Yeni araşdırmaya görə, insanın infarkt və ya insult keçirmə ehtimalına dair ilk əlamətlər hadisədən 30 il əvvəl görünə bilər. Alimlər hesab edirlər ki, bu erkən siqnallar insanlara riskdən vaxtında xəbər tutmaq və həyat tərzini dəyişmək üçün imkan yaradır.
“The İndependent” nəşrinin məlumatına görə, Edinburq Universitetinin alimləri 1980-ci illərdən başlayaraq təxminən 30 il ərzində ürəyi sağlam olan 114 minə yaxın insanı müşahidə edib. Bu müddətdə onlardan 17 minə yaxınında infarkt, insult və ya ürəklə bağlı digər ağır xəstəliklər yaranıb. “JAMA Network Open” jurnalında yayımlanan araşdırmadan məlum olub ki, sonradan ürək-damar problemi yaşayan insanlarda yuxarı qan təzyiqi illər boyu daha yüksək olub. Həmçinin ürək çatışmazlığını göstərən xüsusi zülalın qandakı miqdarı xəstəlikdən 10 il əvvəl dəyişməyə başlayıb. Bundan başqa, böyrəklərin işi, hərəkətlilik səviyyəsi, şəkərli diabet, yüksək təzyiq, xolesterol və artıq çəki də erkən xəbərdarlıq əlamətləri kimi müəyyən edilib. Araşdırma bu göstəricilərin illər ərzində necə dəyişdiyini üzə çıxarıb.
Ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. 2022-ci ildə təxminən 19,8 milyon insan bu xəstəliklərdən həyatını itirib. Həkimlər bildirirlər ki, zərərli vərdişləri tərgitmək, sağlam qidalanmaq, təmiz havada olmaq və vaxtında müayinədən keçmək xəstəlik riskini xeyli azalda bilər.
Araşdırmanı maliyyələşdirən “British Heart Foundation” təşkilatının baş elmi və tibbi rəhbəri Brayan Vilyamsın sözlərinə görə, infarkt və insultların böyük əksəriyyətinin qarşısını almaq mümkündür, sadəcə insanlar çox vaxt gec olana qədər təhlükənin fərqinə varmırlar. O qeyd edib ki, adi təzyiq ölçümü və qan analizləri hələ gənc yaşlarda riski aşkarlamağa, həyat tərzini dəyişməyə və vaxtında müalicəyə başlamağa imkan verir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”