Ağdamda metal məmulatları istehsal edən müəssisədə istehsal olunan metal məftil artıq Böyük Britaniya bazarına göndərilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “ASMC” MMC-nin metal məmulatları müəssisində istehsal olunan məhsulların daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq müəssisənin ilk ixrac əməliyyatı həyata keçirilib və istehsal olunan metal məftil partiyası Böyük Britaniyaya göndərilib.
“Almet Holding” ASC-nin tərkibində fəaliyyət göstərən “ASMC” metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar, həmçinin soyuq deformasiya olunmuş armatur istehsal edilir. İstehsal prosesində İtaliya, Almaniya, Türkiyə və Çinin tanınmış istehsalçılarından alınmış avadanlıqlardan istifadə olunur. Müəssisədə məhsulların keyfiyyətinə nəzarət məqsədilə laboratoriya yaradılıb. Zavoda daxil olan xammal sertifikat əsasında qəbul edilir və laboratoriyada yoxlanılır, hazır məhsullar isə müvafiq sınaqlardan keçirilir.
Ümumi investisiya dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat təşkil edən birinci mərhələnin maliyyələşdirilməsində sahibkarın öz vəsaiti ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə olunub. Layihənin ikinci mərhələsi üzrə 16,1 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Bu mərhələdə iki yeni istehsal binasının tikintisi, sinklənmiş və yüksəkkarbonlu məftil istehsalı xətlərinin quraşdırılması planlaşdırılır.
Müəssisənin birinci mərhələdə illik istehsal gücü 4920 ton polad həsir, 3480 ton çəkilmiş məftil, 3180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton metal məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edir. İkinci mərhələdə isə illik 10 min ton sinklənmiş və 8240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının rezidenti olduğu üçün müəssisə 470 min manat dəyərində ƏDV və gömrük rüsumları üzrə güzəştlərdən yararlanıb.
Hazırda zavodda 41 nəfər çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra daimi iş yerlərinin sayının 100-ə çatdırılması planlaşdırılır. Müəssisədə istehsal olunan polad həsir, metal məftil və mismar azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işlərində istifadə olunan materiallar sırasındadır. Yerli istehsalın təşkili bu məhsullarla təminat imkanlarının genişləndirilməsinə və logistika xərclərinin azaldılmasına da şərait yaradır.
Ağdam Sənaye Parkı ölkənin ikinci ən böyük sənaye parkıdır. 190 hektar ərazini əhatə edən Park qısa müddətdə formalaşmasına baxmayaraq, artıq regionun əsas sənaye mərkəzlərindən birinə çevrilib.
Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Parkda 37 sahibkarlıq subyektinə rezident, 2 sahibkara isə qeyri-rezident statusu verilib. Bu günədək 1000-dən çox daimi iş yeri yaradılıb.