06 Dekabr 2025 08:25
136
CƏMİYYƏT
A- A+
Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu

Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu


Vətənin azadlığı uğrunda şəhid olanların adları həmişə müqəddəs tutulub, şərəflə anılıb, hörmətlə xatırlanıb. Qədirbilən xalqımız zaman-zaman belə cəsur oğullarının adlarını tarixin səhifəsinə böyük hərflərlə yazıb, onların şərəfinə heykəllər ucaldıb, abidələr qoyub, dastanlar yaradıb. 

Qoynunda dünyaya göz açdığı torpaq uğrunda son nəfəsinədək vuruşub şirin canından keçərək şəhid olan oğullarımızdan biri də Vüqar Baloğlan oğlu Bədəlovdur. Erməni işğalçıları ölkəmizin ərazisinə hücum çəkib kəndlərimizi, şəhərlərimizi ələ keçirəndə Vüqar da başqa qeyrətli oğullarımız kimi vətənin müdafiəsinə atıldı. Cəsur əsgər qısa, lakin şərəfli, yaddaqalan bir ömür yaşadı. Onun yaşadığı tale yolunu yazmağa heç qələmin də gücü çatmır. Cəmi on doqquz il ömür sürmüş və torpaqlarımız uğrunda şəhid olmuş bir əsgərdən, bir oğuldan yazmaq çox çətindir. Necə yazasan ki, qələmə alınan kədər yüklü sətirlər valideynlərini kövrəltməsin, bacısını ağlatmasın, qardaşının gözlərini yaşartmasın? İnsanın cavan yaşda ölümü çox acıdır, çox üzücüdür. Amma bu ölüm torpaq uğrunda, Vətən yolunda olanda doğmalarına az da olsa, təskinlik verir. Vüqar kimi cəsur oğullar ömürlərini boş yerə qurban verməyiblər. Canlarından da çox sevdikləri Vətən yolunda şəhid olublar.


Gündüzlər müəllimlərdən dərs öyrənir, gecələrsə kitab oxuyurdu


Vüqar Bədəlov 1973-cü il mart ayının 3-də Bakının qədim kəndlərindən biri olan Bülbülədə dünyaya göz açıb. Göz açıb ki, bu işıqlı dünyada uzun bir ömür yaşasın. Hamı kimi firavan ömür sürsün, həyatını layiqincə başa vursun. Başqaları kimi o da taleyinin necə yazıldığından, qismətindən xəbərsiz idi. Sanki dəcəlliklə dolu olan uşaqlıq çağları bir göz qırpımında ötüb arxada qaldı. Yeddi yaşın tamamında tay-tuşları, yaşıdları ilə boy-boya verib, ürəyində bir dünya sevinclə Bülbülə kəndindəki 208 nömrəli orta məktəbə yollandı. Gündüzlər uşaqlarla söhbət edir, müəllimlərdən dərs öyrənir, gecələrsə kitab oxuyur, sabahkı dərslərə hazırlaşır. Həyatı rahat, rəvan axarla gedir. İllərin üstünə il, yaşın üstünə yaş gəlir. Beləcə, Vüqar da böyüyür.

Artıq məktəb illəri ötüb arxada qaldı. Qarşıda onu hərbi xidmət, Vətənə olan müqəddəs borc gözləyirdi. Vüqarı ordu sıralarına çox təlatümlü, çox narahat bir vaxtda çağırdılar. Erməni işğalçılarının ölkəmizə qarşı hücumlarının tüğyan etdiyi, respublikamızın çalxalandığı bir vaxtda Vüqar Bədəlovu keçmiş sovet ordusunun sıralarına daxil edirlər. Halbuki həmin günlərdə ölkəmizin müdafiəyə böyük ehtiyacı var idi. 1991-ci ilin aprelində o, keçmiş ittifaqın paytaxtı Moskva yaxınlığındakı hərbi hissədə xidmətə başladı. Amma burada əsgəri borcunu axıra qədər yerinə yetirə bilmədi. O vaxtlar ölkədə hökm sürən özbaşınalıq hərbi hissələrə də təsirsiz ötüşmürdü. Nəzarətsiz qalan bir çox hərbi hissələrdə əvvəlki nizam-intizam pozulmuşdu, ordu yavaş-yavaş dağılırdı. Müxtəlif respublikalardan çağırılmış əsgərlər öz ölkələrinə qayıdırdılar. 


