Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin
mərkəzində vətəndaşlarımız, onların rifah halının yüksəldilməsi, insanların gündəlik
qayğıları durur. Bu, ölkəmizin milli inkişaf strategiyasının müəllifi olan ulu öndər
Heydər Əliyevin irəli sürdüyü başlıca prinsipdir. Prezident İlham Əliyev bu dövlətçilik
prinsipinə hər zaman sadiqdir. Onun rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi
nailiyyətlər elə buna əsaslanır, həyata keçirilən siyasətin vətəndaşyönümlü olmasından
irəli gəlir.
Vətəndaşa
xidmət missiyası
Hər bir dövlətin başlıca missiyası vətəndaşa
xidmət göstərməkdir. Onun gücünü, qüdrətini, inkişafını, gələcəyini təmin edən əsas
amillər də insanların həyat səviyyəsi ilə bağlıdır və onların bu siyasətə dəstəyidir.
Ölkənin sosial-iqtisadi üstünlüklərindən, mövcud resurslarından faydalanmaq üçün
hər kəsə bərabər imkanlar mühitinin yaradılması başlıca şərtdir. Azərbaycan dövlətinin
son onilliklərdə bütün ölkə boyu həyata keçirdiyi çoxşaxəli infrastruktur layihələri,
böyük nəticələr verən inkişaf proqramları, sosial paketlər məhz buna hesablanıb.
Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının yanındadır. İnsanlarımız çətinliklə
üzləşəndə, hansısa problemlərinin həllində yardıma ehtiyac duyanda dövlətin köməyini
hər zaman hiss edirlər.
Ölkədə səhiyyənin inkişafı, əhalinin dünya
standartlarına uyğun tibbi yardımla təmin olunması da dövlət rəhbərliyinin həyata
keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Son illər aparılan islahatlar nəticəsində
iqtisadi potensialın artması səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması
problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Bakıda və regionlarımızda
ən müasir tələblərə cavab verən səhiyyə müəssisələri inşa olunub. Mövcud tibb ocaqları
əsaslı təmir edilib, onların maddi-texniki bazası güclənib, müasir təbabətdə böyük
rol oynayan avadanlıqlar yenilənib. Səhiyyə xidmətləri insanlarımız üçün daha da
əlçatan olub. Müasir texnologiyalara, müayinə və müalicə metodlarına bələd peşəkar
kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bütün bu istiqamətlərdə
tədbirlər yenə davam etdirilməkdədir.
Genişmiqyaslı
sosial layihə
Səhiyyə sistemindəki islahatların mühüm tərkib
hissələrindən biri də Azərbaycan əhalisi arasında icbari tibbi sığortanın tətbiq
edilməsi yönündə aparılan işlərdir. Bu yeniliyin tətbiqi Prezident İlham Əliyevin
həyata keçirdiyi uğurlu sosial siyasətin davamı olaraq ölkənin səhiyyə sisteminin
daha sürətlə inkişafına töhfə verir. Əhaliyə tibbi xidmətlərin müasir tələblərə
uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi
əsaslarla təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi baxımından icbari tibbi
sığorta sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş mükəmməl bir yanaşmadır.
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi
çox genişmiqyaslı sosial layihədir. Bu addımın başlıca məqsədləri səhiyyə sisteminin
maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını
təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə
icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha
səmərəli istifadə edilməsinə və insanların tibbi xidmətlərdən daha yaxşı bəhrələnməsinə
zəmin yaradır.
Pilot
layihə uğur qazandı
Belə bir yeniliyin öz məqsədinə çata bilməsi,
təbii ki, bu sahədə mövcud qanunvericilik bazasının yaradılmasından, səmərəli menecment
sisteminin qurulmasından çox asılıdır. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi
və idarəetmə təsisatlarının formalaşdırılması məqsədilə hələ ötən illərdən zəruri
tədbirlərin həyata keçirilməsinə başlanıb. Azərbaycan Prezidentinin 15 fevral
2016-cı il fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Sonradan bu qurumun təşkilati əsasları təkmilləşdirilərək
2016-cı il noyabrın 24-də publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın
tətbiqini reallaşdırır, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi
üçün vəsaitləri özündə cəmləşdirir. Səhiyyə xidmətləri ilə bağlı zəruri xərclərin
ödənilməsini təmin edir.
