İsrailin ingilis dilində nəşr olunan “Jerusalem Post” qəzeti Azərbaycanın geosiyasi manevr ustalığından yazıb
Cənubi Qafqaz tarixən geosiyasi qarşıdurmaların və maraqların kəsişdiyi regiondur. Bölgədə yerləşən Azərbaycan strateji coğrafi mövqeyinə, zəngin enerji resurslarına görə hər zaman qlobal güclərin maraq dairəsində olub və bu gün də belədir. Belə bir şəraitdə Rusiya və İranla münasibətlərdə müşahidə olunan dəyişikliklər Cənubi Qafqazda formalaşan yeni güc balansının konturlarını müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir.
Rusiya və İranla münasibətlərdəki bu dönüş Azərbaycanın regional və beynəlxalq siyasətdə öz mövqeyini yenidən müəyyənləşdirməyə səbəb verib. Belə bir kontekstdə ölkənin xarici siyasətində müşahidə olunan qətiyyət yeni bir mərhələnin başlandığını göstərir. Bu günlər İsrailin “Jerusalem Post” qəzetində “Azərbaycan, Rusiya, İran: strateji sərhədlər təzədən çəkilir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır” adlı məqalə dərc olunub. Yazıda Azərbaycanın müharibədən sonrakı dövrdə bölgədə təşəbbüsü ələ alması, bu fonda Rusiya və İranla münasibətlərində yeni yanaşmalar formalaşdırması dərin təhlil olunur. Məqaləyə imza qoyan şərqşünas professor, tanınmış analitik Mordexay Keyda yazır: “Bir vaxtlar Azərbaycan iri qonşularının əhatəsində incə balanslı siyasət yürüdən ehtiyatlı bir oyunçu kimi qəbul edilirdi. İndi isə bu ölkə çox inadkar və müstəqil xarici siyasətə keçib. Bu istiqamətdə addımları ilə Azərbaycan həm Cənubi Qafqazda çoxdan oturuşmuş bir siyasi axara qarşı çıxır, həm də strateji mövqeyini gücləndirən fəal regional oyunçu kimi yerini bərkidir. Azərbaycanın dəyanətli dirənişinin kökündə istər Rusiya, istərsə də İranla münasibətlərində illər uzunu bitib-tükənməyən gərginliklər, bu dövlətlərin onu durmadan məyus etməsi dayanır”.
Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın regiondakı mövqeyini köklü şəkildə dəyişdirib. Zəfər nəticəsində ölkə hərbi gücü ilə yanaşı, siyasi və diplomatik müstəvidə də əmin addımlarla irəliləyən, öz maraqlarını qətiyyətlə qoruyan bir qüvvəyə çevrilib. Məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan savaşdan sonrakı dövrdə təkcə qələbənin nəticələrini möhkəmləndirməklə kifayətlənməyib, regional nizamın formalaşdırılmasında da fəal və aparıcı rol oynamağa başlayıb. Dövlət başçısının həyata keçirdiyi xarici siyasət kursu, milli maraqlara əsaslanan prinsipial yanaşma və diplomatik manevr qabiliyyəti Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb.
Bununla belə, Azərbaycanın bu yüksəlişi və bölgədəki güc balansında oynadığı rol xüsusilə İranla münasibətlərdə müəyyən ziddiyyətləri üzə çıxarıb. Bəllidir ki, İran uzun müddət Ermənistan üzərindən öz maraqlarını qorumağa çalışıb. Lakin Azərbaycanın məlum qələbəsi və Zəngilan-Cəbrayıl istiqamətində İranla sərhədə nəzarəti bərpa etməsi Tehran üçün yeni geosiyasi reallıq yaradıb. İranın bu dəyişikliklərə qarşı atdığı addımlardan biri 2021-ci ilin payızında Azərbaycanla sərhədə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirməsi olmuşdu. Bu, Azərbaycan cəmiyyətində, eləcə də siyasi dairələrdə ciddi narahatlıqla qarşılanmışdı. Rəsmi Bakı təlimləri açıq şəkildə sual altına almış, Prezident İlham Əliyev isə “nə üçün təlimlər indi keçirilir?” sualını verərək, onun arxasında siyasi mesaj dayandığını açıq şəkildə bildirmişdi. İran isə keçirilən təlimləri öz ərazisində "suveren hüququ" kimi əsaslandırsa da, zamanlama və miqyas baxımından bu addım daha çox regional güc balansının dəyişməsinə cavab kimi dəyərləndirilirdi. Bütün bunlara münasibət bildirən “Jerusalem Post”un analitiki yazır ki, Tehranın "regional balans" ritorikasının altında, əslində, Azərbaycanın İsraillə, Qərblə əlaqələrini inkişaf etdirməsindən ciddi narahatlıq keçirməsi durur: “İranın Azərbaycan sərhədində təşkil etdiyi, şiə toplumu arasında qarışıqlıq salmaq məqsədi daşıyan təxribat xarakterli bəyanatlarla müşayiət olunan hərbi təlimləri ikitərəfli münasibətlərin kəskin surətdə pisləşməsinə gətirib çıxarıb”.
