təhsilin inkişafına və son nəticədə insan kapitalının yüksəlişinə xidmət edir. Azərbaycanda müasir dünyanın çağırışlarına uyğun universitetlər yaradılır. Məsələn, son illər regionun kifayət qədər nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilmiş ADA-nın fəaliyyəti buna bir sübutdur. Azərbaycanda böyük elm-təhsil ənənələrinə malik Fransa, İtaliya, Rusiya kimi ölkələrlə birgə universitetlərin yaradılması, müxtəlif ali məktəblərdə tanınmış universitetlərlə müştərək təhsil proqramlarının tətbiqi xoş bir ənənəyə çevrilib. Eyni zamanda ölkəmizdəki mövcud universitetlərin rəqabət qabiliyyəti yüksəlir. Onlar dünya reytinqlərində öz yerini tutmağa başlayır. Bütün bunlar insan kapitalının formalaşması üçün son dərəcə mühümdür. Çünki insan kapitalının formalaşmasında, intellektual sərmayə mühitinin yaranmasında ali məktəblərin rolu çox böyükdür.
Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində dövlət vəsaitləri ilə yanaşı, özəl sektorun da payının artırılması üçün lazımi addımlar atılır. Məktəbəqədər müəssisələrin inkişafı ilə bağlı işlər görülür. Eləcə də ali təhsilin daha böyük əhali qrupu üçün əlçatanlığının təmin edilməsi məqsədilə dövlət hesabına təhsil müəssisələrinin sayı çoxaldılır. Universitetlərdə tədris edilən bir sıra ixtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılır. Həmçinin vətəndaşlara təhsil kreditlərindən istifadə imkanları yaradılır.
İnnovasiyalar mühiti
İnsan kapitalı deyərkən ilk yada düşən amillərdən biri, təbii ki, innovasiyalardır. İnnovasiyalar hər bir ölkədə iqtisadi inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir. Bu, tarixin bütün dövrlərində belə olub. Müasir mərhələdə isə innovasiyalara daha böyük maraq var. Bu da onunla bağlıdır ki, 4-cü Sənaye İnqilabının iqtisadi rəqabət qaydaları xeyli fərqlidir. Ölkələrin, şirkətlərin öz rəqabət güclərini daim qorumalarına ehtiyac var. Bu isə ancaq yeniliklərə çevik şəkildə uyğunlaşmaqla, bütün formalarda innovasiyaların ön mövqelərində irəliləməklə mümkün ola bilər. Azərbaycan dövləti də buna çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır, müxtəlif innovasiya mərkəzləri yaradılır. Yaradıcı gənclərin öz ideyalarını, bilik və bacarıqlarını həyata keçirmələrinə dəstək verilir. İnnovasiyalara dəstək sahəsində özəl sektorun da payı getdikcə artır. Müxtəlif şirkətlərdə innovasiya mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi dolayısı ilə innovasiyalara da marağı artırır. Bütün bunlar isə cəmiyyətimizdə insan kapitalının inkişafına xidmət edir.
Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunmuş və intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə keçirilən "Yüksəliş" müsabiqəsinin əsas məqsədi də insan kapitalının formalaşmasına, inkişafına, cəmiyyətdə insan kapitalının aparıcı qüvvəsi rolunda çıxış edən gənc istedadlara dəstəkdir.
Bu müsabiqə zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. "Yüksəliş" müsabiqəsi də insan kapitalının inkişaf etdirilməsinin dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin olunmasına, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsinin tətbiqi ilə fərdi potensialların üzə çıxarılmasına yaradılan bərabər imkanları təcəssüm etdirir.
Dayanıqlı inkişaf
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də insan kapitalının inkişafında çox böyük rolu var. Mehriban xanım uğurla reallaşdırdığı layihələrlə Azərbaycanda və dünyada təhsili, mədəniyyəti, intellektual sərmayəni təbliğ edir. İnsanları ömür boyu savadlanmağa, müasir dünyanın tələb etdiyi bilik və bacarıqlara yiyələnərək əmək bazarında layiqli yerini tutmağa çağırır.
Mehriban xanım Əliyeva qeyd edir ki, müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. "İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib".
Elmə dəstək
İnsan kapitalının inkişafında əsas yerdə elm durur. Buna görə fundamental və tətbiqi elmlərin inkişafına xüsusi qayğı göstərilir. Müstəqil Azərbaycan dövlətinin inkişafının elmin, elmi-texniki tərəqqinin və təhsilin səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olduğuna hər zaman diqqət çəkən Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur.
Azərbaycanda son onilliklər ərzində elmin maliyyələşdirilməsi sistemində islahatların aparılması və sistemin təkmilləşdirilməsi istiqamətində çox işlər görülmüşdür. Elmin maliyyələşdirilməsi üçün müvafiq fondlar yaradılmışdır. Ölkəmizdə təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələr qrant şəklində maliyyələşdirilir, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə elmi müəssisələrin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə elmi-texniki potensial qorunaraq inkişaf etdirilir.
Azərbaycan dövləti elm və təhsilə daha çox investisiya qoymaqla dayanıqlı inkişaf mühiti yaradır. Ölkəmizin beynəlxalq rəqabətliliyi üçün möhkəm təməllər formalaşdırılır. Buna görə təkcə dövlətin deyil, cəmiyyətin hər bir fərdini özünü ölkənin ən böyük kapitalı kimi dəyərləndirməyə, öz potensialını ona qoyulan investisiyalarla daim artıraraq tam gücü ilə istifadə etməyə ruhlandırır.
Ölkəmizin son illər bu istiqamətdə qazandığı nailiyyətlər, "qara qızıl"ı, yəni ölkəmizin əsas təbii sərvətlərindən olan nefti insan kapitalına çevirmək əzmi beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, xeyli göstəricilərə görə Azərbaycanın dünya miqyasında ön sıralarda qərarlaşması buna bir nümunədir.
Lider baxışı
"Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur" - dövlət rəhbərimiz İlham Əliyev indi bunu Azərbaycan gəncliyinə əsas tövsiyələrindən biri kimi irəli sürür. Eyni zamanda gənclərimizi vətənpərvər olmağa, milli-mənəvi dəyərlərimizi unutmamağa səsləyir. Bu, gələcəyi aydın görən liderin baxışıdır. İnsan kapitalı, intellekual sərmayə, bilik və bacarıqların gücü vətənə, yurda sevgi, dəyərlərimizə hörmət hissi ilə birləşəndə Azərbaycan daha da qüdrətli, sarsılmaz olur.
İradə ƏLİYEVA,
"Azərbaycan"