14 Aprel 2026 08:45
197
SİYASƏT
A- A+
I Türkoloji Qurultay: dil, kimlik və tarixi varislik

I Türkoloji Qurultay: dil, kimlik və tarixi varislik


Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli dil və kimlik məsələsi xüsusi yer tuturdu. O, Azərbaycan dilinin qorunmasını və inkişafını milli varlığın əsas şərti kimi dəyərləndirərək, dil siyasətini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Məhz Ulu Öndərin təşəbbüsü və siyasi iradəsi ilə Azərbaycan dili Konstitusiya səviyyəsində dövlət dili kimi təsbit olunmuş, milli-mənəvi dəyərlərin sistemli şəkildə qorunması və gələcək nəsillərə ötürülməsi təmin edilmişdir. Bu siyasi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev türk dünyası ilə əlaqələrin gücləndirilməsini, ortaq mədəni və dil birliyinin inkişafını strateji xətt kimi müəyyənləşdirmiş, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, ortaq əlifba və terminologiya təşəbbüsləri ilə bu istiqamətdə mühüm addımlar atmışdır. Bu baxımdan I Türkoloji Qurultayın yüzillik yubileyi təkcə tarixi hadisənin anılması deyil, eyni zamanda Heydər Əliyev ideyalarının və İlham Əliyevin siyasi kursunun məntiqi davamı kimi qiymətləndirilir.

2026-cı ildə dünya imperialistlərinin bütün dünya xalqlarının milli taleyini humanitar böhranla qarşı-qarşıya qoyduğu şəraitdə türk dünyası öz milli kimlik taleyinin bir əsrlik zəfərini qeyd edir. Bu əlamətdar tarix 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayla başlanmış, ağır qanlı milli faciələr və mübarizələrin içərisindən keçmiş və nəhayət, türk dili və kimliyinin qələbəsi ilə başa çatmışdır. İndi bu qələbə türk dünyasının hər yerində qeyd olunur, xatirə konfransları, simpozium və konqreslər keçirilir. Bütün bunlarla yanaşı, hamı I Türkoloji Qurultayın Bakıda keçiriləcək yüzillik yubiley qurultayının keçirilməsini səbirsizliklə gözləyir. Bakı keçən əsrin əvvəlində türk dünyasının taleyi ilə bağlı ən mühüm qərarların qəbul edildiyi mərkəz olduğu kimi, bu gün də eyni tarixi rolunu yenidən oynayır.


Nə üçün Bakı?


I Türkoloji Qurultayın Bakıda keçirilməsi qərarı Moskvada - türk xalqlarının böyük əksəriyyətinin yaşadığı SSRİ-nin paytaxtında qərara alınmışdır. 1937-ci il stalinizm repressiyalarının qanlı qurbanlarından olmuş görkəmli dilçi Bəkir Çobanzadə yazırdı: "Gənc Azərbaycanın geridə qalmış Şərqin zülmət səhrasında mədəni oazis (vahə - S.Q.) olması, nümunəvi ölkəyə çevrilməsi möhkəm qərara alınmışdır. Bu respublikanın elm və texnika sahəsindəki hədsiz nailiyyətlərini nəzərə alaraq heç kim qurultayın Bakıda keçirilməsinə etiraz etmədi".

Qurultayın harada keçirilməsi mübahisə mövzusu olmuşdur. Görkəmli şərqşünas-türkoloq A.N.Samoyloviç bu məqsədlə Moskvanı təklif etmişdir. Eyni zamanda qurultayın Orta Asiyada keçirilməsi haqqında da təkliflər olmuşdur. Lakin SSRİ-nin siyasi iradəsi Bakı üzərində durmuşdur. Bu barədəki təklif, fakt, hadisə və münasibətləri nəzərdən keçirən Cəlal Qasımov qeyd edir: "Hələ çar Rusiyası dövründən başlayaraq, türkləri, xüsusilə də Azərbaycan türklərini pantürkizm və panislamizmdə ittiham edirdilər. Azərbaycan coğrafi və geostrateji cəhətdən Türkiyə və İrana yaxın idi və bolşeviklər hesab edirdilər ki, pantürkizm, eləcə də panislamizm öz qaynağını Türkiyə və İrandan alır. Türkiyə və İranın sovetləşmədiyini görən bolşevik hakimiyyəti islami dəyərləri, türkçülüyü və türkçüləri məhv etmək üçün Bakı şəhərini seçdi. Fikrimizcə, qurultayın Bakıda keçirilməsi həm də bu amillərlə bağlı idi. Qurultayın Bakıda keçirilməsi daha çox siyasi hadisə idi. Keçən əsrin 30-cu illərində qurultay iştirakçıları olan türkoloqlara qarşı keçirilən repressiv aksiyalar bunları təsdiqlədi. Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, türkçülüyü və islamçılığı əsaslı şəkildə məhv etmək üçün bolşeviklərə Bakı şəhəri lazım idi".

