O, hər zaman
inanıb ki, düzgünlüyə, haqqa-ədalətə tapınanların nəsibi sonsuz rəğbət və sevgidir.
Özünə münasibətdə də hər yerdə bunu görüb. Görkəmli hüquqşünas, professor Məsumə
Məlikova həyat yolunu müəyyənləşdirdiyi gündən insanların haqlarını, hüquqlarını
qorumağı amalına çevirib.
Buna görə
də hüquqşünaslıq peşəsini seçdi, prinsipiallığı, haqsızlıqla, ədalətsizliklə barışmazlığı
öz həyat devizinə çevirdi. Hüquqşünas, müəllim, alim ömrü yaşamağın məsuliyyəti
ilə çalışdı. Hüquq elmləri doktoru alimlik dərəcəsini almış ilk azərbaycanlı qadın,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, əməkdar hüquqşünas...
Adının qarşısında yazılan bu fəxri adlar onun uzun illik gərgin zəhmətinin, elmi
araşdırmalarının bəhrəsi oldu. Və bir də heç zaman işlərinin çoxluğunu qayğılardan
qaçmaq üçün bəhanəyə çevirmədi. Laqeydlik, biganəlik ona yad oldu. Tələbələri Məsumə
Məlikovanın simasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu
qədər də qayğıkeş müəllim, xalqına böyük məhəbbətlə bağlı bir insan tanıdılar.
M.Məlikova
1929-cu il noyabrın 22-də dəmiryolçu Fazil kişinin ailəsində dünyaya göz açmışdır.
Doğulub böyüdüyü ailə ziyalı köklərə bağlı idi. Fazil kişi övladlarının hamısının
mükəmməl biliyə yiyələnmələri üçün əlindən gələni əsirgəməmişdir. Həyat yoldaşı
Mürqüzər xanım da ömrünü beş övladının xoşbəxtliyinə həsr etmişdi. Belə xoş mühitdə
böyüyən uşaqların hərəsi bir sahəyə üz tutdu.
Ailənin üçüncü övladı olan Məsumə isə hüquqşünaslığı seçdi.
Məsumə Məlikova
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nu) Hüquq fakültəsini
bitirəndə onun biliyinin və zəhmətsevərliyinin şahidi olan müəllim və professorlar
ona universitetdə qalıb çalışmasını təklif edirlər. Gənc hüquqşünas bu təklifi qəbul
edərək ali məktəbdə pedaqoji və elmi fəaliyyətə başlayır.
AMEA-nın müxbir
üzvü, hüquq elmləri doktoru, professor Vahid Qəhrəmanov elmi şuranın qərarı ilə
Məsumə Məlikovanın elmi rəhbəri təyin edilir və o, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin aspiranturasına ezam edilir.
M.Məlikovanın
namizədlik dissertasiyası "M.F.Axundovun ictimai-siyasi baxışları” adlanırdı.
1956-cı ilin iyun ayında dissertasiya ilkin müzakirəyə təqdim edilir. Müdafiə həmin
ilin sentyabrına təyin olunur.
Lakin bu zaman
ortaya daha bir maneə çıxır. Avqust ayında keçmiş SSRİ-nin mərkəzi mətbuatında Sov.
İKP MK-nın namizədlik dissertasiyaları kimi nəzərdə tutulan tədqiqat əsərləri ilə
bağlı qərarı dərc olunur. Qərara görə, namizədlik dissertasiyaları qabaqcadan kitab
şəklində nəşr olunmalı və yalnız bundan sonra açıq müdafiəyə buraxılmalı idi.
Məsumə Məlikova
üçün Moskvada buna nail olmaq çətin idi. Sentyabrda Bakıya qayıdır. Həmin vaxt
"Azərnəşr”in direktoru olan yazıçı Qılman İlkin əsərin nəşrinə kömək göstərir. Beləliklə,
müdafiə 1958-ci ildə baş tutur və MDU-nun Elmi Şurası M. Məlikovaya hüquq elmləri namizədi alimlik dərəcəsi verir.
Qeyd etdiyimiz
kimi, gənc alimin dissertasiya işi Mirzə Fətəli Axundovun ictimai-siyasi baxışlarına
həsr olunmuşdu. Bu onun həm də ilk monoqrafik
tədqiqat kitabı idi. Həmin əsərlə milli siyasi və hüquqi təlimlərin öyrənilməsinin əsası qoyulmuşdur.