Valideynlərinin yanına qələbə sorağı ilə dönmək istəyirdi


Həmin günlərdə torpaqlarımızın azadlığı uğrunda gərgin və amansız döyüşlər gedirdi. 1992-ci ilin sentyabrında doğma Vətənə dönən Vüqar heç evlərinə də baş çəkmədən Daxili Qoşunların hərbi hissəsinin tərkibində Ağdam bölgəsinə yollanır. Qardaşı İlqar Vüqarın geri döndüyünü və döyüşlərə getdiyini öyrənəndən sonra onunla görüşmək üçün vaxt itirmədən cəbhə bölgəsinə gedir. Ağdama çatıb onun xidmət etdiyi yeri öyrənəndə hərbi hissədən ona Vüqarın Ağdərə istiqamətində vuruşduğunu deyirlər.  Qardaşlar soyuq payız günlərinin birində Ağdərədə görüşürlər. İlqar komandirdən bir neçə günlük icazə alıb qardaşını evə aparmaq istəyir. İstəyir ki, onun yolunu gözləyən  atası Baloğlan, anası Səmayə övladının üzünü görsün, səsini eşitsin, nəfəsini duysun. Amma Vüqar buna razı olmur, "Valideynlərimin yanına qələbə sorağı ilə qayıtmaq istəyirəm. İnşallah çox keçməz ki, düşməni mövqelərindən qovub geri oturdarıq, torpaqlarımızı azad edərik. Bax ondan sonra ata-anamın yanına alnıaçıq, başıuca, qələbə sorağı ilə dönərəm", - deyir. Bundan sonra Vüqar qardaşı ilə sağollaşaraq döyüşlərə - Ağdərənin müdafiəsinə qayıdır. Düşmən üzərinə şığıyaraq neçə-neçə qanlı döyüşdə iştirak edir. Silahının nişangahına tuş gələn erməni qəsbkarlarını məhv edir. Döyüşdən-döyüşə təcrübəsi və səriştəsi artır. Ürəyi Vətən eşqi ilə döyünən Vüqar müharibənin son gününə qədər vuruşmaq, Qarabağı erməni qəsbkarlarından azad etmək arzusu ilə yaşayır. 

Təəssüflər olsun ki, düşmən tərəfindən açılan qəfil bir atəş onun bütün arzularını yarımçıq qoyur. 1992-ci il noyabrın 5-i onun son döyüşü, son savaşı olur. Həmin gün döyüşdə ağır yaralanan Vüqarı əsgər dostları təcili hospitala çatdırırlar. Amma həkimlər nə qədər çalışsalar da, əsgərin həyatını xilas edib, onu ölümün əlindən ala bilmirlər. Düşməni məğlub edib Qarabağı azad görmək istəyən Vüqar hospitalda gözlərini əbədi olaraq yumur.


Qəhrəmanlığı ilə bir evin oğlundan bir xalqın övladına çevrildi


Beləcə, bir gəncin, Vətən uğrunda döyüşən bir əsgərin ömrü yarıda qırılır. Vüqarın ölüm xəbəri doğmalarına da gəlib çatır. Oğul yolu gözləyən valideynlər eşitdikləri bəd xəbərdən yasa batırlar. Analar, bacılar başlarına qara bağlayıb acı göz yaşları axıdırlar. Vüqar Bədəlov qohumlarının, doğmalarının qolları üstündə Şəhidlər xiyabanında torpağa tapşırılır. Bəlkə də Vüqar sağlığında keçmiş Dağüstü adlandırılan parkda çox gəzib dolanmışdı. O günlərdə heç ağlına da gəlməzdi ki, bir vaxlar bu yerlər ona məzar olacaq. Amma bir zamanlar ağlına gəlməyənlər sonrakı illər başına gəldi. Vətənin dar günündə, torpaqlarımıza düşmən hücumları başlayanda silaha sarılıb ona əsgər oldu. Yurdumuzun azadlığı uğrunda başlayan döyüşlərdə son nəfəsinədək cəsarətlə, hünərlə vuruşdu. İgidliyi, cəsarəti ilə komandirlərinin, əsgər dostlarının hörmət və rəğbətini qazandı. Hünəri və cəsarəti ilə bir evin oğlundan, bir elin, bir xalqın övladına çevrildi.    

Vüqarın Vətən qarşısındakı xidməti, qəhrəmanlığı layiqincə qiymətləndirilib. Bülbülə kəndindəki küçələrdən birinə cəsur əsgər Vüqar Bədəlovun adı verilib. Bir vaxtlar addımladığı, gəzib-dolaşdığı küçə indi onun adını daşıyır. Valideynləri, doğmaları onun qəhrəmanlığı və igidliyi ilə fəxr edib öyünürlər. 