A.N.Samoyloviç qurultayın Moskvada keçirilməsini təklif edərkən onun cəmi üç məsələyə - "əlifba", "ədəbi dil" və "elmi terminologiya"ya həsr olunmasını nəzərdə tuturdu. Lakin Bakıda yeddi məsələ müzakirə predmeti oldu:

1. Əlifba məsələsi;

2. İmla-orfoqrafiya problemləri;

3. Termin məsələləri;

4. Tədris-metodika məsələləri;

5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi.

Təbii ki, keçən əsrin əvvəllərində türkologiya elmi türkoloji dilçiliklə yanaşı, indi olduğu kimi, digər sahələri də (məsələn, türkoloji tarix, türkoloji etnoqrafiya, türkoloji fəlsəfə və s.) əhatə etmirdi. Həmin digər sahələr türk dilinin ətrafında təsnif olunurdu. Bunu qurultayın qətnamələrindən də görmək olur. Əsas qətnamələr dilçiliklə bağlı idi. Lakin burada tarix və etnoqrafiya üzrə də qətnamələrin olması türkologiyanın əhatə dairəsinin genişlənməsindən xəbər verirdi. Qurultayda aşağıdakı məsələlər barədə qətnamələr qəbul edilmişdir:

Yeni türk əlifbası barəsində;

Türk dillərinin öyrənilməsi və türk dillərinin digər dil ailələri ilə əlaqəsinin öyrənilməsi haqqında;

Ana dilinin tədrisi metodikası haqqında;

Türk xalqlarının tarixini öyrənməyin müasir vəziyyəti və yaxın vəzifələri haqqında;

Ölkəşünaslıq haqqında;

Türk xalqlarının orfoqrafiyası barəsində;

Türk dillərində elmi terminlər sistemi barəsində;

Türkoloji qurultayın etnoqrafiya komissiyasının işi haqqında.

I Türkoloji Qurultay ona hansı baxış bucağından baxılırsa-baxılsın, dil mərkəzli bir qurultay olsa da, mahiyyəti etibarilə, təkcə türk dilinin deyil, həm də türk milli kimliyinin qurultayı idi. Dillə və ümumiyyətlə, tarix, etnoqrafiya ilə bağlı müzakirə edilən bütün məsələlər öz alt məna qatında türk milli kimliyini nəzərdə tuturdu. Bunun isə çox sadə bir səbəbi var idi: milli dil milli kimliyin inkişafının bünövrəsini, varlığının mənasını, mahiyyətinin nüvəsini təşkil edir. Fərdi və milli kimlik dilin dərkindən başlanır və bu iki sistem bir-birini şərtləndirərək inkişaf etdirir. Etnosun, xalqın, millətin bütün mənəvi təcrübəsi dil vasitəsilə yaddaş potensiyasına çevrilir və dilin xüsusilə paremioloji (deyim) fondu statusunda həm dilin özünün, həm də onu yaradan etnosun təbii-stixial enerji qaynağını təşkil edir. Bunun canlı örnəyi ulu abidəmiz "Dədə Qorqud" dastanıdır. Onda Qorqud atanın dilindən öz əksini tapmış bütün deyimlər (atalar sözləri, zərb-məsəllər...) bu gün bizim mədəniyyət tariximizdə şifahi ədəbiyyat nümunələri kimi tövsif olunsa da, həmin deyimlər oğuz-türk kimliyinin yaşam qanunları, həyat fəlsəfəsi, siyasi idarəçiliyin kristal davranış formullarıdır. Oğuz türkləri nəhəng imperiyaları həmin ata sözlərində yaşayan siyasi hikmətlər əsasında qurmuşlar. Bu cəhətdən həmin deyimlər dil atomları statusunda milli kimliyin ana ünsürü, nüvəsi, bünövrəsidir. Təkcə bir fakta müraciət etməyimiz kifayətdir ki, dil vahidlərinin etnosun tarixində necə böyük və əvəzsiz rol oynadığını görə bilək. 