Professor
M.Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin
banisidir. Onun elmi fəaliyyəti barədə danışarkən onu da qeyd etmək lazımdır ki,
alimin əsərləri hüquqşünaslığın iki mühüm sahəsini əhatə etmişdir. Bunlardan biri
siyasi və hüquqi təlimlər tarixinin tədqiqidir. Digəri dövlət və hüquq nəzəriyyəsinin
aktual problemlərinə həsr olunmuşdur.
Professorun
doktorluq dissertasiyası "XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda siyasi və
hüquqi təlimlər tarixi” adlanırdı. Əslində, bu əsər alimin namizədlik dissertasiyası
mövzusunun məntiqi davamı idi. Bunu deməyə hər iki əsərdəki tarixi ardıcıllıq əsas
verir. XIX əsrdə və XX əsrin başlanğıcında yaşayıb-yaradan mütəfəkkirlərimizin maarifçilik
ideyaları M.Məlikovanın digər əsərlərində olduğu kimi, burada da elmi cəhətdən ətraflı
təhlil olunmuşdur.
Məsumə xanım
doktorluq dissertasiyasını 1973-cü ildə müdafiə etmiş, növbəti ildə professor adını
almışdı. 15 il sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
O, AMEA-nın müxbir üzvü seçilən ilk hüquqşünas
qadındır.
Məsumə xanımın
elmi və pedaqoji fəaliyyəti bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Onun mənalı
həyatın nurundan, zəkasından yüzlərlə gəncin ömür yollarına işıq düşmüşdür. Görkəmli
alim 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi
olmuşdur. Sonra Dövlət və hüquq nəzəriyyəsi
və tarixi kafedrası təşkil edilmiş, 1968-ci ildə Məsumə Məlikova onun müdiri seçilərək
uzun illərdir ki, bu kafedraya bacarıqla rəhbərlik edir.
Professor
M.Məlikovanın Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla
məhdudlaşmır. Bu sahədə mükəmməl, yüksəkixtisaslı kadr potensialının formalaşmasında,
hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində də
bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib.
Alimin yetişdirdiyi
yüksəkixtisaslı kadrlar hüquq elmimizin inkişafına, həm də müstəqil Azərbayanda
hüquqi dövlət quruculuğu prosesinə öz dəyərli töhfələrini verməkdədirlər. Yəqin
ki, bir elm xadimi, insan üçün bundan ali mükafat ola bilməz.
Ötən illərin
60-cı illərindən etibarən professor M.Məlikovanın əsasını qoyduğu bu məktəb müvafiq
sahələr üzrə genişhəcmli tədqiqat işlərinin aparılmasına rəvac vermişdir. Onun elmi
rəhbərliyi ilə 35-dən artıq dissertasiya, o cümlədən 4 doktorluq dissertasiyası
müdafiə edilmişdir.
M.Məlikova
Azərbaycanda dövlət-hüquq quruculuğu, ölkə qanunvericiliyinin intensiv formalaşması
və inkişafı dövründə də tarixi prosesdən kənarda qalmamış, Azərbaycanın suverenliyi
haqqında 23 sentyabr 1989-cu il Konstitusiya qanununu tərtib edənlərdən biri, Ümummilli
Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının
və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın
üzvü olmuşdur.
M.Məlikova
bir çox tədris proqramlarının da müəllifidir. 1979-cu ildə "Azərbaycanın siyasi
nəzəriyyələr tarixi”ni, 1985-ci ildə "Siyasi və hüquqi nəzəriyyələr tarixi”ni ,
1994-cü ildə "Müsəlman hüququnun əsasları”nı, 1996-cı ildə "Ümumi dövlət və hüquq
tarixi”ni, 1998-ci ildə "Dövlət və hüquq nəzəriyyəsi”ni, "Azərbaycanın dövlət və
hüquq tarixi”ni və bir sıra başqa tədris proqramlarını nəşr etdirmişdir.
Uzun illər
qazandığı bilik və təcrübə Məsumə xanıma "Hüquq ensiklopedik lüğəti”nin böyük müəlliflər
dəstəsinə rəhbərlik etməyə imkan vermişdir. Bu lüğətdə 80-dən çox elmi məqalənin müəllifi Məsumə Məlikovadır.
