03 Noyabr 2022 01:11
1248
İQTİSADİYYAT
A- A+
Himayədar ailə

Himayədar ailə

 

Azərbaycanda yeni mexanizmin ilkin mərhələsi üzrə elektron qeydiyyat başlayıb

 

Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri də Himayədar ailə institutudur. Bu model dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. 
Bir çox ölkələrdə himayədar ailə modelindən istifadə edilir. Bununla valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməklə onların normal həyatı təmin olunur. Təbii ki, himayədar ailə olmaq üçün həmin şəxslərə müəyyən tələblər qoyulur.  
Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" fərmanının icrası işləri çərçivəsində "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata keçiriləcək. 
Fərmana əsasən, himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə olmaq istəyən ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu elektron qaydada aparılacaq. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  həvalə edilib.
Bu məqsədlə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemində yeni funksional imkanlar yaradılmaqla e-sistem təkmilləşdirilib.
Himayədar ailə olmaq istəyənlərin və ailəyə verilmiş uşaqların vahid uçotu həmin altsistem vasitəsilə elektron qaydada aparılacaq. 
Qeyd edək ki, himayədar ailə - ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan bir mexanizmdir. Məlumat üçün bildirək ki, himayədar ailə modeli övladlığa götürmədən fərqlənir. Prosedur müəyyən qədər eyni olsa da, himayədar ailədə uşaqların saxlanılması üçün xərclər qarşılanır. 

 

Himayəyə götürülən uşağın xərcləri dövlət tərəfindən ödəniləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov qəzetimizə açıqlamasında deyib ki, dövlət başçısının 15 fevral 2022-ci il tarixli fərmanı ilə noyabrın 1-dən nazirliyə bəzi səlahiyyətlər verilib. Bunlardan biri də himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə, himayədar valideynlərin elektron uçotunun aparılmasıdır. Onun sözlərinə görə, himayədar ailə alternativ ailə, qayğı formasıdır, yəni valideyn himayəsindən məhrum olmuş uşaqlar qayğıya cəlb edilməklə onların ailə mühitində yaşaması təmin edilir. Himayədar valideynlər nazirliyin elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemində yaradılmış müvafiq e-sistemdən qeydiyyatdan keçməklə himayədar valideyn adı qazanır və müəssisədə olan uşaqları himayəyə götürürlər. 
Uşaqların xərclərinin qarşılanması üçün onlara dövlət tərəfindən müavinət təyin olunur. Övladlığagötürmədən fərqli olaraq  burada uşaqla valideynlər arasında ata-ana-övlad münasibəti yaranmır. Himayədar ailə professional xidmətdir. Burada məqsəd uşağın müəssisəyə düşməsinin qarşısını almaq, onun ailə mühitində yaşamasını təmin etməkdir. Müəssisədə qayğı, uşağın fiziki, psixoloji inkişafı daha zəif gedir, nəinki ailə mühitində. Eyni zamanda ailədə uşaq sosiallaşır, cəmiyyətə qaynayıb, qarışır. 
Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində belə müəssisələrin ləğv olunması istiqamətində addımlar atılır.  Bunun  yerində ən pis halda kiçik qrup evlərin, yəni 5-6 nəfərlik evlərin yaradılması mexanizmi işlənilir. Birinci prioritet uşaqların öz ailələrində qalması, ikincisi övladlığa verilməsi, üçüncüsü isə himayədar ailə xidmətindən faydalanmaqla ailə mühitində yaşamasıdır. 
Şöbə müdiri deyir ki, uşaqların xərcləri ölkədə yaşayış minimumu əsas götürülərək ödəniləcək. 2022-ci ilə görə uşaqlar üçün yaşayış minimumu 210 manatdır. Aylıq olaraq yaşayış minumumu və bundan əlavə ailə üçün stimullaşdırıcı məbləğ formasında vəsait nəzərdə tutulub. Eyni zamanda stimullaşdırıcı məbləğə uşağın mövsümi geyim xərclərinin qarşılanması üçün birdəfəlik ödəmələrin verilməsi də planlaşdırılır.  
Fərhad Ələkbərov qeyd edir ki, himayədar ailə beynəlxalq təcrübədə geniş tətbiq olunan mexanizmdir: "Türkiyədə 8 minə yaxın himayədar ailə var. Avropa ölkələrində də bu model geniş tətbiq olunur. Azərbaycanda himayədar ailə mexanizmi qanunvericilikdə nəzərdə tutulsa da, bu vaxta qədər tətbiq olunmurdu". 