Görkəmli türkoloq Samət Əlizadənin aşkarladığı atalar sözlərindən ibarət "Oğuznamə" kitabı bu deyimlə başlanır:

"Atalarun sözi Qurana girməz,

Amma Quran yanınca yalın-yalın yalışur".

Bu atalar sözünün bədii-idraki anlamı, etnopoetik dəyəri, milli kimlik fəlsəfəsi və ən başlıcası, etnik ideologiyası son dərəcə zəngindir. Bu zahirən iki misradan ibarət nəzmlə deyilmiş cümlədir. Ancaq bu cümlə oğuz türk tarixinin, mübaliğəsiz desək, bütün ideoloji-idraki yükünü özündə daşıyır. Həmin deyimdə "atalar sözü" ifadəsi oğuzların özlərinə məxsus olan milli kimlik fəlsəfəsini (Tanrıçılıq ideologiyasını), "Quran" isə oğuz babalarımızın qəbul etdiyi vəhy dinini işarələndirir. İslamı qəbul edən oğuzlar öz milli kimlik fəlsəfəsinin ideoloji əsaslarından (Tanrıçılıqdan) imtina etməyərək, onu qəbul etdikləri dinlə eyni sistem daxilinə salmış, uzlaşdırmış və onların oğuz-türk milli düşüncə sistemində struktur harmoniyasını müəyyənləşdirmişlər. Bu cəhətdən sözügedən atalar sözü, sadəcə, fəlsəfi hikmətə malik adi deyim vahidi olmayıb, Oğuz türklərinin milli şüurunu əsrlər boyunca idarə edən milli davranış formuludur. Həmin deyim-formul "Quran"ı müqəddəs teoinformasiya statusunda qəbul edib, onun yanında oğuzların özlərinə məxsus ideologiyaya da "atalar sözü" janrında yer verməklə oğuz-türk milli kimlik sistemində yarana biləcək hər hansı ideoloji ziddiyyətləri birdəfəlik aradan qaldırmışdır. Bu cəhətdən I Türkoloji Qurultayda dilin müzakirəsi bolşeviklərin məqsədlərinin əleyhinə olaraq, həm də və eyni zamanda milli kimliyin müzakirəsi demək idi.


Milli kimliyin dil qohumluğuna əsaslanan bünövrəsi


Qurultayda məruzə edən B.Çobanzadə çıxışının əvvəlində göstərib: "Türk ləhcələri Orxon yazılarından əvvəl də mövcud idi. Tükyulara məxsus Orxon yazılarının heç şübhəsiz iki yerə: şərq və qərb, yaxud şimal və cənub hissəyə bölünməsi, həmin yazılarda karluk, uyğur, tokoğuz, qırğız və başqa türk tayfalarının adlarının çəkilməsi faktı və nəhayət, Orxon yazılarının özlərinin dili yuxarıda deyilənləri təsdiq edir. Bu türklərin özlərini "türk" adlandırmaları da şübhə doğurmur. Bütün tarixboyu buna sanballı sübutlar var. Müxtəlif dövrlərə məxsus olan bir sıra əsərlərə: "Kutadqu-bilik", "Divani-hikmət", "Divani-lüğəti türk"ə dərindən fikir versək, görərik ki, onlar müxtəlif ləhcələrdə yazılıb, müəlliflər bunları "türk əsərləri" və özlərini də "türk" adlandırıblar".