Bundan əlavə, "Bakı Universitetinin Xəbərləri” rüblük jurnalının sosial-siyasi elmlər
seriyasının redaktorudur.
Ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra "Azərbaycan Konstitusiyası və insan hüquqları”, "Azərbaycanda
hüquqi islahatlar və Konstitusiya Məhkəməsi” adlı məqalələr yazmış və hüquqi dövlət
quruculuğu prosesini sürətləndirmək istiqamətində yeni təkliflər vermişdir.
Professor
M.Məlikova hələ sovet dönəmindən digər müttəfiq respublikalardakı həmkarları arasında
böyük hörmət və nüfuza malikdir. Təsadüfü deyil ki, Rusiyanın hüquq alimləri onunla
indiyədək sıx əməkdaşlıq edirlər. Bunun nəticəsində azərbaycanlı alim bir çox monoqrafik
tədqiqatlarda - SSRİ Elmlər Akademiyasının nəşr etdiyi "Siyasi və hüquqi təlimlər
tarixi” üçcildlik kitabının birinci "Qədim
dünya” cildində, ikinci "Orta əsrlər və intibah dövrü” cildində və XVII-XVIII əsrləri
əhatə edən üçüncü cildində, eləcə də Moskvada nəşr olunan "Siyasi və hüquqi təlimlər
tarixi” dərsliklərində bir sıra bölmələrin müəllifləridir.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası yarandığı gündən Məsumə
xanım orada iqtisadiyyat, fəlsəfə və hüquq elmləri üzrə ekspert şurasının sədri
olmuşdur. Eləcə də Respublika Ali Məhkəməsinin və Baş Prokurorluğunun elmi-məsləhət
şuralarının üzvü kimi indi də fəaliyyət göstərir.
Professor
Məsumə Məlikovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ona
1969-cu ildə Azərbaycan SSR-in Əməkdar hüquqşünası fəxri adı verilmişdir. 1976-cı ildə "Şərəf nişanı”
ordeni, 2000-ci ildə "Şöhrət” ordenləri, 1985-ci ildə "Əmək veteranı” medalı, bir
neçə fəxri fərman, o cümlədən 1994 və 1999-cu illərdə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, 1999 və 2004-cü illərdə AMEA-nın, həmçinin DİN-nin fəxri fərmanları,
2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi
döş nişanı” ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il
tarixli sərəncamına əsasən Azərbaycanda təhsilin və elmin inkişafında böyük xidmətlərinə görə ona fərdi Prezident təqaüdü verilmişdir.
Bu gün Məsumə
xanım yaşadığı mənalı illərə boylanıb qürur hissi keçirir. Bu qüruru ona bəxş edən
təkcə övladları deyil, həm də yetişdirdiyi hüquqşünas kadrlardır. İndi onlar Azərbaycanımızın
müxtəlif elmi-hüquqi müəssisələrində, hüquqi xidmət idarələrində, ədliyyə, hüquq
mühafizə orqanlarında çalışırlar.
Məsumə xanım,
həmçinin xalqımıza hüquq elminə aid böyük bir irs ərməğan etmişdir. Bu, Azərbaycanda
və onun hüdudlarından kənarda çap olunmuş 200-dən çox monoqrafiya, dərslik, dərs
vəsaiti, çoxsaylı elmi məqalələrdir. 2019-cu ildə işıq üzü görən "Hüquq nəzəriyyəsi”
adlı əsəri hüquqşünasların stolüstü kitabına çevrilmişdir. Tələbələr, gənc hüquqşünaslar
bu elmi xəzinədən geniş istifadə edirlər.
Böyük alimin
formalaşdırdığı elmi məktəbin indi yüzlərlə davamçısı var və bu, bir ustad kimi
onun xidmətləridir. Məsumə xanımın elm sahəsində qazandığı uğurlar Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsinə, xalqımızın elmi potensialının daha da gücləndirilməsinə xidmət
göstərmiş və göstərməkdədir. Nə vaxtsa Məsumə xanımın özünə ideal seçdiyi şəxsiyyətlər,
şübhəsiz ki, olmuşdur. Bu gün isə özü 90 illik şərəfli bir ömürlə çoxları üçün idealdır.
Onu özünə ideal seçən hər kəs təkcə Məsumə Məlikovadan alim olmağı deyil, həm də
necə insan olmağı öyrənir.
Alış QASIMOV,
BDU-nun kafedra
müdiri, professor