 

Kimlər himayədar ailə ola biləcək?

 

Ailə Məcəlləsinə görə, 18 yaşa qədər şəxslər uşaq hesab olunur. Bunu nəzərə alan F.Ələkbərov bildirir ki, himayədar ailə xidmətlərindən bu yaşa qədər valideynlərini itirmiş, valideynləri tərəfindən müəssisəyə tərk edilmiş uşaqlar faydalana bilərlər. Himayədar valideynlərlə bağlı isə yaş tələbi yoxdur. Himayədar valideynin gəliri olmalı, məhkumluğu, yoluxucu xəstəlikləri olmamalıdır. Əvvəllər valideyn hüququndan məhrum edilmiş, övladlığa  uşaq götürmüş, daha sonra onun səhvinə görə bu hüququ ləğv edilmiş şəxslər uşaq himayəyə götürə bilməzlər. Ümumilikdə kişi, qadın, evli, subay olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşları himayədar valideyn ola bilərlər. Övladları olan evli şəxslər də himayəyə uşaq götürmək hüququna malikdirlər. 
Şöbə müdirinin sözlərinə görə, noyabrın 1-dən etibarən nazirlik himayədar valideyn olmaq istəyən şəxslərin ümumi qeydiyyatını aparır. Onlar ümumi qiymətləndirmədən keçiriləcək, nəzərdə tutulan meyarlara uyğunluğu yoxlanılacaq, profilaktik söhbət aparılacaq. Layihə təsdiq olunduqdan sonra isə prosesə başlanılacaq. Həmin şəxslər rəsmi olaraq uşaq himayəyə götürə biləcəklər. Övladlığagötürmə qaydalarındakı kimi himayədar ailə mexanizmi üçün də müraciətlər elektron şəkildə həyata keçiriləcək. Himayədar valideynlər notariusdan ərizə alaraq nazirliyin altsistemində qeydiyyatdan keçməklə müraciət edə biləcəklər. Sonra onlarla müsahibə keçiriləcək, ev şəraitləri, sənədləri yoxlanılacaq, lazım bilinərsə, nazirlik tərəfindən təşkil olunmuş təlimlərə cəlb olunacaqlar. Daha sonra himayədar valideynlərlə uşaqların seçimi aparılacaq. 
Fərhad Ələkbərov deyir ki, uşaq seçimi də övladlığagötürmə qaydalarındakı kimidir. Yəni həmin şəxs elektron qeydiyyatdan keçdiyi zaman uşağın yaş aralığını, cinsini və digər məlumatları qeyd edirlər. Müəssisədə meyarlara uyğun uşaq olarsa, həmin şəxslərə təklif olunur, uşağın şəkilləri, videogörüntüləri göstərilir. Onlar seçim etdikdən sonra müəssisədə uşaqla namizəd arasında görüş təşkil olunur. Onların bir-birinə uyğunlaşması müşahidə edilir. Bundan sonra heç bir problem olmazsa, uşaq ailəyə yerləşdirilir. Övladlığagötürmədən fərqli olaraq bu müvəqqəti xidmət olduğundan, ailəyə ödəniş edildiyindən ailə nəzarət altında saxlanılır. Aylıq əsasda monitorinqlər keçirilir. Uşağın yaşayışı, ona qulluq vəziyyəti, təlim-tərbiyəsi, ona qarşı münasibətdə hər hansı neqativ hallar yoxlanılır. Neqativ hal müşahidə edildikdə tövsiyə verilir, istiqamətləndirici görüşlər keçirilir. Əgər bu hallar kəskindirsə, uşağın həyat və sağlamlığı üçün təhlükə yaradırsa, uşaq dərhal ailədən götürülür və yenidən müəssisəyə yerləşdirilir. 