Görkəmli türkoloqun ilk baxışdan quru elmi yanaşmanı ifadə edən bu fikri, əslində, türk dili və türk kimliyinin əsaslarını ifadə edən "tezis"lərdən ibarətdir. Onlara diqqət edək:

Müəllifin "türk ləhcələrinin Orxon yazılarından əvvəl də mövcud olması" haqqındakı fikri "dil və kimlik" sistemi baxımından iki cəhətdən əlamətdardır:

1. Orxon yazılı abidələri türk dilinin mövcudluğu və tarixinin sözün hərfi anlamında daşlaşmış abidəsi olmaqla türk milli kimliyinin "daş yazısı" kodu ilə təcəssümü, təsbiti və təsdiqidir.

2. Türk ləhcələrinin mövcudluğunun tarixən Orxon yazılarından əvvələ gedib çıxması türk kimlik tarixinin qədimliyini göstərməklə yanaşı, türk dilinin eyni zamanda ləhcələrə diferensiallaşan dil kimi də tarixinin çox qədim olduğunu göstərir.

B.Çobanzadənin Orxon yazılarında karluk, uyğur, tokoğuz, qırğız və başqa türk tayfalarının adlarının çəkildiyi faktını qabartması türk milli kimlik tarixinin tayfa, xalq, millət, etnos və s. kimi sağlam etnik-mədəni böyümə təkamülünün olmasının təsdiqidir. Başqa sözlə, türk tayfaları türk ləhcələrinin mövcudluğunu şərtləndirdiyi kimi, türk ləhcələri də türk milli kimliyinin təkamül dinamikasını etnik-stixial yaddaş enerjisi ilə təmin etmişdir.

Müəllifin Orxon abidələrini yaradanların özlərini "türk" adlandırmalarına şübhə etməməsi milli kimliyin "türk" etnik-mədəni kimlik işarəsi adı altında inkişaf tarixinin qədimliyinin və eyni zamanda məhz türk etnosuna məxsus milli-etnik baza əsasında getməsinin ifadəsidir.

Alimin "Kutadqu-bilik", "Divani-hikmət", "Divani-lüğəti türk" kimi müxtəlif türk ləhcələrində yazılmış əsərlərdə onları yazan müəlliflərin türk kimlik işarəsini vurğulamalarını qabartması "türk dili və türk kimliyi"nin ta qədim dövrlərdən türk düşüncə tarixi üçün aktual etnik-mədəni düşüncə hadisəsi olduğunu göstərir.

Burada haşiyə çıxaraq qeyd etmək istərdik ki, B.Çobanzadənin bu sonuncu "tezisi" bəzən qədim və Orta əsrlərdə "millət", "milliyyət" və "millilik" kimi anlayışların olmamağı, onların müasir dövrümüzdə meydana çıxması haqqında rast gəldiyimiz fikirlərə birmənalı cavabdır. Əksinə, biz deyərdik ki, millilik, milli mənsubiyyət, milli kimlik məsələləri müasir terminologiyalarla olmasa da, qədim və Orta əsrlərdə daha aktual və daha kəskin məna daşıyıb. Təkcə onu demək kifayətdir ki, 

VII əsrdən başlayaraq ərəblərin islam dinini  dünyaya yaymaları müxtəlif xalqlar tərəfindən heç də asanlıqla qəbul edilmədi. Məsələn, ərəblər VII əsrdə Sasani imperiyasının varlığına son qoydular. Bununla farsların çox qədim dövlətçilik tarixi süqut etdi. Ancaq XI əsrdə Əbülqasim Firdovsi özünün "Şahnamə" əsəri ilə farsların milli kimlik düşüncəsini ölməyə qoymadı və həm də müsəlman Şərqində millətçiliyi alovlandıran əsas qaynaqlardan biri oldu. Buna elə həmin əsrdə etiraz edən Yusuf Xas Hacib Balasaqunlu ədəbi ənənədə "türklərin "Şahnamə"si hesab edilən "Kutadqu-bilik" əsərini məhz "Şahnamə"yə cavab və etiraz olaraq yazmaqla türk milli kimlik şüurunun yaşadılması və inkişafında çox böyük rol oynadı. Məhz bu cəhətdən B.Çobanzadənin çıxışındakı "..."Kutadqu-bilik", "Divani-hikmət", "Divani-lüğəti türk"ə dərindən fikir versək, görərik ki, onlar müxtəlif ləhcələrdə yazılıb, müəlliflər bunları "türk əsərləri" və özlərini də "türk" adlandırıblar" fikir-cümləsi çox ağır məna yükünə malikdir və cümlənin fikir nüvəsini "türk dili və türk milli kimliyi" məsələsi təşkil edir.