Bu təzyiqlərə qarşı təbii ki, Bakı da boş durmur, açıq şəkildə strateji itaətsizlik xəttini seçərək diplomatik cəbhədə ciddi siyasət yeridir. Türkiyə və İsraillə hərbi əməkdaşlıq gücləndirilir, birgə təlimlər və texnoloji tərəfdaşlıqlar yeni mərhələyə keçir. Üstəlik də Bakı Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə türk dünyasında mərkəzi oyunçuya çevrilmək yolunda sürətlə irəliləyir. Prezident İlham Əliyevin proseslərdə nümayiş etdirdiyi prinsipiallıq Azərbaycanı regionun passiv müşahidəçisi yox, oyun qaydalarını müəyyən edən əsas dövlətlərdən birinə çevirib.
Azərbaycanın çoxşaxəli siyasətinin əsas dayaqlarından biri də onun enerji və nəqliyyat-logistika sahəsində oynadığı həlledici roludur. Bakı Xəzər hövzəsinin enerji resurslarını dünya bazarlarına çatdıran etibarlı infrastrukturun mərkəzində dayanır. TANAP, TAP, BTC kimi layihələr Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm strateji tərəfdaş olduğunu sübut edib. Üstəlik də Azərbaycanın yerləşdiyi coğrafi mövqe və yaratdığı infrastruktur imkanları onu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas logistik dəhlizlərin kəsişməsində açar oyunçuya çevirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz layihələri artıq regionun təkcə enerji deyil, həm də ticarət və tranzit mərkəzi olduğunu göstərir. Azərbaycan bu gün xüsusən “Cənub qaz dəhlizi” üzərindən Avropaya təbii qaz nəqlində aparıcı mövqedə dayanır. Qitə Rusiyadan enerji asılılığını minimuma endirməyə çalışdığı bir zamanda Bakı ön plana çıxır. Bu, təkcə iqtisadi yox, həm də geosiyasi məsələdir. Azərbaycan qazı artıq enerji mənbəyindən savayı, siyasi alternativ kimi də qəbul olunur.
Öz məqaləsində Azərbaycanın “Cənub qaz dəhlizi” ilə Avropaya nəql edilən təbii qazın əsas tədarükçüsü olduğunu vurğulayan Mordexay Keyda yazır: “Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışdığı bir dövrdə bu, olduqca mühüm bir layihədir. Azərbaycanın enerji ixracını genişləndirmək vədinə sadiqliyi onu Avropa İttifaqının üzvü olan dövlətlərlə, həmçinin bir sıra digər ölkələrlə strateji müttəfiqə çevirib”.
Dünyadakı böyük güclər arasında tərəf seçmək məcburiyyətində qalan və çox zaman regional oyunların qurbanına çevrilən bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan oyunun içindədir, özü üçün oynayır və qaydaları özü üçün yazır. Bakı regiondakı geosiyasi boşluqları dəqiq müşahidə edir və onu Azərbaycanın milli maraqları çərçivəsində fürsətə çevirir. Bu yanaşma həm siyasi çeviklik, həm də Prezident İlham Əliyevin dövlətçilik iradəsinin göstəricisidir.
Dünya dəyişir, ittifaqlar yenidən qurulur, təsir zonaları yenidən bölüşdürülür. Belə bir vaxtda Azərbaycan nə kənardan diktə olunan gündəmlə, nə də təsadüflərlə hərəkət edir. Bakı öz strateji əhatəsini özü formalaşdırır - planlı və mərhələli şəkildə. Bu siyasət “Jerusalem Post” yazarının məqaləsində ana xətt kimi keçib: “Bu gün Azərbaycan xarici siyasətini kor-koranə sədaqət üzərində deyil, müstəqil qərarlar, çoxvektorlu diplomatiya və düşünülmüş müttəfiqlik əsasında qurur. Türkiyə, İsrail, Avropa İttifaqı ilə sıx əlaqələri və ABŞ ilə əməkdaşlığının irəliləməsi Azərbaycandan ötrü Rusiya ilə İranın təzyiqlərinə qarşı bir növ sipər rolunu oynayır”.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”