Şöbə müdiri bildirir ki, bu mexanizmin Azərbaycanda necə işləyəcəyini müəyyənləşdirmək üçün araşdırmalar aparılıb. Bunun din, mədəniyyət və cəmiyyət baxımından bizə yaxın olan Türkiyədə uğurlu tətbiq olunduğu müşahidə edilib. Eyni zamanda layihəyə başlamazdan əvvəl elektron sorğu keçirilib və kifayət qədər maraqlı nəticələr əldə olunub. Belə ki, respondentlərin böyük əksəriyyəti bu mexanizmin tətbiq olunacağı halda qeyd-şərtsiz hər hansı ödəniş olmadan belə uşaq himayəyə götürüb baxa biləcəklərini bildiriblər. 
F.Ələkbərov vurğulayır ki, bu model Azərbaycan cəmiyyəti üçün yad deyil: "Cəmiyyətdə kifayət qədər ailələr var ki, öz qohumunun, qonşularının övladlarını götürüb saxlayır, qeyri-rəsmi qayğı göstərirlər. Buna görə hər hansı ödəniş almırlar. Hüquqi mexanizm formasında təsdiq edilməsi bu qayğını daha cəlbedici edəcək. Mexanizm yeni olduğu üçün ilk vaxtlarda müraciət sayı az və ya müəyyən problemlər ola bilər, amma bunlar zamanla həll olunacaq. Məsələn, Türkiyədə bir neçə onillikdir ki, bu mexanizm tətbiq olunur, əvvəlki illərdə himayədar valideynlərin sayı az olsa da, hazırda dövlətin diqqəti sayəsində onların sayı artıb". 
Beynəlxalq araşdırmalar, hesabatlar göstərir ki, uşaq üçün ailə qayğısı müəssisədə olan qayğıdan daha yaxşı və keyfiyyətlidir. Müəssisədə uşaqlar daha qapalı mühitdə olur, internat tipli məktəblərdə həm yaşayır, həm də orada təhsil aldıqları üçün  cəmiyyətdən uzaqlaşırlar. 
Şöbə müdiri fərmanla nazirliyə verilən ən önəmli səlahiyyətlərdən birinin uşaqların ailələrinə reinteqrasiyası ilə bağlı olduğunu deyir. Bu gün müəssisələrdə bir və ya iki valideyni olan kifayət qədər uşaq var. Müəyyən səbəblərdən həmin şəxslər uşaqlarını müəssisəyə qoymaq məcburiyyətində qalıblar. Onlara sosial dəstək göstərməklə, onlarla hüquqi işlər aparmaqla həmin uşaqları ailələrinə qaytarmaq imkanı var. Uşaq hüquqları haqqında konvensiyada da deyilir ki, əsas prioritet hər bir uşağın öz ailəsində  yaşaması olmalıdır. Təbii ki, öz ailəsində şiddət, hər hansı ciddi neqativ hal yoxdursa. Bu mümkün olmadıqda digər alternativ, ən uyğun qayğı növlərindən birini seçmək mümkündür.

 

Uşaqların hüquqları və dövlət siyasəti

 

Ümumilikdə, himayədar ailə modelinin tətbiqi ölkədə valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş, ailə ocağına ehtiyacı olan uşaqların himayəyə alınmaqla onların gələcək inkişafına, cəmiyyətə inteqrasiyasına, daha  normal mühitdə yaşamasına dəstək verəcək. Xarici ölkələrdə geniş yayılmış belə bir mexanizmin Azərbaycanda tətbiqi bu kateqoriyadan olan uşaqların fərd kimi formalaşmasında da mühüm rol oynayacaq.  Hər bir uşağın təhsil almaq, inkişaf etmək, həyat və sağlamlığının mühafizəsi, tərbiyə almaq, maddi təminat, ailədə yaşamaq hüquqları var. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!