Qurultayda Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti haqqında çıxış edən N.N.Poppenin məruzəsində qoyulan məsələlər türk dilinin Altay dil sistemindəki yeri və qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşımaqla bərabər, eyni zamanda türk milli kimliyinin tarixi məsələsinin də üzərinə işıq tuturdu.

Ümumiyyətlə, həmin dövr türkologiyasında Altay dilləri dedikdə monqol, türk və tunquz dilləri nəzərdə tutulur və bu dillər eyni kökdən hesab olunurdu. Bu cəhətdən N.N.Poppe göstərir ki, Altay dillərinin müqayisəli tədqiqi tarixində iki əsas dövrü fərqləndirmək olar. Birinci dövrdə Altay dilləri hələ ayrıca qrupla fərqləndirilmədiyi və tədqiqatçılar tərəfindən adı tez-tez dəyişən , üzvlərinə münasibətdə daimi olmayan və indi Altay-Ural adlandırılan bir geniş ailənin üzvü kimi nəzərdən keçirildiyindən həmin dövrü Ural-Altay dövrü adlandırmaq olar. Bunun əksinə olaraq, ikinci dövr onunla səciyyələnir ki, onun lap əvvəlində Altay dilləri digər Ural-Altay dillərinin ümumi kütləsindən təcrid edilərək, xüsusi qrupa ayrılmışdı, çünki bu dövrdə artıq müəyyən etmək mümkün olmuşdu ki, daha sıx qohumluq (Ural-Altay dillərinin qarşılıqlı qohumluğu haqqında ümumiyyətlə danışmaq mümkündürsə) ilk növbədə türk və monqol, həmçinin ola bilsin ki, tunquz dillərini bir-birinə bağlayır.

N.N.Poppenin bu fikrinə "türk dili və kimliyi" kontekstində yanaşdıqda məsələnin ilk növbədə elmdə necə qoyulduğu aydın olur. Müəllifə görə, Altay dilləri (monqol, türk, tunquz) əvvəlcə Ural-Altay dil ailəsinin içərisində hesab edilmiş, sonra bu dil qrupu həmin ailədən diferensiasiya etmişdir. Bu da türk etnik kimliyinin uzaq keçmiş planda Ural-Altay tarixi, ondan sonrakı dövrdə isə Altay tarixi ilə bağlı olduğunu göstərir.

XX əsrin əvvəllərinə aid olan bu yanaşma türk kimlik dünyasının Şərq arealı ilə özünü təsdiq etsə də, burada Qərb arealı ümumiyyətlə nəzərdə tutulmurdu. Yəni türklər həmin dövr tarixçilik ənənəsində Altay, Ural, Uzaq Şərq kimi etnik areallarla əlaqələndirilir, Avropamərkəzçi düşüncəyə sahib olan Qərb tarixçiləri türklərin Qərbi və Cənubi Asiya, o cümlədən Avropa arealı ilə bağlı tarixini yerli-dibli qəbul etmirdilər. 

Qurultayda İrəvandan gəlmiş professor R.Açaryan türk və erməni dillərinin qarşılıqlı təsiri haqqında çıxış etmişdir. O öz çıxışına məruzəsinin lap əvvəlində Qafqazın türk tarixinin təhrifi ilə başlamışdır: "1021-ci ildə türklər ilk dəfə Ermənistana qədəm qoydular və qısa bir müddət ərzində bütün ölkəni ələ keçrib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk-tatar tayfaları (səlcuqlar, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar) yanaşı yaşamışlar. Bu birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrə səbəb oldu..."