Ölkə rəhbərinin fərmanı ilə 2017-ci ilin
yanvarından etibarən bu sahədə pilot layihələr həyata keçirilir. İlk olaraq Mingəçevir
şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın
tətbiqinə başlanıb.
Layihə çərçivəsində icbari tibbi sığortanın
baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib. Pilot
layihənin uğurları, aparılan maarifləndirmə işləri icbari tibbi sığortanın tətbiqinin
üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaradıb və bunlar təqdir
olunub. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına
müəyyən edilmiş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının
yüksəldilməsinə səbəb olub.
Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə
sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz
tibbi xidmətlərlə təmin olunub. Əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü
əhəmiyyətli dərəcədə azaldılıb. Tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq
artıb, tibbi-iqtisadi rentabellik təmin olunub. Bir çox çətin əməliyyatların bilavasitə
rayon xəstəxanalarının özündə uğurla aparılması əhalinin müasir və keyfiyyətli tibbi
xidmətlərə əlçatanlığının təmin olunması deməkdir. Bu, həm də kadr potensialının
gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim
və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsindən, son nəticədə həmin
bölgələrdə yaşayan insanların səhhətinə faydalarından xəbər verir.
Dövlət
vətəndaşının yanındadır
Azərbaycan Prezidentinin həyata keçirdiyi
siyasətin, apardığı sosialyönümlü islahatların, əhaliyə, xüsusilə aztəminatlı vətəndaşlara
yüksək diqqət və qayğısının təzahürü kimi 2020-ci il yanvarın 1-dən bütün ölkə üzrə
icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Üstəlik, əhalinin, xüsusilə onun həssas
təbəqəsinin qayğılarını, yarana biləcək çıxılmaz vəziyyətləri dövlət yenə nəzərə
alıb və sistemin tətbiqi zamanı bir çox vətəndaş qruplarına düşəcək yükü öz üzərinə
götürüb. Belə ki, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
düzəlişlərdən sonra gələn ildən bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım,
habelə ilkin səhiyyə xidməti üçün sığorta haqları dövlət büdcəsindən ödəniləcək.
Ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək,
uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan
şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqının dövlət
büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulur.
Beləliklə, gələn ilin yanvarından etibarən
hər bir Azərbaycan vətəndaşı bir çox səhiyyə xidmətlərini icbari tibbi sığorta çərçivəsində
əldə edə biləcək. Bura təcili və təxirəsalınmaz tibbi yardım, o cümlədən ambulans
xidməti, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə,
stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər,
laborator müayinələr, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında
planlı vaksinasiyası, cərrahi əməliyyatlar və s. daxildir.
Onu da qeyd edək ki, dövlət tibb müəssisələrində
göstərilən tibbi xidmətlərin keyfiyyətinin standartlara uyğunlaşdırılması məqsədilə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə tibb müəssisələri
üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın
tətbiqi nəzərdə tutulub. Bu standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri
agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək.
Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması planlaşdırılıb.
Hədəfdən
reallığa
Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr
tarixli fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik
hüquqi şəxs də yaradılıb. Bir çox dövlət tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib.
Belə bir qurumun yaradılmasında məqsəd ölkədə tibbi xidmətlərin keyfiyyətini daha
da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə
mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək, tibbi yardımın keyfiyyətinə,
pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və
əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir.
Bütün bunlar dövlət rəhbərliyinin hər bir
ölkə sakininin problemlərinə həssas münasibətini, sosialyönümlü siyasətini əks etdirməklə
yanaşı, həm də bu siyasətin icrası üçün məqsədyönlü proqramlara, dəqiq, əsaslandırılmış
tədbirlər kompleksinə və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri reallaşdıra
biləcək peşəkar kadr potensialına malik olduğunu göstərir.
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi
artıq hədəf deyil, reallıqdır və bu reallıqdan çox tezliklə milyonlarla vətəndaşımız
faydanalacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan”