Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsində parlamentlərin mühüm roluna toxunulub. Milli Məclisin sədri Sahibə Qafarova yüksəksəviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Bununla yanaşı, parlamentlərarası əlaqələrin inkişafında işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlaması, qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi, eləcə də informasiyanın obyektiv və qərəzsiz şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin energetika və bərpaolunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun olaraq daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Litvanın xarici işlər naziri Kestutis Budris ötən gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb. Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirən nazir ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.