Başqa şəhidlərimiz kimi Vüqarın da xatirəsi həmişə əziz tutulur. Təhsil aldığı 232 və 208 nömrəli məktəblərin pedaqoji kollektivi və şagirdləri onu hörmətlə anır, ehtiramla xatırlayırlar. Vüqarın doğum və ölüm günlərində məktəbdə anım mərasimləri keçirilir. Onu yaxından tanıyanlar, döyüşçü yoldaşları Vüqarla bağlı xatirələrini dilə gətirir, qəhrəmanı hörmətlə anırlar.

 Qardaşı İlqar isə Vüqarın adını ailələrində əbədiləşdirib. Oğluna Vüqarın adını verərək ona həyatda həmişə əmisi kimi vüqarlı olmağı tövsiyə edib. 

Daxili Qoşunlarda xidmət etmiş və hazırda ehtiyatda olan bacısı Səbirə Bədəlova ilə qardaşı haqqında söhbət etmək olduqca çətin idi. Hələ gənc yaşlarından qardaş itkisi, qardaş yanğısı görmüş bacının ürək sözləri bitib-tükənmirdi. Vüqardan qürurla, iftixarla danışırdı.


Vüqar Qarabağ uğrunda döyüşlərə cəsarətlə, hünərlə, kişi kimi yollanıb


Səbirə xanım qardaşı haqqında dedi:

- Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərmiş Vüqarla fəxr edirəm. Vüqar Vətəni canından da çox sevirdi. Elə bu sevgidəndir ki, qardaşım qoynunda dünyaya göz açdığımız Vətən torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Vətəni sevdiyinə görədir ki, Moskvadakı xidmətini yarımçıq qoyub yurdumuzu qorumağa gəldi. Doğmaları ilə görüşüb hal-əhval tutmadan birbaşa cəbhə bölgəsinə, döyüşlərə, Qarabağı müdafiə etməyə yollandı. Bu, vətənpərvərlik deyilmi, bu, Vətəni sevmək deyilmi? Əgər Vətəni sevməsəydi, onu canından da çox istəməsəydi, o, sovet ordusunun sıralarından hərbi hissəyə yox, evə dönərdi. Amma Vüqar evə baş çəkmədən barıt qoxulu səngərlərə tələsdi. Ağdamı, Ağdərəni erməni işğalçılarından qorumağa can atdı. Onun gəlişi, qayıdışı bizi çox sevindirmişdi. Sanki anam Səmayə onu torpaqlarımızı qorumaq üçün dünyaya gətirmişdi. Hələ kiçik yaşlarından hiss edirdik ki, Vüqar qorxmaz və cəsurdur. O, yalnız və yalnız qələbə qazanmaq haqqında düşünürdü. 

Səbirə xanım sözünə davam edərək dedi ki, qardaşım döyüşlərə cəsarətlə, hünərlə yollandı. Düşmənin topu, tüfəngi onu qorxutmadı. Döyüşlərdə rəşadət göstərdi, son damla qanına kimi vuruşdu. Hünəri, cəsarəti ilə ölümə meydan oxudu. Vuruşduğu müddət ərzində neçə-neçə erməni qəsbkarını məhv etdi. Vüqar böyük arzularla, ülvi amallarla yaşayırdı. Amma təəssüflər olsun ki, ömrü kimi arzuları da yarımçıq qaldı. İndi onun arzularını həyata keçirməyə çalışırıq.

Söhbət zamanı onu da öyrəndik ki, Səbirə xanımın iki gül balası, iki oğul övladı var. Riyad hazırda ali təhsil alır, Vahid isə orta məktəbdə oxuyur. Onlar tez-tez anaları ilə dayılarının məzarını ziyarət edir, qəbrinin üstünə gül-çiçək dəstələri qoyurlar. İgidlikdə, qəhrəmanlıqda dayıları Vüqara oxşamaq istəyirlər. Vətənpərvər ruhda böyüyən bu gənclərin ölkəmiz üçün dəyərli vətəndaş, ordumuz üçün hünərli, rəşadətli əsgər olacaqları şübhə doğurmur.

Vüqar Baloğlan oğlu Bədəlovun igidliyi layiqincə qiymətləndirilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2007-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə əsgər Bədəlov Vüqar Baloğlan oğlu ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vüqar Bədəlov kimi oğullarla hər birimiz fəxr edib öyünürük. Qoy böyüməkdə olan nəsillər igidliyi və qəhrəmanlığı Vüqar kimi cəsur oğullardan öyrənsinlər. 


Vahid MƏHƏRRƏMOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:35
06 Dekabr

Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır

08:30
06 Dekabr

Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu

08:25
06 Dekabr

Qətiyyətli siyasətin diktəsi

08:20
06 Dekabr

Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir

08:15
06 Dekabr

Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək

08:10
06 Dekabr

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

08:05
06 Dekabr

İlham Əliyevin enerji siyasəti

08:00
06 Dekabr

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!