Çıxışda diqqəti cəlb edən ilk fakt guya türklərin 1021-ci ildə Ermənistanı işğal etməsidir. Belə ki, 1021-ci ildə Qafqazda Ermənistan adlı dövlət olmuş və türklər onu işğal etmişlər. Bu fakt ermənilərin özlərinə saxta tarix yaratmalarının, türk tarixini, xüsusilə Azərbaycan türklərinin, o cümlədən Qafqazın tarixini təhrif etmək siyasətinin çox-çox əvvələ gedib çıxdığını göstərir. Hazırda Azərbaycan tarixçilərinin gəldiyi yekdil qənaətə görə, vaxtilə mövcud olmuş Ərməniyyə dövləti ermənilərə məxsus, onların yaratdığı dövlət olmamışdır. Bunun inkarolunmaz sübutu Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındadır. Əsərin qadın qəhrəmanı Şirin Ərməniyyə hökmdarı Məhinbanunun qardaşı qızıdır. Şirin Sasani şahzadəsi Xosrova dəlicəsinə aşiq olur. Məhinbanu Şirinə fars şahzadəsi ilə münasibətləri zamanı özünün türk kimliyini, türk şahzadəsi olduğunu, türk şahlarının nəslindən gəldiyini bir an da olsun unutmamağı məsləhət görür:

Əgər o aydırsa, biz afitabıq,

O - Keyxosrov, bizsə - Əfrasiyabıq.

Keyxosrov fars mifologiyasında farsların ulu əcdadı, ilk atasıdırsa, Əfrasiyab da türk mifologiyasında türklərin ulu əcdadıdır. Beləliklə, aydın olur ki, Ərməniyyə türk dövlətidir və onun hökmdarı Məhinbanu da türk kimliyinin daşıyıcısıdır. Bu cəhətdən R.Açaryanın türklərin (səlcuqların) 1021-ci ilə Ermənistanı işğal etməsi haqqındakı məlumatı tam yalan olub, erməni hiyləgərliyinin bariz nümunəsi idi.

R.Açaryan öz çıxışında türk dilinin erməni dilinə çox güclü təsir göstərdiyini qeyd edir. Onun məruzəsində bir məqam xüsusilə diqqət çəkir: "Bir dildən digərinə adətən isimləri, bəzən yalnız sifətləri və çox nadir hallarda feilləri iqtibas edirlər. Saylar, həmçinin bağlayıcılar və zərflər iqtibas olunmur. Lakin erməni dilinə bütün bu elementlər eyni dərəcədə nüfuz edib. Bir çox sahələrdə 70, 80 və 90 formalarında çıxış edir. Rodostoda 69-dan 99-a qədər bütün rəqəmlər sırf türk rəqəmləridir".

Burada ən maraqlı məqam feil məsələsidir. Məlumdur ki, bir dildə əgər feillər başqa bir dilin feilləri ilə əvəz olunursa, həmin dil artıq öz kimliyini itirir. Bu cəhətdən türk dili erməni dilinə təsir edərək, onu sintaktik strukturuna qədər dəyişmiş və bu dili qədim və müasir olmaqla iki dilə bölmüşdür.

Əlbəttə, I Türkoloji Qurultayda qoyulan məsələlər, təbii ki, bizim burada qeyd etdiklərimizlə məhdudlaşmayan son dərəcə zəngin və mühüm məsələləri əhatə edirdi. Qurultayda iştirak edən türkoloqların (SSRİ-dən xaricdə yaşayanlardan başqa) 1930-cu illərdə müxtəlif repressiyalara, o cümlədən güllələnmə cəzasına məruz qalmaları qurultayın ana problemi olan türk dili məsələsinin təkcə türk dilinin, sadəcə, elmi problemləri ilə bağlı olmayıb, məhz türk milli kimliyi ilə bağlı olduğunu birmənalı şəkildə sübut edir. Əgər qurultayın qətnamələri həmin sənədlərdə olduğu kimi həyata keçsəydi, o halda SSRİ-də yaşayan türk xalqları son dərəcə zəngin və böyük inkişaf yoluna qədəm qoyacaqdılar. Lakin sovet sosialist maskası altında gizlənmiş velikorus şovinizmi türklüyün böyüməsinə imkan verə bilməzdi. Odur ki, qurultaydan sonra onillikdə - 1930-cu illərdə amansız və qanlı repressiyalar başlandı və 60-cı illərin ikinci yarısına qədər davam etdi. Bu da öz növbəsində türk xalqlarının elmi və mədəni inkişafına amansız və sağalmaz zərbələr vurub, milli kimlik şüurunda nəticələri bu gün də davam edən patalogiyalar yaratdı. 


II Türkoloji Qurultayın çağırılması elmi, mədəni və strateji zərurətdir


I Türkoloji Qurultayın ideyaları yalnız tarixi bir mərhələnin məhsulu kimi qiymətləndirilməməlidir. Bu ideyalar eyni zamanda müasir dövrdə türk dünyasının inteqrasiya proseslərinin nəzəri və ideoloji əsaslarını təşkil edir. Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasəti, milli-mədəni irsin qorunması və ortaq türk kimliyi istiqamətində atılan addımlar bu tarixi irsin davamlılığını təmin edən mühüm amillər sırasındadır. Xüsusilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli-mənəvi dəyərlərin qorunması strategiyası və bu xəttin Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi reallıqlar fonunda inkişaf etdirilməsi Türkoloji Qurultayın ideyalarının praktik müstəvidə yeni mərhələyə yüksəldiyini göstərir. Bu baxımdan qurultayın müzakirə etdiyi dil, terminologiya, ortaq ədəbi dil və kimlik məsələləri bu gün artıq yalnız elmi problem kimi yox, eyni zamanda strateji inkişaf istiqaməti kimi çıxış edir. Lakin kökü bəşəriyyət tarixinin nüvəsinə gedib çıxan, öz gücünü haqdan, ədalətdən alan türklük sovet repressiyaları ilə məhv olmadı: I Türkoloji Qurultayın ideyaları nəsillərin qəlbində yaşadı, cücərdi və nəhayət, türk xalqlarını öz milli kimlik müstəqilliyinə qovuşdurdu. Məhz bu cəhətdən 2026-cı il, sadəcə, I Türkoloji Qurultayın yubiley ili yox, həm də və eyni zamanda türk kimliyinin zəfər yubileyidir. Bu baxımdan I Türkoloji Qurultayın yüzillik yubileyinin qeyd olunması müasir Azərbaycan dövlətinin milli ideoloji xətti ilə birbaşa səsləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət çərçivəsində türk dünyasının inteqrasiyası, ortaq dil və mədəniyyət platformalarının inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu siyasət eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamı kimi, milli kimliyin qorunması ilə yanaşı, onun qlobal miqyasda gücləndirilməsini təmin edir. Beləliklə, I Türkoloji Qurultayın ideyaları yalnız tarixi yaddaşın elementi kimi deyil, həm də müasir dövlətçilik və beynəlxalq münasibətlər sistemində aktiv fəaliyyət proqramı kimi yaşayır və inkişaf edir.

Bütün bunları nəzərə alaraq, tarixi varislik prinsipinə uyğun şəkildə II Türkoloji Qurultayın çağırılması artıq elmi, mədəni və strateji zərurət kimi meydana çıxır. I Türkoloji Qurultay XX əsrin əvvəllərində türk dillərinin, ortaq əlifbanın, terminologiyanın və milli kimliyin qorunması istiqamətində fundamental platforma rolunu oynamışdırsa, XXI əsrdə baş verən qlobal transformasiyalar, rəqəmsallaşma prosesləri, dil mühitinin sürətli dəyişməsi və informasiya məkanında assimilyasiya riskləri yeni yanaşmaların formalaşdırılmasını tələb edir. Bu baxımdan II Türkoloji Qurultay tarixi ənənənin davamı olmaqla yanaşı, eyni zamanda türk dünyasının ortaq dil siyasətinin, vahid terminoloji sisteminin, rəqəmsal dil resurslarının və ortaq mədəni platformalarının müəyyənləşdirilməsi üçün mühüm beynəlxalq elmi-siyasi platformaya çevrilə bilər. Belə bir qurultayın keçirilməsi türk xalqları arasında inteqrasiyanı daha da dərinləşdirəcək, milli kimliyin qorunması ilə yanaşı, onun müasir dünyada rəqabətqabiliyyətli inkişafını təmin edəcəkdir. Bu mənada II Türkoloji Qurultayın çağırılması artıq seçim yox, tarixi zərurət kimi çıxış edir və bu təşəbbüsün Bakıda reallaşdırılması həm simvolik, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.


Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!